Duyulmaq üçün gələn insan
Elə insanlar var ki, onlar
dünyaya ancaq duyulmaq, anlamaq və yaratmaq üşün gəlirlər. Onlardan
hər şeyi ummaq, çox şey tələb etmək olmaz. Onların missiyaları tam
başqadı.
Seçilmişlər bəşəriyyətə, cəmiyyətə, topluma xeyir vermək üçün
göndərilmişlərdir. Öyrənmək, öyrətmək, əksəriyyətin
bacarmadıqlarını vermək üçün gələnlərdir.
Bu insanlar, adətən, zamanında başa düşülmürlər. Çünki onlar
zamandan çox qabaqdadırlar.
Onlardan sonra bir boşluq yaranır.
Ədəbiyyata, poeziyaya, incəsənətə, mədəniyyətə son dərəcə həssas
olan, sözə böyük önəm verən Adil Mirseyid də belə insanlardan idi.
Adil fərqliliyi ilə gözəl idi.
Qələbəliyi sevməzdi. Qələbəlikdən qaçardı. Tənhalığı sevərdi.
Bəzən adamlardan çox ağaclarla, quşlarla, dənizlə danışardı. Və bir
də içindəki məniylə.
Bildiklərini öyrətməyə, yardımçı olmağa çalışardı.
Dostları üçün ərk elədiyi bütün qapıları döyərdi. Özü üçün heç
yerə getməzdi. İşlə bağlı dəvət aldığı yerlərə gedəndə elə ilk
görüşdən bütün ideyalarını verərdi. Sonra onu çağırmayanda özünü
pis hiss edərdi. O, hamını özü kimi qəbul edirdi.
Pisliyi bacarmazdı. Xoşlamadığı, sevmədiyi adamdan sakitcə
aralanardı. Ya da onu gördükdə yanından sakitcə ötüb keçərdi. Bir
daha ona dönməzdi. Bəlkə hansısa çox vacib məcburiyyət olaydı. Onda
da çox könülsüz. Ötəri.
Adildə küsmək, tərk etmək var idi. Mən Adili duyurdum.
Anlayırdım. Onu olduğu kimi qəbul edirdim.
Adil onu ağrıdan, incidən nə vardısa, hamısını mənimlə
bölüşərdi. Edilənləri. Etmək istədiklərini. Məcburən etdiklərini.
Və onların mənəvi, daxili acısını da. Bölüşüb bir az rahatlanardı.
Onu boğan, ona əzab verən o ağır yükü üstündən, içindən atıb
yüngülləşirmiş kimi.
Adil olan məclisdə söhbət nədən gedir getsin, söhbətin məcrası
sonda poeziyaya yönələrdi. Dostlarının şerlərinə mütləq fikir
bildirərdi. Və hamı da Adilin fikri ilə razılaşardı.
"Axşam şeir yazmışam. Oxuyum, bir sən də qulaq as", - deyərdi
ikilikdə olanda.
Adil yazıya bir anlıq göz gəzdirib qiymət verərdi. Elə sənət
əsərlərinə də.
Tədbirlərə nadir hallarda qatılardı. Bir də gördün zəng eləyib:
"Yarım saatdan sonra filan yerdə olacam. Bir görüşək". Görüşəndə,
"Axı sən tədbirdə olmalıydın?" sualına başını tərpədib: "Mənlik
deyil", söyləyib, tez başqa mövzuya keçərdi. Hiss edərdim ki,
tədbirdə ya kiminsə olacağını bilib getməyib, ya da darıxıb
çıxıb.
Adil əsl esseist idi. Onun şeirləri kimi esseləri də
seçilirdi.
Son vaxtlar yaşayanlardan - həyatda olanlardan esse yazmırdı.
Ancaq dünyasını dəyişənlərdən yazırdı. Bunun da səbəbi vardı.
"Onlar dedi-qodu etmirlər. Yazı niyə getmədi, gecikdi, və s.
demirlər", - söyləyərdi.
Bəzən o qənaətə gəlirsən ki, ölülər dirilərdən daha ağıllıdılar.
Heç olmasa dinmirlər.
