Növbəti Bilik Evi İsmayıllıda açıldı. İsmayıılı Rayon
İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun təşəbbüsü ilə yeni
Bilik Evi regional istiqamətdə fəaliyyət göstərəcək. Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunun potensialı, Bilik
Evi üçün ayrılan binanın quruluşu və şəraiti, həm İsmayıllıda, həm
də ətraf bölgələrdə yaşayan insanların istəkləri fəaliyyətin məhz
regioanl xarakterli olmasını özündə etiva edir.
Oxucunun Bilik Fondunun potensialından xəbəri var, İsmayıllı
Regional Bilik Evi üçün ayrılmış binanın şəkilləri onun əzəmətini,
biliyin beşiyi olmağa yaraşdığını aydın göstərir. Qaldı biliklənmək
istəyən insanların arzularının real təcəssümünə - onu da göstərmək
peşəmdir.
Bilik Fondu yarandığı 2014-cü il mayın 7-si tarixindən hər
addımında biliyin, vətənpərvərliyin, dövlətçiliyin tərənnümü,
təbliği və təşviqatını fəaliyyətinin strategiyası elan edib. Məhz
ölkənin birinci şəxsinin tövsiyə və tapşırıqlarına layiqincə əməl
etmək Prezidentin yanında yaradılan Fondun sözün bütün mənalaraında
borcudur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
fikrini xatırladaq: "Mən istəyirəm ki, gənclərimiz vətənpərvər,
peşəkar, bilikli, savadlı olsunlar, Vətən sevgisi ilə böyüsünlər".
İstəyiniz istəyimiz, tapşırığınız məqsədimizdir, cənab
Prezident.
İsmayıllıda Bilik Evinin hələ rəsmi açılışı olmamış, yerli
nümayəndəliyə 85 ərizə daxil olub. Onlara xarici dillərdə
danışmağı, peşə qabiliyyətləri, mütaliə vərdişləri, yaradıcılıq
bacarıqları, ümumi dünyagörüşünə malik olmağın sirrlərini
öyrətməyimizi xahiş edirlər. Artıq Bilik Fondunun rəhbərliyi hər
qrupda 10 nəfər dinləyici olmaq şərti ilə ödənişsiz ingilis və rus
dili kurslarının başlanması əmrini hazırlayıb. 9 aydan sonra daha
20 nəfəri qazanacağıq.
Bilik Fondunun yerli nümayəndəsi, İsmayıllı şəhər 5 nömrəli tam
orta məktəbin direktoru Elçin Məmmədovdan rayon gənclərinin dil
öyrənməyə bu qədər həvəs göstərmələrinin səbəblərini soruşuram.
Deyir ki, onların əksəriyyəti turistlərə Azərbaycan barədə məlumatı
özləri vermək istəyirlər. Neçə gənc əcnəbi qonaqların yanında başqa
şəhərlərimizdən tərcüməçilər olanda onlara xoş gəlmədiyini etiraf
ediblər. Belə deyirlər: "Axı Bakıdan gələn tərcüməçi İsmayıllı
barəsində bizdən yaxşı danışa bilməz".
Dinləycilərdən birinin rus dili öyrənmək istəyinin qeyri-adi
səbəbi var. Elçin müəllim adını çəkmir, amma həmin gəncin
qardaşının bəhsinə düşdüyünü deyir. Qardaşı rus dilini yaxşı bilir
və işdən sonra Rusiyanın televiziya kanallarından sərbəst filmlərə
baxır. Onun kiçik qardaşı da film həvəskarıdır, sadəcə dili
anlamır, böyük qardaşından soruşur; o, bir cavab verəndə iki susur,
hətta kiçik qardaşını savadsızlıqda qınayır. Beləliklə, qınağa tuş
gəlməyə son qoymaq arzusu ilə bizim qəhrəmanımız Bilik Evinin
qapısını gəlib. Bilik qapısı həmişə açıqdır.
Hələ İsmayıllıda kurslar başlamayıb, yazdıqca yazıram. Əminik, 9
aydan sonra belə mətni kursun dinləyicilərinin özləri yazacaqlar.
Biri rus dilində, biri ingilis, o biri Azərbaycan dilinin orijinal
üslubunda...
Qax, Oğuz və Şəmkir Bilik Evlərində artıq ilk kurslar başa
çatıb. İngilis, rus dillərini və kompyuter texnologiyalarını onlara
seçilmiş yerli müəllimlər öyrədiblər. Dərslər fərqli biçimdə
keçirilib. İk saatlıq təlimlərin son yarım saatı dinləyicilərə
Azərbaycan haqqında ümümi bilgilərin verilməsinə həsr olunub.
