Meydanı bilərəkdən bir neçə günlüyə boş buraxmışam.
Sərçələr, bildirçinlər şad-xürrəm uçuşurlar, taxıla çevrilmiş elm
zəmisinin bu başından o başına mayallaq aşırlar.
Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa
AMEA Tarix İnstitutunun alimlərinin onun Səfəvilərlə bağlı
fikirlərinə verdikləri cavablara reaksiya olaraq sosial şəbəkədə
bildirib.
F.Mustafa ona bəsit cavablar verildiyini vurğulayıb:
"Adını ilk təfə duyduğum tarixçi-alimlər, tarixsiz alimlər eninə
uzununa bəndənizə cavablar yazırlar. Hamısı da bəsit, əzbərçi,
təfəkkürlə əlaqəsi olmayan cavablardır... Qərara almışam ki, bu
sərçələrə və bildirçinlərə ayrı-ayrılıqda güllə sərf etməyim.
Yenidən bir artileriyya zərbəsi hamısına kifayət edəcəkdir.
Xatırlayıram, illər öncə bizim qonşuluqda yaşayan, ömrünün
90-ını haqlamış savadsız bir nənə vardı. Qarınağrısına tez-tez
tutulduğundan "tetrasiklin" deyilən məşhur dərman xalatının
cibindən əksik olmazdı. Bundan başqa dərman tanımadığına görə başı
da ağrıyanda "tetrasiklin" atardı. Bu cür tarixçi alimlərin durumu
təqribən böylə. Fikrin səhih əsaslandırılması yox, mühakimə yanlış,
gəldiyi nəticə isə ümumiyyətlə öz-özünü təkzib edəcək mahiyyətdə.
Məsələn, bəndənizə xitabən yazırlar ki, gəlin keçmişə güllə
atmayaq! Oturub düşünürsən ki, bunun alternativi olsa-olsa, "Gəlin
keçmişimiz əvəzinə gələcəyimizə güllə ataq!" deməkdir. Bu
"müdriklər" hələ da anlamırlar ki, keçmişə güllə atırıq ki,
tariximizin xarabalıqlarına doluşmuş qarğalar, kəsəyənlər qaçıb
dağılışsınlar və az-çox izi qalmış o gözəl mənzərələri, faydalı
dəyərləri seçib-ayıra bilək. Bu bəsit çağırışdan belə anlaşılır ki,
keçmişə deyil, məhz gələcəyə güllə atmaq lazımdır.
Yaxud da filan alimlə işiniz olmasın, filan konfransda və ya
tədbirdə erməniləri susdurub. Ümumiyyətlə, bu ermənini necə
susdururlar? Hər zaman bu sual məni düşündürür. Ya boğazına
qurğuşun tökməlisən, ya dilini boğazından çəkib çıxarmalısan, ya da
ağzını xüsusi yapışdırıcı ilə bağlamalısan. Yerindən duran ermənini
susdurduğunu bəyan edir, o zaman bu danışan ermənilər haradan peyda
olurlar, doğrusu, anlamaqda çətinlik çəkirəm.
Bu ilin mayında Özbəkistanda olarkən bir özbək ziyalısından
soruşdum ki, özbəklərin Teymur sevgisinin motivini necə izah edə
bilər? Dedi ki, siz Səmərqəndi, Buxaranı gəzin, özünüz cavabı
tapacaqsınız. Həqiqətən də bu şəhərlərdə gördüyüm onlarla möhtəşəm
mədrəsə binaları anlatdı ki, Teymurun cahangirliyi onlar üçün
gəlib-getmiş bir nağıldır, əsas dəyər bu elm, tədris məkanını miras
buraxmasıdır. Bizdə əsasən üç öyündüyümüz və təbliğ etdiyimiz tarix
abidəsi var, bunlar da Atəşgah, Qız Qalası və Şirvanşahlar
sarayıdır. Və heç biri məktəb deyil, rəsədxana deyil... İlk Qız
məktəbimizi isə Zeynəlabidin Tağıyev nadan mollaların müqavimətini
qıraraq, hətta Məkkədən bunun şəriətə zidd olmaması barədə kağız
gətirərək qura bilmişdir. Bir millətin şərəfli saydığı tarix məhz
onun məktəbinin qurulduğu tarix sayılmalıdır.
Ona görə də keçmişə güllə atmaqdan qorxmayın, ölən qarğalar,
bayquşlar və kəsəyənlər olacaq. Güllərdən, bülbüllərdən nigaran
qalmayın..."