Azərbaycanın xalq artisti Rasim Balayevin Sputnik-ə
müsahibəsi
- Rasim müəllim, bu gün əvvəlki nəsildən fərqli olaraq
incəsənət adamları professionallıqdan daha çox maddiyyata, yəni pul
qazanmağa üstünlük verirlər. Bu da peşəkarlığa deyil, bayağılığa
gətirib çıxarır. Səhnələri peşəkarlardan daha çox diletantlar zəbt
edib. Nəticədə ortaya normal bir əsər də çıxmır. Siz necə
düşünürsünüz?
— Əsl sənətkar hər zaman sənət haqqında düşünüb, maliyyə ikinci
planda olub. İnanın vaxtı ilə biz maliyyə haqqında düşünmürdük,
deyirdik ki, təki çəkiliş olsun. Mən özüm məsələn "Qatır Məmməd"
filmindəki çəkilişimə görə pul almadım. Buna baxmayaraq, dedilər
ki, film çəkilməlidir. Bizim vaxtımızda daha çox mənəviyyata
üstünlük verilirdi. Ancaq bu gün mənə də rol versələr, ilk olaraq
maddi tərəfini soruşmalı olacağam. Qazancım nə olacaq?! O vaxt isə
başqa cür idi. O sovet dönəmindən gələn bir məsələ idi, yoxsa yox,
deyə bilmərəm. İnsanları maddiyyat o qədər də maraqlandırmırdı.
Təki çəkilim…
- Sizcə bu gün aktyorun aylıq gəliri nə qədər olmalıdır
ki, normal yaşasın?
— Mən mühasibatçı olmadığımdan nəsə deyə bilmərəm. Amma elə pul
almalıdiır ki, dolana bilsin də… Bir var mütəmadi olaraq çəkilmək,
birdə ki var, ildə bir dəfə çəkilmək. İldə bir dəfə filmə çəkilən
ən azı 20-30 min dollar qazanmalıdır ki, dolansın. Məsələn, mən
Rusiyada və digər xarici ölkələrdə oluram və oradakı sənət
yoldaşlarımla bu istiqamətdə söhbət edirəm. Rusiyada elə də məhşur
olmayan aktyor ildə 100 —120 min dollar qazanır. Tanınmış aktyor
isə gününə 20 min dollar tələb edir.
- Siz vaxtilə SSRİ məkanında tanınan aktyorlardan
olmusuz. O zamanlar Rusiyada və bir sıra respublikalarda filmlərə
çəkilmisiz. SSRİ dağılandan sonra heç olubmu ki, o ölkələrdən sizi
çəkilişə dəvət etsinlər?
— Bəli, olub. Bir vaxtlar dəvət oldu. Rusiyada İqor Royzman adlı
telerejissor var. O, çəkdiyi beş seriyalı filmə dəvət etdi və biz
orada iştirak etdik. Düzdür, o filmdə Azərbaycandan məndən başqa
Fəxrəddin Manafov və Həmidə Ömərova da çəkilib. Həmin rejissor
sonra Çingiz Abdullayevin "Dronqo"sunu çəkdi və mən orada prokuror
rolunu ifa etdim. Sonra isə bizə bəlli olmayan səbəblərdən
çəkilişlərə dəvət almadıq. Bir gün F. Manafov dedi ki, bəs Moskvada
olanda həmin rejissorla görüşdüm və film çəkilişlərinə dəvət
almamağımızın səbəbini soruşdum. Dedi ki, məndən olsa heç bir
problem yoxdu. Sadəcə bizim bir erməni prodüsser var, o deyir ki,
Bakıdan çəkilişə adam çağırma. Vəssalam.
- Rasim müəllim, bu gün komediya janrında bir sıra
tamaşalar çəkilir. Bu tamaşalar və oyunçuların səviyyəsi sizi qane
edirmi?
— Yeganə olaraq onu deyə bilərəm ki, Coşqunla Rafael istedadlı
uşaqlardır. Ancaq onların yaxşı ssenari yazanı yoxdu. Onlar üçün
xüsusi ssenarilər yazılmalıdır ki, istedadlarını tam ortaya qoya
bilsinlər. Onların əsas problemi daha çox qadın rolunu ifa
etmələridir. Düzdür aktyora öz məharətini göstərmək üçün qadın
rolunu bir neçə dəfə ifa etmək olar. Amma bu davamlı olanda bir az
şit alınır. Bir şey ki, əndazəni aşdı, o, adama ləzzət eləmir. Buna
baxmayaraq, bir daha təkrar edirəm ki, bu ikisi istedadlı
uşaqlardır.
— İndi daha çox canlı şoulara üstünlük verilir. Bunu
yaradıcılıq baxımından necə dəyərləndirirsiniz?
— Vaxtilə biz də telekanallarda birbaşa canlı tamaşalar
oynamışıq. O vaxtlar bir saatlıq verilişlər, tamaşalar olurdu və
biz orada iştirak edirdik. Şəxsən mən özüm dəfələrlə iştirak
etmişəm. Amma təəssüflər olsun ki, onlardan biri də indiyədək
qorunub saxlanmayıb. Elə məhz belə bir tamaşaya çəkiliş zamanı
rəhmətlik İsa Hüseynovla Həsən Seyidbəyli "Nəsimi" filminin
ssenarisini nəzərdən keçirirlərmiş. Məni görüb deyiblər ki, bax o
oğlan necə də Nəsimi obrazına uyğun gəlir. O, xarici görünüşdən
bizim istəyimizə cavab verir, amma ümidlərimizi doğrulda bilərmi,
ya yox?!… Çünki xarici görkəm hələ hər şey demək deyil… Sonralar H.
Seyidbəyliyə sual veriblər ki, bəs necə oldu, Rasim Balayevi Nəsimi
roluna çəkdiniz? O isə cavabında deyib ki, onda miniatür
şəkillərdəki kimi qədim kişilərə xas olan cizgiləri gördük və bu
baxımdan da onun üzərində durduq.
- Demək olarmı ki, bu film də sizin sənət karyeranızda
müstəsna rol oynadı?
— Bəli. O roldan və filmdən sonra mənə yaşıl işıq yandı. O
zamanlar kinoaktyorları yoxlayardılar. Amma həmin filmdən sonra
məni yoxlamadan çəkilişlərə dəvət edirdilər.