Ana səhifə Kult |
Ermənistan SSR Elmlər Akademiyasının Coğrafiya bölməsində V.Q.Zubietyan adlı erməni tədqiqatçı 1947-ci ildə İrəvanda “Dərələyəz (iqtisadi-coğrafi xarakteristika təcrübəsi)” adlı namizədlik dissertasiyası müdafiə edir. Bu dissertasiya təbii ki, erməni maraqlarına uyğun yazılsa da, orada reallığı əks etdirən bəzi maraqlı məqamlar da var. Xüsusilə də “Xalq təsərrüfatının sosialistcəsinə yenidən qurulması” adlı fəslin “Əhali və onun yerləşməsi” adlı ilk paraqrafında (s.52-54) belə etiraflar yer alıb:
“Ermənistanın digər rayonları kimi, Dərələyəz əhalisi də keçmişdə milli tərkibinə, yaşayış məntəqələrinin və iqtisadiyyatının xarakterinə görə köklü dəyişikliklərə məruz qalmışdır. Milli tərkib və digər əlamətlər üzrə bu dəyişiklik son 100 ildə də müşahidə edilir... 1828-ci il Türkmənçay və 1829-cu il Ədirnə müqaviləsinə görə, ruslar tərəfindən İrana (Qacarlar dövlətinə - E.N.) və Türkiyəyə (Osmanlı imperiyasına – E.N.) və əks istiqamətdə əhalinin məskunlaşdırılması nəzərdə tutulurdu, bununla əlaqədar Azərbaycan əhalisinin böyük hissəsi Dərələyəzdən Arazın digər sahilinə İrana məskunlaşdırıldı, Xoy, Salmas və Urmiya gölü hövzəsində yaşayan erməni əhalisi isə Araz çayının sol sahilinə məskunlaşdırıldı və azərbaycanlı əhalinin boşaltdığı məskənləri tutdu. Dərələyəzdə Türkiyənin Ağbək əyalətindən də ermənilər məskunlaşdırıldı. Türkiyə və İrandan erməni əhalisinin məskunlaşması 1-ci imperialist müharibə vaxtı və Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra da davam etdi... 1831-ci ildə əhalinin ümumi sayı 6728 nəfər idi, onun da 3268 nəfəri erməni idi, onlardan 2773 nəfəri, yəni 85%-i sonradan köçənlərdir”.
Müəllif tərəfindən tərtib edilən xüsusi cədvəldə aparılan məskunlaşdırılma siyasəti nəticəsində Dərələyəz əhalisinin etnik tərkibinin necə dəyişməsi 1831, 1897, 1926, 1939-cu illər üzrə rəqəmlə, 1897, 1926, 1931 və 1939-cu illər üzrə isə faizlə göstərilir. Həmin cədvəldən məlum olur ki, ermənilərin tarixi Azərbaycan torpaqlarında, o cümlədən də Dərələyəzdə məskunlaşdırılmalarına və azərbaycanlıların öz ata-baba yurdlarından sürgün edilmələrinə baxmayaraq, 1897-ci ildə əhalinin 62 faizini azərbaycanlılar, 37,9 faizini isə ermənilər təşkil edirdi. Erməni əhalinin də əksəriyyətini məhz gəlmələr təşkil edirdi. SSRİ hökuməti qurulduqdan sonra bu nisbət ermənilərin xeyrinə daha da dəyişdirilmişdir. Belə ki, erməni müəllifi yazır ki, artıq 1939-cu ildə əhalinin 66,8 faizini ermənilər, 32,8 faizini isə azərbaycanlılar təşkil edirdi.
Elnur Nəciyev, tarix üzrə fəlsəfə doktoru
Tarix
2022.09.15 / 08:00
|
Müəllif
Kult.az
|