Əsasən multikulturalizmin Azərbaycan modeli, tolerantlığın xalqın
gen yaddaşındakı rolu, bugünün daxili və xarici siyasətində
birgəyaşıyış mədəniyyətinin süjet xətti təşkil etməsi kurs
dinləyicilərinə həm öz ana dilimizdə, həm də xarici dildə ətraflı
şəkildə çatdırılıb. Multikulturalizm hər dildə eyni mahiyyəti
daşıyır, ona xalqların münasibəti fərqlidir. Əsasən inkişaf
edildiyi iddia olunan Avropa və Qərb xalqlarının. Dərslərdə bu
ayrıntılar detalları ilə öyrəncilərə çatdırılıb, onların
dünyagörüşlərinin zənginləşməsinə səy göstərilib. Dinləyicilərlə
söhbətimizdə təlimlərin ikinci mərhələsinə qoşulmaq istəyənlərin
kifayət qədər olduğunu gördük. Daha təkmil öyrənmək məqsədləri
var.
Oğuzda Bilik Evinin "Yaradıcılıq fakültəsi"ndə təlim keçən
Bəxtiyar Həbibullayevlə söhbətləşirik. Hekayələr yazıb, şeirləri
var. Özü rəqs müəllimidir. Şahmatda nəticələr göstərib, güləşçi
kimi də tanınır. Yazmağı əsas işi hesab edir. Yaradıcılıq kursuna
yazılandan və beş-altı dəfə dərsə gələndən sonra bilıb ki, şeirin
də içində sözlərlə "rəqs etmək" olar, nəsrin də. Yetər ki, yazı
məkanında özünə meydan tapasan. Yaradıcılığın incəliyini tanınmış
yazıçı-publisist, şair Cəlil Cavanşirdən öyrənib. "Oxucu klubu"nda
kitablar oxuyub, müzakirə edərlərmiş, filmlərə baxıb,
təəssüratlarını bölüşərlərmiş. Beləcə Bəxtiyar yazmağın qaydalarını
dəqiqləşdirib. Rəqqas, şahmatçı, güləşçi həm də yazardırsa, hazır 3
obrazı var. Hekayəsində rəqqası, şahmatçını, güləşçini başqaları
ilə müqayisədə daha dolğun yaradacaq. Buna baxmayaraq, Bilik
Fondunun növbəti kursuna qatılmaqda israrlıdır. Elə yaradıcı adamın
birinci uğuru doğrunu seçərək ona can atmasıdır. Maraqlıdır,
ingilis, rus dilləri, kompyuter texnologiyaları üzrə kursların
birinci mərhələsini bitirənlərin əksəriyyəti yeni dərs ilində
adlarının "Yaradıcılıq fakültəsi"nın jurnalına yazılması
arzusundadırlar. Onlar ən azı düşüncə etibarı ilə yaradıcıya
çevriliblər. Kursların fəlsəfəsində dayanan amil bilikdirsə, biliyi
tapmırlar, yaradırlar. Düşünürəm, yeridir, yazım. İsrailin mərhum
prezidenti Şimon Peresin Ukraynada son məşhur çıxışı oldu. Deyirdi:
"İsraildə su çatmırdı, biz anladıq ki, tapa bilməyəcəyik, ona görə
... suyu yaratdıq". Su biliyə bərabərdir, hər şeyi ilə. Biri həyat
mənbəyidirsə, o biri yaşamaq eliksiridir.
Xanımlara rəqs dərsi keçən Aytac Qurbanova Oğuzda açılan
kursların yaradıcı adlananını seçməyib. Əlbəttə bilirsiz,
xatırlatmaq xeyirdir. Yaradıcılıq təkcə yazmaq deyil, zarafatsız
deyirəm, həm də pozmaqdır. Müasir müəllimlərin sözü olmasın:
zarafatı zəngdə edərik, onu diqqətinizə çatdırıram: yaradıcılıq -
bənnalıqdır, kulinariyadır, çilingərlikdir, elektriklikdir, bir
sözlə, ərsəyə gətirdiyindir. Bizim Aytac xanımın seçimi rus dili
kursu olub. Orta məktəbdə bu fənni keçməyiblər. Mütaliəyə
meyillidir. Evlərində məşhur rus yazıçılarının kitabları çoxdur.
And içim, inanın. Öz sözüdür: "Dostoyevskinin yanından keçəndə
utanıram, o boyda dahiyə salam verməyə dilim yoxdur". Razıyam,
salamı təxminən hər dildə söyləməyi bacarırıq. Axı söhbət
"zdravstvuyte" ilə bitmir. Söhbət "zdravstvuyte" ilə başlayır.
