Yuxarı

Ermənilərdən xahiş edir, kadr dilənirdik... - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər il mediada, Yutubda bu tip videolar görürdük: “Şuşanın son görüntüləri”, “Laçından son video”, “Ermənilər Kəlbəcərdə belə dincəlir” və s.

O görüntülərə həsrətlə baxırdıq, üstəlik ermənilərin çəkdiyi bu videonun fonuna bir kədərli mahnı da qoyub, paylaşırdıq. Bəzən kimsə həmin videodan görüntünü kəsib paylaşırdı və yazırdı ki, “bura bizim evimiz olub”.

Bəziləri yazırdı ki, kaş bunu çəkən erməni kameranı bir az sola çevirəydi, bizim evimiz də düşəydi, görəydim. Təsəvvür edirsiniz? Xalq artıq ermənidən mədət ummağa başlamışdı. Şuşanı görmək üçün ermənilərin çəkdikləri kadrları dilənirdik.

İnsanlarmız bəlkə də Ağdamı, Füzulini, Cəbrayılı görməyi xəyal edirdilər, amma Zəngilan, Qubadlı, Laçın, Şuşa, Xocavənd, Xankəndi əlçatmaz bir xəyal idi.

Ötən il bir foto çıxdı rastıma, belə bir şərh yazılmışdı: “Erməni qadınlar igidlərimizin qanının töküldüyü Cıdır düzündə qutab bişirirdilər”. Bu, mənə dünyanın ən ağır şəkli kimi gəldi.

Təbii, torpaqlarımızın itirilməsi ilə heç vaxt barışmamışdım və o böyük müharibənin başlayacağından tam əmin idim. Amma hətta bu əminlik belə o ağrını, o həsrəti azaltmırdı.

Biz Şuşanı, işğal altındakı digər torpaqlarımızı görmək üçün bu yerləri bizdən alan tərəfin - ermənilərin çəkdikləri videoya möhtac qalmışdıq.

“Şərəfsizlər çoxdandır Şuşadan video yaymırlar, görəsən, məscidi dağıtmayıblar ki” sualını verdiyimiz də olmuşdu.

O müqəddəs torpaqları xatırlayaraq içimizdə çox şey yaşamışdıq, indi bunların hamısını bir-bir yazmaq zamanı deyil. Ona vaxtımız çox olacaq.

İndi bir şeyin – Qələbədən danışmağın vaxtıdır. Böyük Qələbədən! Bunu tam səmimi, pafossuz-filan deyirəm.

Düzdür, sülh bəyanatı imzalandığı ilk gün içimdə böyük narahatlıq var idi. Amma günlər keçdikcə başa düşürəm ki, Azərbaycan çox çətin şərtlər, ciddi beynəlxalq təzyiq altında mümkün olan ən yaxşı nəticəni əldə etdi.

Zaman keçdikcə, bəzi düyünlər açıldıqca, müharibənin fəsadları aradan qaldırıldıqca daşlar da yerinə oturacaq, Xankəndiyə də bayrağımız sancılacaq.

Deməyim odur ki, biz bir vaxtlar Şuşanı, işğaldakı digər ərazilərimizi görmək üçün ermənilərdən video dilənirdik, “ay zalım, kameranı bir az sol çevir, evimizi də görüm” deyirdik. Amma indi əsgərimiz Şuşadan video çəkib göndərir, indi orda Azərbaycan bayrağı dalğalanır... Və biz artıq yayda hansısa xarici ölkəyə deyil, beynimizdə yeni planet, yeni üfüq kimi açılmış bir yerə - Şuşaya, işğaldan azad edilmiş digər rayonlarımıza getmək planları qururuq.

Azərbaycan Ordusu bizə videolarına belə həsrət qaldığımız rayonlarımızı qaytardı. Amma təkcə bunu qaytarmadı, həm də... Bax, Ordumuzun bizə daha nələri qaytardığını zaman keçdikcə hamımız görəcəyik.

İndi isə Qələbəni qeyd edin, Ordumuzla qürur duyun və Şəhidlərimizin xatirəsini əbədi yaşadın.

Sonda sizə ermənilərin 2-3 il əvvəl Şuşada çəkdikləri videonu təqdim edirəm. Tezliklə belə videoları biz çəkəcəyik.

Tarix
2020.11.12 / 12:58
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla