Fazil bəy hələ də başa düşmür ki, biz onunla nəyə görə
döyüşürük? Başa düşür, amma söz fırlayır.
Axar.az xəbər verir ki, bu sözləri tarixçi-alim Dilavər Əzimli
millət vəkili Fazil Mustafa ilə yaşanan mübahisəyə cavab olaraq
yazıb. AMEA Tarix İnstitutunun yayımladığı cavabda daha sonra
bildirilir:
"Fazil bəy, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
Tarix İnstitutunda tarixçilər komandası yetişibdir. Bu, Yaqub
Mahmudovun əməyidir. İnstitutda qədim dilləri, ərəb və fars
dillərini bilən tarixçilərin sayı artmaqdadır. Gözümüzə öz
kitablarını soxursan. Şəxsən mənim üçün maraqlı deyildir. Çünki
mənim oxuduqlarım ondan qat-qat əhəmiyyətlidir. Mənim şöbə müdirim
rəhmətlik Oktay Əfəndiyev deyirdi ki, əsl alim bütün ömrü boyu
iki-üç monoqrafiya yaza bilər. Doğrudan da dünyanın əksər nəhəng
tədqiqatçıları həyatında iki və yaxud üç monoqrafiya yazıblar.
İstinad etdiyin Əhməd Zəki Vəlidi Toğan da, Faruq Sümer də
belələrindəndir. Çünki bir monoqrafiyaya an azı ömrünün 15-20 ilini
verməlisən. Bu mənada gündə bir kitab yazanlar yalnız ondan-bundan
köçürürlər.
Fazil bəy, Yaqub Mahmudov bizim instituta gələndən sonra əsl
inqilab baş verdi. Bütün dövlər işlənməyə başlandı. Dünyanın bütün
arxivləri bizim instituta gətirildi. Bunu Yaqub müəllim şəxsi
kanalları ilə etdi.
Yazırsan ki, institutda Dilavər Əzimlinin müridləri mənə qarşı
hücum edirlər. Görünür ki, sən mürid və mürşid məsələlərini yaxşı
bilmirsən. Çünki söykəndiyin təriqətlər ona qarşı olubdur. Səninlə
teledebatda olanda da bunu anlamadın və qəbul etmədin. Mənə zəncir
fəlsəfəsindən yazmağımı irad tutursan. Mən zəncir fəlsəfəsindən
yazmamışam. Bu sənin işindir. Çünki hüquqdan yaxşı bilgin olmadığı
üçün fəlsəfəyə girişdin. Fəlsəfəyə kim istəsə, gedə bilər. Çünki nə
istəsən, yaza bilərsən. Elmin var idisə, hüquqdan müdafiə edərdin.
Bu sənin ixtisasın idi. Amma nə edək, etmisən də...
Fazil bəy, mən zəncir vurmuşam. Etiraf edirəm. Amma bunu sən
anlamazsan. Lənkəran batalyonu "Ya Hüseyn, ya Hüseyn" deyə-deyə
ermənilərin mühasirəsini yarıb və onlara "Qurtuluş" batalyonu səs
vermişdi. Onlar qızılbaşlar idi. Sən qızılbaşlığı qəbul etmirsən.
Çünki təriqət baban - FETÖ bunun əleyhinədir.
Mən səndən nə istəyirəm: deyirəm ki, sözlərinə sərhəd qoy,
təhqirə keçmə! Ayıbdır! Sən isə yazanda "axmaq" sözünü işlədirsən.
Bu sənin səviyyəndirmi? Yaxud hardan bilirsən ki, mən tarixi
bilmirəm. Sən özün etiraf etmisən ki, o, yaxşı tarixçidir, amma düz
danışmır. İndi isə dediklərini danırsan. Həmişə belə olmusan.
Dediklərini dərhal danırsan. Sən deyildin ki, şiələrə siğələrdən
əmələ gələnlər deyən? Sən deyildin ki, nurçuların məktəbləri
bağlananda hay-küy salan? Sən deyildin ki, Fətullah Güləndən sarı
yaxa cıran? İndi isə hamısını danırsan.
Mənim fazillik problemim yoxdur. Sənə də həmişə məsləhət
görmüşəm ki, get hüquqla, fəlsəfə ilə məşğul ol. Sən həvəskar
tarixçi ola bilərsən, amma peşəkar ola bilməzsən. Mənim müdafiə
işimdə 600-ə qədər ədəbiyyat var. Bunları iki mindən yuxarı
ədəbiyyatdan seçmişəm. Yəni, iki min ədəbiyyata baxmışam. İndi sən
deyirsən ki, savadsızsan. Mən BDU-nu səndən fərqli olaraq fərqlənmə
ilə bitirmişəm. Aspiranturanı da fərqlənmə ilə bitirmişəm.
Rəhmətlik Ziya Bünyadov məndən dövlət imtahanı götürüb. Daha sonra
Ziya müəllim məni Şərqşünaslıq İnstitutuna dəvət etdi, amma
getmədim, dedim ki, biz SSRİ-nin dağılması uğrunda döyüşürük. Onda
səninlə eyni cərgədə döyüşürdük. Mənə dedi ki, peşman olacaqsan,
gəl bizimlə işlə. O zaman farsca təmiz bilirdim, amma getmədim.
İndi düşünürəm ki, nahaq getmədim. Çünki onun dediyi düz çıxdı. O
demişdi ki, Elçibəyi ətrafı yaman günə qoyacaq və heç biri ona
sədaqətli çıxmayacaq. O zaman inanmadım. Amma bunun şahidi
oldum.
Mənim səninlə ədavətim yoxdur. Sadəcə sən Azərbaycanın tarixi
şəxsiyyətlərini təhqir edirsən. Buna görə də sənə hücum edirik.
Sənin kimilərinin fəaliyyətinə qarşı da orta məktəblərdə Yaqub
Mahmudovun rəhbərliyi altında "Tarixi şəxsiyyətlərimizə sahib
çıxaq" lahiyəsini davam etdiririk. Çünki bu ölkədən başqa heç bir
ölkədə öz tarixi şəxsiyyətlərini təhqir etmirlər.
Sonda bir daha vurğulayıram ki, nə zaman tarixi
şəxsiyyətlərimizə qarşı çıxsan, qarşında məni görəcəksən!
P.S. Fazil bəy, adam böhtan atmaz. Sən palçığa batmısan və çıxa
bilmirsən. Bu palçığın adı isə FETÖ-dür!"