Aytacın dili mənimsəməsindən müəllimi Gültəkin Rəhimova razıdır.
Kursa yazılan və dərslərdə mütəmadi iştirak edən öyrəncilərin
həvəsini xüsusi vurğulayan müəllimə həmçinin Turanə İsmayılovanı
təriflədi. Turanə artıq oxuyur, eşidib anlayır, özü barəsində
məlumat verir. Üz-üzə oturmuşuq, danışır, aksenti dinləyicini
hərdən aldadır. Soruşmaya bilmirsən: "Sən doğrudanmı orta məktəbdə
rus dili keçməmisən?". Əvəzinə müəllimi cavab verir: "Vallah
keçməyib". Gülümsəyir. Müəllim gülümsəyirsə, tələbənin çöhrəsinə o
gülüşün tam özü köçüb yerini elə rahatlayır ki, bilmirsən hansından
hansına yayılıb.
Adını soruşuram. Ayseldir. Dayısıgil Rusiyanın paytaxtı Moskvada
yaşayır. Artıq sərbəst yazışırlar. Əvvəllər hər sözü anasından
soruşarmış.
Aynur Tahirova kursun açılması elanını Bilik Fondunun saytından
oxuyub. İnamlıdır. Dərslərdən sonra kurs yoldaşları ilə rus dilində
danışırlar. Əvvəllər onları ətrafdakılar eşitməsinlər deyə,
pıçıldaşırmışlar. Aylar ötdükcə bu kompleks yoxa çıxıb. Günay üçün
kurs düşərli olub. Çalışqanlığı onu iş tapmaqla hədiyyələndirib.
Hazırda Kapital Bankın Oğuz rayon filialında işləyir.
Müəllimə Gültəkin xanım kursa qədər qızların evdən çölə
çıxmadıqlarını, heç bir məşğuliyyətə malik olmadıqlarını
vurğulayır. O danışır, dinləyicisi Leyla başı ilə təsdiqləyir.
Səbəbini soruşuram. Leyla "gedəcək bir yerimiz yox idi" cavabını
verir. "Kursu bitirdiniz, indi hara gedəcəksiz?" sualına verdiyi "v
buduşeye" cavabı hamıda şən ovqat yaradır.
Xanımlarla direktorun iş kabinetində söhbətləşirik. Bilik
Fondunun Oğuz rayon nümayəndəsi, E.Abdullayev adına 2 nömrəli tam
orta məktəbin direktoru Anar Məcidov yaşadığ bölgənin abu-havasında
qeyri-ənənvi dinlərdəki çalarların mövcudluğundan söz açır.
Gənclərin bilik kurslarına cəlb olunmasının bu baxımdan
üstünlüklərini sadalayır. Birini yazmaq kifayətdir: kurslara
qatılan gənclər mütləq və mütləq radikalizmdən uzaqlaşırlar. Bilik
ona tapınanlara aqressiya aşılamır. Radikallıq biliklə tərs
mütanasibdir.
Yəqin təsadüfdür. Oğuzda və Qaxda həmsöhbət olduğum bilik
dostlarımın hamısı xanımlar idi. Yox, kurslarda bəylər də var.
Sadəcə, onları əsasən şənbə-bazar günləri görmək mümkündür.
İşləyirlər, aralarında kursun xeyrini görənlər az deyil. Hələ
Oğuzdan çıxım, sizə onlardan bir neçəsinin adını çəkəcəyəm.
Sonuncu müsahibim Aygün Bayraməliyeva olur. Təqdimat üçün bir
cümlə yetər. Aygün xanım "İngilis dili" kursuna yazılıb. Cədvəlini
elə qurub ki, eyni zamanda kompyuter texnologiyaları üzrə kursa
qoşulub. Öz sözüdür: "İngilis dilini bilib, kompyuteri
öyrənmədinsə, yeriyə bidiyin halda əsaya söykənmiş kimisən".
Fürsətdən istifadə edib Oğuzda yuxarı sinif şagirdləri ilə
söhbətləşdim. Çox şeydən danışdım. Zəng içəri vurulanda - növbəti
dərsin başlandığını göstərəndə 3-cü dərsi "pozduğumuz" məlum oldu.
Demokratiyada çarə tükənməz. Fənn müəllimi sinfə daxil oldu, daha
uşaqlar fənn kabinetinə gedəsi olmadılar. Bir 45 dəqiqə də
dinləyiciyə çevrildim.
Qax Bilik Evindəyəm. Oğuz Bilik Evi məktəbin nəzdində, girişi
ayrı olan məkanda yerləşirsə, Qax Bilik Evinin ayrıca binası var.