Adilin şeirlərini, poemalarını "Azərbaycan", "Ulduz"
jurnallarına adətən mən təqdim edərdim. Şeirlərini diskə köçürüb
gətirərdi ki, özününkü ilə birlikdə bunu da verərsən. Redaksiyada
dostlar da artıq öyrəşmişdilər. Mən yazı gətirəndə, "Adilin də
yazısını gətirmisən?"- soruşardılar. "Birinci Adilin yazısını
verin", - ifadəmə də adət etmişdilər.
* * *
Yuxuda məndən "Şairlərdən kimləri görürsən? Çayxanaya
gedirsənmi?" - sordun.
"Yox, artıq sənsiz ləzzəti qaçmış çayxanalara getmirəm, şairləri
də hərdən Yazıçılar Birliyinə gedəndə görürəm, ya da tədbirlərdə" -
söylədim. Bir də "Oralarda nə yeniliklər var?"- dedin.
"Daha səndən sonra qumru quşları da bağlardan perik düşüblər.
Mənimtək.
Daha çayxanalarda müzakirələr, dinləmələr də səngiyib. Daha
dostlar da az-az görüşürlər.
Payızın xəzanını, yağışlı havasını sevən, yağışa hərdən başını
qaldırıb salam verirmiş kimi baxan, sonra eynəyini silib asta
addımlarla addımlayıb, arabir dayanıb ağaclara baxan; ayaq
saxlayıb, çönüb nələrisə danışan; sevgilisinin sevinc göz
yaşlarında islanmaqdan ləzzət alırmış kimi sevinən adam yoxdu bu
şəhərdə. Hava da, yağış da artıq sevgilisini itirmiş kimidi...
Budağından qopub yeri məkan seçən yarpağa bu məqamda həm şair,
həm rəssam kimi baxan, bir tutarlı ifadə ilə fikrini bildirən, yeni
yanaşma, bənzətmə verən; son vaxtlar geydiyi, heç vaxt, hətta ən
soyuq havada da yaxasını düymələmədiyi qara paltosunun boynunu
qaldırıb, ağ-qara şərfini boğazına bir az da möhkəm sarıyıb
uclarını sinəsinə buraxan, idman papağını alnına kimi dartaraq,
sanki özü kimi tüstülənən papirosdan istədiyi ləzzəti alırmış kimi
sümürüb; yaddaşının alt qatından, ya da yeni düşüncəsindən bir
fikri söyləyəcək adam görsənmir mənimçün süsləşmiş bu bağlarda,
parklarda...
Həmişə sənin ad gününü ayrıca qeyd edərdik. İkilikdə. Sənsiz ilk
ad günün də elə oldu. Özünü rahat hiss etdiyin o yerlərin birində
oturduq. Xatirələrin qoynunda. O gün ancaq sən danışdın. "Mənə çayı
az süz", deyərək. Həmişəkindən daha çox dinləmək istədim səni.
Səsin üçün çox darıxmışdım" - dedim.
Sən mənim yaddaşımda sonuncu kitabının təqdimatında
çəkdirdiyimiz şəkildə olduğun kimi qaldın. Sanki şəkilin çəkilib
qurtarmasını gözləyirsən. Nələri isə deyəcək, nələri isə indicə
söyləyəcək kimi. Dinamik. Canlı... (Sən xəstə olanda səni təxminən
hər gün ziyarət etsəm də səninlə şəkil çəkdirmədim.
İstəmədim...)
ölümün xeyrinə işləyir saat
- dediyin o son gecədən bir il ötdü. Bu bir ildə sənsiz olmadıq.
Hər zaman sən bizimlə oldun. Yanımızda oldun. Düşüncəmizdə
oldun...
Azərbaycan şeirində xırda hərflərlə başlanan, nöqtəsiz,
vergülsüz; içərisində rəssamlıq, müxtəlif ədəbi cərəyanların
elementlərini, xarici dillərdə olan sitatları görəndə, avanqard
poeziyadan söhbət gedəndə mütləq və mütləq Adil Mirseyid
xatırlanacaq.
Yada salınacaq.
Anılacaq.
Daha yaşamaq necə olur...