Axar.az AMEA Tarix İnstitutunun Fazil Mustafanın
çıxışına qarşı yaydığı tarixçi-alim Dilavər Əzimlinin yazısını
təqdim edir:
Azərbaycan tarixinə qarşı əməlli-başlı hücumlar başlayıbdır.
Bunun başında duran şəbəkə özünün əlaltılarına artıq fitini
veribdir. Bu mənada yenidən gündəm qarışdırılmışdır. Bunun önündə
də Fazil Mustafa gedir.
Ona səs verənlərdən biri də İbrahim Seldir. Cənab Fazil, ona
niyə cavab vermirsən? Azərbaycanı bütünlüklə İrana bağlayır. Sən
Yaqub Mahmudovu tarixçi kimi qəbul etmirsən. Düzdü, edə bilməzsən
də... Çünki onun səviyyəsinə çatmaq lazımdır. Bu gün sənin kimilər
Şah İsmayıla, Azərbaycan dövlətçiliyinə hücum etdiyi halda, Yaqub
Mahmudov Sankt-Peterburqa hazırlaşır. Bilirsən niyə? Orada bir elmi
konfrans keçirilir. Həm də siyasi məqsədlərə xidmət edir. Konfrans
numizmatikaya həsr olunubdur. Erməni numizmatikləri sentyabrın
29-da orada çıxış edəcəklər. Mövzuları bilirsən nədir: Naxçıvanın,
Gəncənin, İrəvanın, Qarabağın ermənilərə məxsus olduğunu sübut edən
numizmatik materiallar...
Yəqin ki, xəbərin vardır. Ora bizim alimləri dəvət etməyiblər.
Amma Yaqub Mahmudov hələ keçmiş SSRİ-də məşhur numizmatik sayılan,
indi də fəaliyyətini davam etdirən Əli Rəcəblini də götürüb birbaşa
ora gedəcəkdir. Çox dəyərli məruzələr hazırlayıblar. Bu həm də
həyati bir riskdir. Yaqub Mahmudov dəfələrlə belə risklərlə üz-üzə
gəlib, ancaq qalib çıxıbdır! Yaqub müəllim həmin konfransa düşmək
üçün özünün şəxsi dostlarından istifadə edir. Onlar orada birdən
peyda olub, erməniləri susduracaqlar. Sən özünü tarixçi sayırsansa,
nə əcəb ora getmirsən. Çünki sənin maliyyə imkanın yaxşıdır.
Əksinə, fəaliyyətin bizə qarşı hücuma keçənlərlə üst-üstə düşür. Bu
baxımdan Yaqub Mahmudovu qəbul etməzsən də...
Sənin adını çəkdiyin Toynbi türk düşməni olmuşdur. O zaman
İngiltərədə yaranan komissiyaya onun adını saldılar və Osmanlı
imperiyasında qondarma erməni soyqırımının baş verməsi haqqında
qalaq-qalaq məqalələr yazdı. Nə əcəb Osmanlı düşmənini bu qədər
sevirsən? Bu yəhudi əsilli alim əslində, öz əsərlərini də məqsədli
şəkildə yazmışdır.
Sən Faruq Sümeri oxumamısan. Çünki Faruq Sümer Səfəviləri
Azərbaycan dövləti sayır və Şah İsmayıla böyük şəxsiyyət kimi
yanaşır. Sadəcə olaraq, o, Əhməd Zəki Vəlidi Toğanın səhvini təkrar
edib və səfəviləri kürd əsilli yazıb. F.Sümer görkəmli tarixçimiz
Oktay Əfəndiyevin tənqidindən sonra öz səhvini etiraf etmişdir.
Fazil bəy, sən tarixçi ola bilməzsən. Fəzail Ağamalı düz deyir
ki, beş il təhsil almasan, tarixçi məntiqin ola bilməz. Əslində, bu
səndə özünü göstərir. Höte deyirdi ki, zamanından asılı olaraq,
dünya tarixi yenidən yazılmalıdır. Ona görə yox ki, nəsə baş verir.
Bu ona görə olmalıdır ki, yeni nəzəriyyələr yaranır, tarixə baxış
dəyişir.
Əhməd Zəki Vəlidi Toğan nəhəng türk tarixçisidir. Amma indi onun
zamanı deyildir. Bir zamanlar deyirdilər ki, biz Altaylardan
gəlmişik. Amma indi araşdırmalar sübut etdi ki, biz min illər
Azərbaycan ərazilərində yaşamışıq. İndi bunu qəbul etməyək ki, bunu
Əhməd Zəki Vəlidi Toğan deməyib?
Və yaxud tez-tez Cümhuriyyət liderlərinin adlarından istifadə
edirsən. Onlara toxunma! Onlar bizim simvollardır. Amma tarix,
tarixdir. Onların zamanında müstəqil Azərbaycan tarixşünaslığı yox
idi. Bir də istəsən də, istəməsən də bu gün müstəqil Azərbaycan
tarixşünaslığı inkişaf edir. Onun önündə tarixçilər komandası
gedir. Onun baş komandanı da Yaqub Mahmudovdur. Onun familyasını
yazanda heç olmasa, düz yaz. Sən ki, hüquqşünassan!
Biz də fəxr edirik ki, Yaqub Mahmudovun rəhbərliyi altında tarix
yazırıq və bizim tarix elmimizə qarşı olan bütün hücumların
qarşısını alacağıq!