İkinci mərtəbədə rayonun Uşaq Yaradıcılıq Evi fəaliyyət göstərir.
Geniş və səliqəli həyəti olan binanın akt zalında Əmbərçay kənd
ümumi orta məktəbinin direktoru, Bilik Fondunun yerli nümayəndəsi
Rövşən Hədisov öyrənciləri təqdim edir. Gülümsəyirəm, yenə
xanımlardır. Əslində üstünlük sayılmalıdır. Kişilər qadınlarla
müqayisədə hər yerdə var. Bərabərləşmək gözəldir. Bu mənzərə ilə
Oğuzda rastlaşanda eşitdiyim və yadımda təxminən qalan ibrətli
kekayəni danışmaq istədim. Sonra Qaxa qalsın deyə, qərar verdim.
Qaxda danışaram, Bakıda yazaram, Oğuzda da oxuyarlar. Hələlik
qızlarımızı danışdıraq.
Nəzirli İnci və Aytac Feyzullayeva. Hər ikisi rayonun orta
ixtisas musiqi məktəbində dərs deyirlər. İncinin fikri hələ
qulaqlarımdadır. "Rus əsərlərini ifa edəsən, amma o əsərlərin
müəllifi haqqında dolğun məlumat almayasan, saxtakarlıqdır".
Aytacın əlavəsi lap musiqidir. Sanki demir, pianinonun bimol
dillərində çalır: "Rus haqqında Azərbaycan dilində oxumazlar. Elə
azərbaycanlı barəsində də eynən. Hər kəs özünü öz dilində daha
yaxşı göstərə bilir".
Öyrəncilər arasında işləyərək oxuyanlar var. Fatma Yusifova Bakı
Kompüter Kollecində qiyabi təhsil alır. Sonuncu kursdadır. Qiyabi
formada hərtərəfli biliyə yiyələnmək çətindir. Qaxdakı "Kompüter
texnologiyası" kursu göydəndüşmə olub. 9 ay 4 ildən uzun imiş. Bir
daha sübut olunur: dəqiq elm, riyaziyyat deyil, ədəbiyyatdır.
Yalnız ədəbi məntiqlə 4 il 9 aydan qısa olur. Ədəbiyyatda proses,
riyaziyyatda nəticə maraqlıdır. Nəticədə İlahə xanım kompüter
proqramçısı diplomunu alır, ancaq proses onu proqramçı edir.
Əmbərçay kənd ümumi orta məktəbində uşaq təşkilatının rəhbəri
kurs iştirakçılarının arasındadır. Məsuliyyətin böyüklüyü ilə şəxsi
nümunənin sintezi uğurun özüdür. Uşaqlar məsuliyyətli və şəxsi
nümunə göstərən müdirə hansı sualı ünvanlasalar, cavabsız
qalmaz.
Qax rayonu Mərkəzi Kitabxanasının müdir müavini Ahidə Əfəndiyeva
bir kəlmə danışdı: "Kitabxanaçı birinci növbədə dil
bilməlidir".
İndi yazacağımı başqası yazsaydı, inanmazdım. Siz inanın, iki
gün yollarda qalmışam, yalan danışmaq idisə heç getməz, qələmi
virtualda ora-bura sürərdim. Bilik həyatdır, həyatsa birdir, o da
realda. Reallığı deyirəm: Tünzalə Mehrabova orta məktəbin aşağı
sinif şagirdlərinin alman-ingilis dili müəllimidir. O həm də
bilavasitə kursun ingilis dili bölməsinin öyrəncisidir. Bilik
Fondunun açdığı kursların əhəmiyyətini bu hadisədən dəqiq
ştrixləyən ikincisini tapmaq istəyən olsa, bax virtual onda köməyə
çata. Virtual şişirtmək üçün münbit yerdir.
Qaxdan xoş xəbərlə çıxaq. İngilis dili kursunun iştirakçısı –
Şəbnəm Hüryanova. Lap tarixini yazım. 7 ay 25 gündən sonra Şəkidə
Ağır Cinayətlər üzrə Məhkəmənin şöbə müdiriliyinə dəvət olunur.
Kursda oxuya-oxuya iş üçün müraciət edib. İndi o şöbənin müdiridir.
Rövşən müəllimin icazəsi ilə mobil nömrəsinə zəng açıram. Təbrikdən
dərhal sonra soruşuram: "CV göndərəndə özünüzə bu qədər əmin
idiniz?" Cavab verir: "Dərslər başlayandan iki ay sonra
öyrənəcəyimi yəqinləşdirdim". Bəli, iki ay sonra, öyrənci tutduğu
xəttin yuxarı doğru irəlilədiyini görür.
