Bu gün – elə indicə - "yay vaxtı" bitdi, saatları qışa köklədik.
Qış qapının kandarındadı, isti yay günlərisə xeyli geridə qalıb.
Ancaq indi sümüklərin soyuqdan sızıldamağa başlayanda daha çox yayı
düşünürsən. Beləliklə, bütün il boyu xüsusi istirahət günləri
olmayan məşhurların yayı harada, necə istirahət etməsi ilə
maraqlanmaq heç də pis olmazdı. Bəlkə onların da canı bir az
qızınardı.
İlqar Cahangir
Yay tətilində cəmi 10 gün Batumi və Tiflisdə olub, təxminən 300
dollar pul xərcləyib.
Səlim Babullaoğlu
Xərclədiyi pulu saymayıb, amma Qubada ailəsi ilə birgə keçirdiyi
3-4 günlük tətildə 600-700 manat pul xərclədiyini deyir: "Artıq bir
neçə ildir ki, yay vaxtı adətən Corat bağlarında, Novxanı tərəfdə
oluruq. Xüsusi süfrə açılmasa, qonaq, ziyafət olmasa, xərclər də
uyğun olur".
Abbas Atilay
Yayda 15 gün Naxçıvanda olub, orada işləyib: "Bir neçə yerə
getmişəm, dağa-filan qalxmışam, ümumilikdə təqribən 500 AZN
xərcləmişəm".
Kənan Hacı
Yazar Kənan Hacı üç il ardıcıl olaraq yay
tətilini İstanbulda keçirib, bu il isə çoxlu problemləri
olduğundan, tətilinə çıxa bilməyib: "Həyatımın ən maraqsız, ən
sönük yayını keçirdim. Bütün yay boyu Bakının istisində tər
tökməklə məşğul olmuşam".
Sevinc Çılğın
Nabranda ailəsi ilə birgə dincəlib və 2000 AZN-ə qədər pul
xərcləyib.
Salam Sarvan
Bakıda "yaxşı-yaxşı" istirahət edib.
Rəbiqə Nazimqızı
Bakıda "dincəlib", xüsusi xərci-filan çıxmayıb.
Şərif Ağayar
Cəmi 10 gün Ağcabədidə, kənddə olub: "Adi qaydada pul çıxdı,
həmişəki kimi, artıq pul xərcləmədim. Yay boyu alça yedim, göy
qutabı yedim... Murakamini oxudum... Çoxlu-çoxlu yatdım".
İntiqam Soltan
"Bütün yay uzunu işlәmişәm. Türkiyәdә 10 tamaşa oynamışıq.
Gürcüstanda festivalda olmuşam.
Azәrbaycanın 10 rayonunda "Hәyatla oyun" (narkomaniya)
tamaşasını oynamışıq. Vә nәhayәt 15 gün Qubanın Alpan kәndindә tam
qüvvә ilә (çatdırım deyә) "Sәndәn sonra" serialının çәkilişlәrindә
olmuşam. Bir sözlә, hәqiqәtәn әla istirahәt olub mәnimçün. Mәn
işimdәn kәnarda istirahәt elәmәyi bacarmıram.
Lap sonda isә İrana festivala qatılmaqla yay günlәrinә nöqtә
qoydum".
Ramal Hüseynov
Ramal Hüseynov: "Bütün tətil planlarım alt-üst
oldu. Keçən ilin sentyabr ayında verilişim bağlandı və işdən
ayrıldım. Yay aylarına qədər ehtiyaclarımı təmin etməkdə maddi
çətinliklərim oldu. Və görünən odur ki, üzümüzə gələn yayda da
tətilə gedə bilməyəcəm".
Cavanşir Yusifli
"Mən yay tətilini hardasa keçirə bilmək qədərində imkanlı
deyiləm".
İntiqam Hacılı
"Biləsuvarda, Masallıda, Lənkəranda, Yevlaxda, Tovuzda və
Qəbələdə keçirtmişəm. Üst-üstə 15 gün edib bu. 800 manat pulum
çıxıb. Sözsüz ki, həmin yerdə yaşayan dost-tanış da istirahətimin
ucuz başa gəlməsinə yardımçı olub".
Sevinc El-Sevər
"Cəmi iki gün Türkanda bağ evində qalmışıq. Sonra ailəvi
Masallı, Lənkəran, Astara və Lerikdə bir neçə istirahət zonalarında
olduq. Ucuz olsun deyə, rayonun mərkəzində qalırdıq. Beş gün
dalbadal iki-üç maşınla meşəyə tərəf çıxırdıq. Bu istirahətdən də
bir qram ləzzət almadım. Yollara tökülüb vaxt itirirdik. Nəsə,
ciddi pul xərcləmədən istirahət eləmişik bu yay, yaxşı dostların
canı sağ olsun!"
Şövqi Hüseynov
"Bakıdan kənara çıxmadım. Teatrda Bekketin "Tək aktyorluq mim"
tamaşasını hazırlayıb qurtarmışam. Yay tətilim belə keçib".
Bəhruz Vaqifoğlu
"Dübəndidə dincəldik. İsti hava, sakit dəniz, səhərlər samovar
çayı, axşamlar nərd oyunu və maraqlı söhbətlər, çərpələng uçurmaq,
futbol oynamaq, bol-bol şəkil çəkdirmək və s. Ayağımı yorğanıma
görə uzatdım, necə deyərlər: "Aclıq olsun, kef olsun"
prinsipiylə".