Ana səhifə Kult |
O şəxsin elmi dərəcəsinin ləğv olunmasını alqışlayıram.
Bu sözləri Kult.az-a tarixçi alim, dosent Zaur Əliyev Ali Attestasiya Komissiyasının tarixində ilk dəfə olaraq xaricdən edilən müraciət əsasında bir nəfərin alimlik dərəcəsini ləğv etməsi faktı haqda danışarkən deyib.
Z.Əliyev bildirib ki, Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevin dövrünə qədər AAK-da təsdiqlənən dissertasiyaların bəziləri plagiat idi:
“Xaricdə yazılmış dissertasiyaları Azərbaycana gətirib tərcümə edirdilər. Bəzi yerlərində “düzəliş” edib müdafiəyə göndərirdilər. Azərbaycanda informasiya və kompüter şəbəkələri tam inkişaf etməmişdi deyə, o əsərlərin orijinalı əlçatan deyildi. İndi artıq elektron plagiat sistemi qurulub. Bir dəfə məlum oldu ki, rəy verməli olduğum dissertasiya Latviyada müdafiə olunmuş işdir. Həmin dissertasiya geri qaytarıldı. Belə hallar çox olur: Rusiyada, Ukraynada və ya Avropa ölkələrində müdafiə olunmuş işləri götürüb, bir-iki cümlə dəyişib, müdafiəyə təqdim edirlər”.
Z.Əliyev bildirib ki, ümumiyyətlə, plagiat işlərin qarşısını almaq çox vacibdir, çünki elmi iş beyin məhsuludur:
“Alim işi ortaya qoyarkən çoxsaylı faktlara əsaslanmalıdır. Öz fikrini ortaya qoyub, digər tədqiqatlarla müqayisələr aparmalıdır. Famil Mustafayev özündən əvvəlki dövrdə müdafiə olunmuş işlərə baxsa, daha çox plagiat dissertasiyalara rast gələcək.
AAK-ın son qərarı, hesab edirəm, alimlərə bir xəbərdarlıq oldu. Özlərinə “alim” deyən şəxslər artıq başqa dissertasiyaları kopyalamaqdan çəkinəcəklər. Dissertasiyaları oğurlamaq kiminsə intellektual əmlakını oğurlamaqdır. Yəni adi məişət oğurluğundan daha böyük cinayətdir. Elmdə plagiat yox, tədqiqat olmalıdır. Çünki dövlət büdcəsindən həmin alimə müəyyən miqdarda əmək haqqı ayrılır. Əgər alim dövlət büdcəsindən pulu alıb, plagiat iş təqdim edirsə, onda o, dövləti də aldadır, elmi də”.
Tarixçi qeyd edib ki, oğru “alimlər” əsl alimlərin qarşısını alır:
“Famil Mustafayevdən bir alim kimi xahiş edirəm ki, elmi əsərlər "yazan" yüksək çinli məmurların qarşısını alsın. Necə ola bilər ki, adam böyük bir quruma rəhbərlik edir, vəzifə tutur, ancaq vaxt tapıb tədqiqat apara bilir.
Araşdırılmalıdır ki, bir insan məmur ola-ola bu dissertasiyanı necə yazıb? Demək ki, pulla yazdırıb. Azərbaycanda pulla yazdırılan dissertasiyaların sayı kifayət qədərdir”.
Z.Əliyev AAK-ın media ilə işləməsini də vacib sayıb:
“Çünki mətbuat işçilərinin yazıları da oğurlanır. Saytlarda araşdırma yazılar, analizlər gedir. Hansısa “alim” saytda çıxan həmin məqaləyə bir-iki mənbə qoyub, dissertasiyasına əlavə edir. Axı dissertasiya ictimai müzakirəyə çıxarılmır. Müzakirəyə gələnlərin çoxu da yaşlı alimlərdir, onlar gündəlik saytları izləmirlər deyə, bu oğurluqlardan xəbərləri olmur”.
Tarix
2021.10.16 / 08:45
|
Müəllif
Aytəkin Qardaşova
|