Əkrəm Əylisli Nobel Sülh
Mükafatı barədə fikirlərini azadliq.org-a açıqlayıb.
Yazılı açıqlamada deyilir:
Əvvəla, məmləkətimizin kütləvi informasiya şəbəkəsində Nobel
Mükafatı mövzusu ətrafında gedən söz-söhbətə mən də öz tərəfimdən
bir qədər aydınlıq gətirmək istəyirəm və bəri başdan deməyi lazım
bilirəm ki, bu mükafata kiminsə namizəd göstərilməsi ölkələr,
dövlətlər, rəsmi və yaxud qeyri-rəsmi təşkilatlar tərəfindən icra
edilmir.
Bu məsələ yalnız və yalnız ayrı-ayrı müstəqil ekspertlərin vahid
qrup halında Nobel Komitəsinə müraciəti əsasında həyata
keçirilir.
Dəqiqliyinə zəmanət vermirəm, ancaq mənim bildiyimə görə, bu
müraciət azı 10 nəfər ekspert tərəfindən imzalanmalıdır və bu
adamların hər biri ən azı professor dərəcəsində elmi-pedaqoji
statusa malik olmalıdır.
"Bunu ermənilər təşkil elədi" və yaxud "burada yəhudi barmağı
var" deyənlər, sadəcə, hər şeyə qulp qoymağa adətkərdə olan
savadsız, məlumatsız, qeybətcil və şayiəbaz adamlardır.
"Birincilik qazanmağım... xalis möcüzə
olardı"
Mükafatın kimə verilməsini, söz yox ki, Nobel Komitəsinin özü
müəyyənləşdirir. Ancaq ekspert qrupuna daxil olan şəxslərin ictimai
avtoriteti və elmi sanbalı da bu işdə əsaslı rol oynayır.
Mənim Nobel Sülh Mükafatına namizədliyimi irəli sürən 13
nəfərdən ibarət ekspert qrupunun tərkibinə, əsasən, ABŞ, İngiltərə
və Rusiyanın elm və sənət adamları daxil idi. Bunların bir qisminin
İsveç Kral Akademiyasında da tanınan simalar olduğunu güman
etdiyimə görə, mən özümü bu mükafata az-çox şanslı sayırdım. Builki
sülh mükafatına daha kimlərin namizəd göstərildiyini biləndən
sonra, açığını deyim ki, bu şansın məndən ötrü çox minimal şans
olduğunu başa düşdüm. Roma Papası, BMT-nin baş katibi, Almaniya
kansleri və daha kimlər və kimlər...
Bu favorit namizədlərin arasında mənim birincilik qazanmağım,
əlbəttə, xalis möcüzə olardı və bu möcüzə, bildiyimiz kimi, baş
vermədi. Mən bu fikrimdə hələ də israrlıyam ki, belə bir
sanballı-avtoritetli mükafata namizəd göstərilmək elə özü-özlüyündə
də xırda məsələ deyildi.
Mənim keşməkeşli taleyimin bu da belə bir fəsli, mövsümü idi.
Mövsüm keçdi, fəsil arxada qaldı, amma həyat davam edir. İndi məni
düşündürən budur ki, görəsən, başqa bir mötəbər ekspert qrupu
bizlərdən kiminsə bu mükafata təqdim edilməsinə yaxın gələcəkdə
imza atacaqmı?
"Nobel Sülh Mükafatı... Azərbaycana gələ
bilərdi"
Görəsən, Nobel Mükafatı Azərbaycana haçan gələcək və
ümumiyyətlə, gələcəkmi?
Ədəbiyyat və elmimizin indiki səviyyəsi bu barədə nikbin
düşünməyə, təəssüf ki, heç bir əsas vermir.
Ancaq burası da var ki, Nobel Sülh Mükafatı hələ ötən əsrin
90-cı illərində Azərbaycana gələ bilərdi. Onu Dağlıq Qarabağda
gedən döyüşlərin ən təhlükəli mərhələsində atəşkəsə qərar verib, bu
qərarı həyata keçirməyi bacaran Heydər Əliyev Azərbaycana gətirə
bilərdi.
Bu məsələ indi, uzaqdan-uzağa, bizə asan görünür. Əslində isə bu
qərarı qəbul etmək və onu həyata keçirmək o zaman dövlət
başçısından böyük siyasi iradə, risk, cəsarət, fenomenal təşkilati
səriştə tələb edirdi. Bu, həm də Nobel Sülh Mükafatının ənənəvi
prinsiplərinə hər bir cəhətdən uyğun gəlirdi.
"Mən ilk dəfə və tam məsuliyyətlə bəyan edirəm
ki..."
Nobel Mükafatını Azərbaycana gətirə biləcək bu yeganə real
namizəd o vaxt nədənsə gündəmə gəlmədi. Ancaq gündəm dəyişsə də,
məncə, bu şans hələ ki, qalır. Ona görə qalır ki, atəşkəsin məntiqi
davamı böyük sülh sazişidir. Və bu gün mən ilk dəfə və tam
məsuliyyətlə bəyan edirəm ki, əgər ölkəmizin indiki prezidenti
cənab İlham Əliyev Azərbaycanla Ermənistan arasında belə bir
sazişin imzalanmasına nail olub, iki qonşu xalq arasında normal
münasibətlərin bərpa edilməsinə rəvac verərsə, o zaman Nobel Sülh
Mükafatının Azərbaycana gəlməsi həqiqətən labüd və qaçılmaz
olacaq.
P.S.: Mənim idealist olduğumu çoxdan iddia eləyənlər özlərinin
bu iddiasını bir daha təsdiq etməyə tələsməsinlər. İstərdim bu
adamlar bilsinlər ki, mən idealist olduğum qədər də realistəm.