Xalq artisti, tanınmış rejissor və aktyor Ramiz
Əzizbəylinin kinomuzun son vəziyyəti haqqında səsləndirdiyi
fikirlər birmənalı qarşılanmayıb. Hətta bu, qalmaqala səbəb
olub.
Musavat.com
xəbər verir ki, xalq artistinin "Son 10 ildə çəkilən filmlər
"vozduxdur" deməsi deputat, Azərbaycan Yazıçılar Birliyinin üzvü
Aqil Abbası hiddətləndirib.
Deputat xalq artistini rejissorların işini, zəhmətini yerə
vurmaqda suçlayıb:
"Ramiz Əzizbəyliyə həm rejissor, həm də sənətkar kimi böyük
hörmətim var. Amma Ramiz Əzizbəyli deyir ki, son 10 ildə çəkilən
filmlər "vozdux"dur. Halbuki son 10 ildə çox gözəl filmlər çəkilib
və həmin filmlər beynəlxalq festivallarda nümayiş olunub, layiqli
yerlər tutublar. Son 10 ildə çox yaxşı filmlər çəkilib axı. İndi
bir-bir adlarını da çəkə bilərəm. Ramiz müəllimin belə bir söz
deməsini heç gözləməzdim".
Aqil Abbas onun eyni adlı romanına çəkilən "Dolu" filmini son
illərdə çəkilən ən baxımlı film adlandırıb:
"Mənim "Dolu" filmimə gəldikdə isə o film Yutubda 3 kanalda
qoyulub. Təxminən 300 min adam o filmə baxıb. Hələ Azərbaycan
dilində olanını deyirəm. Onun alt yazısı ilə türk, gürcü, rus
variantı da var. İnternet resurslarında onların hamısını
yerləşdirməmişik, yalnız azərbaycanca olanıdır. Ermənilər də o
filmə baxıb və təhqir, söyüş yazıblar. Başqa millətlərdən də ona
baxanlar olub. Baxmışam, hətta film haqqında 420 şərh var. Sözümü
ona gətirirəm ki, o romanı mən yazmışam, 20 ilə yazdığım romandır,
içimdə yaşatdığım, həyatda yaşadığım romandır. Yəni o filmdə nə
varsa hamısını yaşamış adamam... Döyüşlərdə qucağımda ölənlər,
əlimə dəfn etdiyim insanlar...
Yaxud gedib ermənilərin cəsədlərini gətirmişəm. Yəni o insanları
görmüşəm, yaşamışam, yazmışam.
Film çox böyük uğur qazanıb. Filmi əməkdar incəsənət xadimi
Elxan Cəfərov çəkib. O, bir çox savaş filmləri çəkib. Hamısı da
uğurludur. Yəni bu dərəcədə filmlərə yuxarıdan aşağı baxmaq...
Bunu, sadəcə, Ramiz Əzizbəylidən gözləməzdim, vəssalam. Ona böyük
hörmətim var, amma rejissorların əməyini, zəhmətini yerə
vurmasın!"
Deputat yeni çəkilən filmlərin az təbliğ olunmasından da
şikayətləndi:
"Televiziyalar yeni çəkilən filmlərə çox az müraciət edir.
Məsələn, "Əhməd haradadır?" filmini hər həftə bir televiziya kanalı
nümayiş etdirir. Keçmiş filmləri daha çox göstərirlər, nəinki
yenilərini. Görünür, keçmiş filmlərə pul vermirlər, amma yenilərə
50-60 manat vermək lazım gəldiyi üçün onlara müraciət etmək
marağında deyillər. "Dolu" kimi filmləri də işğal, müharibə günləri
bütün kanallar verir. Baxanda mən də pərt oluram. Başqa günlər
onları göstərmək ayıbdır?".