Yuxarı

Bu, Prezidentin qarşılaşdığı ən ciddi problemdir...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hələ ki, bütün dünyada bütün insanlara ağzını bağlamağı tövsiyə edirlər.

Və ilk dəfədir ki, bu şəkildə “kütləvi ağızbağlamaq” demokratiya tələb edənlərin ənənəvi etiraz jesti sayılmır.

İlk dəfədir ki, heç kəs onu bu addıma vadar edənlərə “ağzımı niyə bağlayırsan?”, “hüququmu niyə pozursan?” kimi yersiz görünən suallar vermir... əksinə, bu və digər məhdudlaşdırıcı addımları daha qəti, daha mütəşəkkil, daha ardıcıl, daha davamlı atanlar örnək, nümunə və dürüst sayılır. Çünki bu gün söhbət bir dövlətin özünü müdafiə və mühafizə etməsindən getmir. Çünki bu addımı digər yedək məhdudlaşdırıcı tədbirlərin müşayiətilə əlahiddə götürülmüş bir dövlət atmır. Çünki bu addımı atan bütün Yer kürəsidir. Və bu gün təhlükəni bütün dünya dövlətləri öz dərisində, “balıq kimi ölə bilmək” aqibətinin caynaqlarını öz boğazlarında hiss etdiyindən planetdə yaradılmış vahid mənzərəni diktatura yox, birlik, mütəşəkkillik sayırlar!

Amma hələ cəmi 3-4 ay əvvəl öz müstəqilliyini, dövlətinin təhlükəsizliyini, xalqının rifahını qorumaq məqsədilə kütləvi iğtişaşların qarşısını alan, iqtisadi prosesləri, inkişaf meyllərini ləngidən hərəkətləri qanunun iradəsi altında nizamlayan dövlətlərin ünvanına ən sərt ittihamlar səslənirdi. Hətta iş sanksiyalara qədər gedib çıxırdı. Bəzi dövlət başçılarının planetin hansısa hissəsinə, hansısa ölkəyə və ya ölkələrə səfər etməsinə yasaqlar tətbiq edilirdi. Amma indi hamı eyni dərəcədə sanksiyaya məruz qalıb.

Məsələn: Lukaşenko da, elə Tramp da. Yaxud: xatırlayaq. Butulkadan çıxan Cin, yaxud Çinə qədər dünyada hansı mövzular aktual idi... Hamısını deməyəcəm. Təkcə Türkiyənin məruz qaldığı beynəlxalq diversiya, bu ölkənin Suriyada salındığı vəziyyət, İdlib düyünü, Ankaranın Avropaya açıb buraxdığı qaçqın seli...

Axı o qaçqınların vur-tut 128 mini Avropaya keçə bildi. Bəs qalanı necə oldu? Hər şey təfərrüatlaşdı. Bir yarasa supunda o qədər zir-zibil qaynadıldı ki.

Bir az uzaqdan başladım, bilirəm. Amma bu səbəbsiz deyil.

Əslində, Amerika açacağımı zənn etmirəm. Etdiyim, ola bilsin ki, hamının bildiyi, sadəcə bir-birinin yanına düzməyə bəzən ərindiyi, bəzən həvəs göstərmədiyi arqumentlərin, faktları bir yerdə təqdim etmək cəhdidi. Koronavirus adlandırılan təhdid dünyanın bütün ənənəvi qanun və qaydalar sistemini qüvvədən saldı. Ən ibtidai müdafiə duyğusu ən ali müdafiə qurğularına qalib gəldi. Ən ibtidai özünüqoruma yolu – “Yuvana gir, evinə gir!” - deyən zooloji-bioloji hökm mütləq qələbə çaldı. Bunu çətinə düşəndə edən akulasından, sərçəsindən, filindən, qarışqasından asılı olmayaraq, bütün canlılar kimi insan da etməli oldu və bununla da göstərdi ki, o özünü təqdim etdiyi qədər böyük və qüdrətli deyil. Yəqin elə buna görədi ki, postkorana dövründə hər şeyin əvvəlki kimi olmayacağını deyirlər.

Bir az əvvəl elə mən də “dünyanın bütün ənənəvi qanun və qaydalar sisteminin qüvvədən düşdüyünü” iddia etdim. Amma nə dəyişir dəyişsin, necə dəyişir dəyişsin, bir qanun var ki, o milyon illər əvvəl olduğu kimi yenə də qüvvədə olacaq. Söhbət insanların sağ qalmaq, öz təhlükəsizliyi və itib-batmamasını təmin etmək, davamlı nəsil artımına, öz təbii tələbatlarının keyfiyyətlə və intizamla yerinə yetirilməsinə nail olmaq, maddi-mənəvi nailiyyətlərin etibarlı qorunub saxlanması üçün həlledici əhəmiyyət kəsb edən birgəlik mühiti yaratmaq kimi təbii vəzifə və öhdəliklərin bazası olan məkanı qoruyub saxlamaqdan gedir.