Bilik Fondu bir elanla 8 gənc oğlana avtomobil elektrikliyi
peşəsini aşılayıb. Kurs xarici avtomobillərin elektriki ixtisasları
üzrə Bakıda "Auto Azerbaijan" şirkətində təşkil olunub. Kursdan
sonra işləyənlərin adını çəkirəm: Neymətzadə Neymət Qax, Taleh
Ağayev Baləkən şəhərində servislərdə çalışırlar. İsa Şabanov bir
müddət şəyird olub, indi müstəqil ustalıq fəaliyyətinə
hazırlaşır.
Talehin 24 yaşı var, taleyindən razıdır. Uşaqlıqda müxtəlif
dəmir konstruksiyalardan maşınlar düzəldirmiş. "Bircə işıqlarını
yaxşı qura bilmirdim, hey deyinir, böyüyəndə elektrik olacağımı bu
işi öyrənəcəyimi deyirdim" - bu Talehin xatırlatmasıdır. Elanı
oxuyub, eynən belə deyir: "Gözlərimə işıq gəldi". Kursdan sonra
müstəqil olaraq, elektrik sistemini düzəltdiyi ilk maşının
nömrəsini heç vaxt unutmayacağını söyləyir. Nemət artıq ətrafda
tanınır. Deyir ki, nəsə qeyri-adi bacarıq göstərmək istəyir.
Məsləhət görürəm ki, bu sahəyə aid, xüsusilə də rus dilində, yaxşı
kitablar var. Simasında dəyişiklik hiss edirəm. Anlayışla
qarşılayıb, Qax Bilik Evində açılan "Rus dili" kursunun ünvanını
yazıb ona verirəm. Ödənişsiz olduğunu biləndə sevinir.
Bilik Fondunun müqavilə bağladığı şirkət İsaya Bakıda qalmağı
təklif edib. Əvvəl razılşamaq istəyib, sonra düşünüb ki, öz
rayonunda - Balakəndə daha çox iş var. Sahibi olduğu sexin
genişləndirmə planını hazırlayıb. "Yenə hansısa mövzuda dəstəyinizə
arxalana bilərəmmi?" - soruşur. Cavab bir kəlmədir: "Əlbəttə!"
Yol hazırlaşmaqdan başlayır, üstündəki iz ilə tanınır. Şəmkir
Bilik evindəki kursların izinə ayrı təmtaraqla düşəcəyik. Bilik
Fondunun Şəmkir Bilik Evinin rəhbəri, millət vəkili Sona Əliyevanın
həyata keçirdiyi işlər o qədər şaxəlidir ki, gərək ayrıca
yazılsın.
Nardaran Bilik Evində kurslarımızı yeni açmışıq. İsmayıllı
Regional Bilik Evində həmçinin. Hələlik bu sitiqamətdə susmağa
sözümüz var. Susandan sonra danışdıqların daha dəqiq olur.
...O qadın əlində kitab, gözlərinin qarasını sağa-sola aparan
cümlələrin ardınca düşüb, ləpələrin gölün ortasına apardığı qayığın
içərisində oturub susmuşdu. Su polisi xanıma yaxınlaşaraq, onu
qanunsuz balıq ovlamaqda ittiham edir. Qadın susaraq dinləyir.
Polis ittihamlarını yağışa döndərib: "Məni görüb tilovu suya
atdın". Bu yağış adamı yandırar. Qadınsa təmkinlidir - əlində kitab
var. Deyir: "Kitab oxuyan xanımla mübahisə etməzlər".
Oğuzda danışmaq istədiyim ibrətli hekayəni Qaxda söylədim.
Ardınca kişiləri də unutmadım. Bax o polis kitab oxusaydı, bilərdi
ki, kitab oxuyan xanımla mübahisə etməzlər. Kitab oxuyan yalan
danışmaz, oğurluq etməz, başqasını incitməz.
Bakıya qayıdıram. Qaxdan "Şamaxı yolu"na qədər yola iki sürət
hökm kəsilib – 60, 90. Deyinirəm: magistralın çöllü-biyabanında
niyə 110 olmasın? İlkin qənaətim: polislərdən soruşmaq. İkinci
qənaətim: bəlkə özümüz tapaq, polisə əziyyət verməyək. Qaydalar,
qanunlar var. Oxuyaq, 60-la 90-nın sirrini öyrənək. Üçüncü qənaətə
gələnə qədər artıq çatmışdım.
Hər kəsin getdiyi hədəfə çatması arzusu ilə yazıya imzamı qoyub
susmağa gedirəm.