Türk kinosunun 100 illiyi
çərçivəsində Amerikada təşkil edilən tədbirlər rejissor Nuri Bilgə
Ceylanın "Qış yuxusu" filmi ilə başlayıb.
Axar.az xəbər verir ki, rus ədəbiyyatı ilə yaxından
maraqlandığını deyən Ceylan "Qış yuxusu"nun çəkiliş texnikası və
mövzusu ilə bağlı çıxış edərkən Anton Çexovun "Arvadım" (The Wife)
əsərindən təsirləndiyini söyləyib.
Tədbirlər çərçivəsində ABŞ-a gələn "Qızıl Palma Budağı"
mükafatlı rejissor Nuri Bilgə Ceylan "Qış yuxusu" filminin Los
Anceles şəhərində yerləşən Sənət muzeyindəki (LACMA) nümayişində də
iştirak edib. Ceylan LACMA Binq teatrında təşkil edilən gecədə film
nümayişə başlamazdan əvvəl amerikalı kino tənqidçisi Elvis Mitçelin
suallarına cavab verib.
Rejissor "Qış yuxusu"nda rus yazar Çexovun "Arvadım" əsərindən
təsirlənməsi haqqında suala rus ədəbiyyatı ilə yaxından
maraqlandığını, xüsusilə Dostoyevski və Çexovu zövqlə oxuduğu
cavabını verib:
"Çexovun bu əsərini 25 yaşımda oxumuşam, çox təsirlənmişdim.
Əhvalatı filmə uyğunlaşdırmağı o vaxt istəyirdim, ancaq hekayənin
ağırlığı üzündən doğru vaxtın yetişməsini gözlədim. Rejissor olaraq
kafi təcrübəyə sahib olduğumu hiss edəndə, indi çəkə bilərəm deyib
film üçün işlərə başladım".