Bu gün bizim anlayışımızda bu Dövlətdir. Bu, xalqdır! Bu, millətdir! Bu, insanın vətəndaş adlanan növüdür.

Əlbəttə, Azərbaycan dünyanın nüvə dövlətlərindən deyil. Amma bu dövlətin də öz nüvəsi var və onun rəqibləri, daha açıq desək, düşmənləri məhz bu nüvəni nişan alır.

Koronavirus təhdidi Azərbaycanı da qəfil yaxaladı. Düzdür, dövlət öz vətəndaşının qorunması üçün lazım olan xeyli addım atmışdı - bəzən hətta ilk dinləyişdə “axı niyə?” sualı doğuran addımları belə.

Məsələn, bir iki il əvvəl Ümumdünya Səhiyyə Təşkilatının Baş katibinin Bakıya səfəri zamanı sosial şəbəkələrdə bir təkhüceyrəli yazmışdı ki, qalmışdı saqqal darağımız və mən onda bu replikaya belə cavab vermişdim ki, bəlkə dövlət hansısa naməlum xəstəlikdən sənin kütləvi surətdə ölə biləcək əzizlərinin ruhuna matəm saqqalı saxlaya biləcəyindən daraq ehtiyatı görür?! Və ya neçə vaxtdır ki, Prezident İlham Əliyev vətəndaşlarımızı bütün ölkə boyu pulsuz müayinəyə çağırır və bunun üçün dövlətin lazım olan bütün addımları atdığını, bütün tapşırıqların verildiyini deyir.

İcbari Tibbi Sığortaya hazırlıq, səhiyyə sisteminin forma və məzmununda aparılan təbəddülat dəyişiklikləri, müasir tibb sənayesinin ultra yüksək nailiyyətlərinin Azərbaycanın hətta ən ucqar rayonlarına qədər aparılıb çıxarılması çoxgedişli kombinasiyaları dərin təhlil edən, bütün mümkün variantlara milli və vətəndaş marağı baxımından yanaşan Azərbaycan liderinin iş və düşüncə üslubu barədə aydın mənzərə yaradır. Yəni bütün bunları ona görə deyirəm ki, koronavirus Azərbaycana gələndə hakimiyyət də, həkimiyyət də formada idi. Və uyğun məzmunda.

İndi artıq bəzi çox mühüm məsələlər barədə açıq danışmaq da olar.

Gəlin əvvəlcə epidemiyanın başlanğıc mərhələsini xatırlayaq.

Çin Respublikasında başlayan və qlobal xofla əsl təlatüm yaradan koronavirus tezliklə digər respublikalara da sıçradı. Yolu üstündə olan-olmayan neçə-neçə ölkəni sarıb-sarsıdıb keçən bu virusun qarşısında adlı-sanlı dövlətlər, səhiyyə derjavaları süquta uğrayırdı. İspaniya, Almaniya, Fransa, Belçika... Dünənədək az qala “ölünü belə diriltmək iqtidarında olan” səhiyyə sisteminə malik ölkələr kimi tanınan bu dövlətlər bir-birinin ardınca ağır itkilərlə barışmalı olurdu... Sərhədlər bağlanır, meyitlərin adətlərə uyğun olaraq dəfn edilməsi yox, sadəcə bir yerə qalaqlanaraq zərərsizləşdirilməsi mövzu olaraq aktuallaşırdı.

Hamı öz evinə qovulurdu. Avropa, dünya İkinci Dünya müharibəsindən sonra belə fəlakətlə ilk dəfə üzləşirdi. Mən indi bunları deyirəm və hətta görürəm ki, bayaqdan keçmiş zamanda danışıram.

Amma yox, hörmətli tamaşaçılar! Hələ heç nə keçmiş deyil və keçmiş olsun deməklə də deyil. Sadəcə, xatirələrimlə bir az xəyala daldım.

Nəyi deyirdim?

Deməli, dünya boyda bəla var.

Avropanın ən müasir klinikalarını diz çökdürən bu bəla Azərbaycana da gəlir. Bax söhbətin “təsəvvür edirsiz?”sualı yerinə indi çatdıq.

Etiraf edək ki, Azərbaycan nə Almaniya, nə Fransa, nə də Belçikadır. Ən azı onların tibb sənayesinə görə.

Prezident - “Hər bir azərbaycanlının Prezidenti olacağam!” deyən İlham Əliyev Dövlət Başçısı postunda indiyədək qarşılaşdığı ən ciddi problemlə üz-üzədir. Çox istərdim ki, bir maska çatışmazlığını nəfəs, ürək, böyrək çatışmazlığı səviyyəsinə qaldıran aşıq-şair vətəndaşımız 10 milyondan artıq insanın aqibətinə məsul olan İlham Əliyevin o zamanlar hansı daxili vəziyyətin sahibi olduğunu anlamağa çalışsın. Onu da nəzərə alaq ki, İlham Əliyev öz prezidentliyi dövründə ən çətin situasiyalarda vətəndaşın yanında olmaqla artıq onu mülki komforta alışdırıb. İnsanlarımızın bir böyük qrupu fərdi məsuliyyət hissinin böyük bir hissəsini dincə qoyaraq hətta bir az arxayın, ərköyün məzmuna keçib. Və belə bir vəziyyətdə ölkənin bütün müsbətini də, mənfisini də ən etibarlı mənbələrdən bilən Əliyev indi artıq heç vaxt heç bir müasir həmkarın da üzləşmədiyi qlobal bəlayla üz-üzədir. Bütün ölkələr, bütün xalqlar artıq planetin növbəti dünya müharibəsi məsuliyyətilə qəbul etdiyi fəlakət qarşısında öz rəhbərinə sarı boylanır. Ümidlə baxır. O cümlədən də Azərbaycan xalqı Azərbaycan Prezidentinə.

Əlbəttə, başa düşürəm ki, mən “təsəvvür edin!” deməklə hamı işini-gücünü buraxıb, elə bu dəqiqə təsəvvürmaniyaya tutulmayacaq. Amma hər halda kimlərsə, o an İlham Əliyevin yerləşdiyi mənəvi vəziyyətə, subardinativ məsuliyyətə şərik olmağa çalışdı yəqin.

Təkrar edirəm. Azərbaycanın timsalında vəziyyəti unikal edən həm də bu ölkənin vətəndaşlarının dövlətdən daha çox umması, dövlətə övladı kimi yox, atası-babası tək yanaşmasıdır. Nəzərə alaq ki, Prezident ilk dəfə Novruz təbriki zamanı korona virus təhdidi, dövlət-vətəndaş məsuliyyəti barədə danışmışdı. Bu müraciət ediləndə artıq 14 mart məhdudiyyətləri qüvvədə idi...

...Amma elə həmin gün biz yenə də gördük ki, sərtlik, prinsipiallıq və barışmazlıq öz yerində, amma İlham Əliyevin koronavirusla qələbəni xalqla birlikdə qazanmaq əzmi, dəhşətli fəlakətlə mübarizədə milli həmrəyliyi özünə əsas müttəfiq seçməsi bir qayə, bir amal məsələsidir. Çünki biz Alov Qüllələrinin dövlətin, millətin tarixi taleyində malik olduğu xüsusi rəmzi yeri də ilk dəfə elə o gün başa düşdük. “Qalx uca dağların başına indi də 3 tonqal qala!” deyən Dədə Qorqudun tövsiyəsini Prezident rəqəmsal reallıqların dilinə uğurla çevirmişdi. O milli həmrəylik ideyalarının alov dilində danışırdı, deyirdi ki, bizim böyük xalq olduğumuzu hamı görsün!

Həmrəylik, birgəlik, hamılıq. İlham Əliyev olduqca incə bir detalı mükəmməl şəkildə izah etməyi bacarmışdı. Bu gün hamı özünə məxsuscasına tək olmalıdır. Çünki bunu Birlik tələb edir. Bu gün hamı öz evində oturmalıdır. Bir dövlətlik budur. Bu gün hər kəs öz ailəsiylə biryerdə qorunmalıdır. Bu xalqlıqdır.

Yəni mükəmməl ayrılmağı, komanda şəklində ayrılmağı bacarmaq elə birliyin əsas şərtidir. Prezidentlə eyni düşüncəni Mehriban Əliyeva da aşılayırdı.

PREZİDENT - ATA DÖVLƏT - BİRİNCİ XANIM - ANA YURD anlayışı bir ailə timsalında Azərbaycanın Ana Vətən kimi necə göründüyünün misalı idi...

Tarix
2020.04.19 / 23:42
Müəllif
Mir Şahin
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla