Onun kinoda ilk böyük rolu
"Bir cənub şəhərində" filmindəki Tofiq obrazı olub. Elə yaratdığı
obrazlar arasında ən çox sevdiyi də məhz Tofiq idi. Xalq artisti,
sevilən aktyor Eldəniz Zeynalovu xatırlayacağıq xatirə
günündə.
O "Əhməd haradadır?" musiqili kinokomediyasında rəngsaz
Əhməd, "O qızı tapın"da Səyavuş, "Mən nəğmə qoşuram"da sədr, "Qızıl
uçurum"da Nuru bəy, "Bizim Cəbiş müəllim"də alverçi Qulam, "Yeddi
oğul istərəm"də kəndli Kazım, "Həyat bizi sınayır"da Məsi, "Yol
əhvalatı"nda şikayətçi, "Babamın babasının babası"nda həkim kimi
yadımızda qalıb.
Yaratdığı obrazlarla xatırladığımız aktyoru ölümündən 13
il sonra oğlu Elbrus Zeynalov necə xatırlayır?
- Hansı məqamlarda atanızın yoxluğunu daha çox hiss
edirsiniz?
- Yaş üstünə yaş gəlsə də, övladın ataya həmişə ehtiyacı olur.
Onun yoxluğunu hər addımda hiss edirəm. Atam çox zarafatcıl, yumoru
sevən insan idi. Kədərini də zarafata çevirirdi. Münaqişə sevən
adam deyildi, küsülü qalmağı xoşlamazdı. Heç başqalarının da küsülü
qalmasına imkan vermirdi. O qədər ailələr olub ki, ayrılmaq
ərəfəsində atam onları barışdırıb.
- Bir ata, ailə başçısı, ər kimi necə idi - sərt, yoxsa
mülayim?
- Bizə yaxşı ata və anama da gözəl həyat yoldaşı olub. Daxilən
həlim insan idi, amma əsəbiləşməyi də vardı. Bir sözünü iki
eləməyimizdən xoşu gəlmirdi. O dəqiqə hirslənirdi. Elə biz də
onunla hər zaman pərdəli dolanırdıq. Tələbkar insan idi.
- Bir ata kimi sizə əsas nəsihəti nə
olurdı?
- Deyirdi ki, hansı peşədə olursunuzsa-olun, amma pulunuzu halal
yolla qazanın. Atam təmiz adam idi, haramı sevməzdi.
- İstədiyi, amma oynaya bilmədiyi rollar
qaldı?
- Hamleti oynamaq istəyib, amma olmadı. Cavan yaşlarında qismət
olmadı, sonra isə yaşı uyğun gəlmədi. Söz yox ki, yaşlı vaxtında
Hamleti oynayan aktyorlarımız da olub.
- Bəs ən çox hansı rolunu sevirdi?
- "Bir cənub şəhərində" filmindəki Tofiqi. Həmişə o film
haqqında ürəkdolusu danışırdı, çəkiliş zamanı başına gələn
hadisələri nəql edib gülürdü.
- Bəlkə onun nəql elədiklərindən bizə də
danışasınız…
- Deyirdi ki, o vaxtlar mentalitetə zidd olan hərəkətlər yaxşı
qarşılanmayıb. "Bir cənub şəhərində" filminə çəkilərkən atam
rejissorun təkidi ilə qızı qucaqlamalıymış. Amma aktrisa buna
razılıq verməyib. Rejissor israr edib ki, bu kadr hökmən
alınmalıdır. Belə olan halda atam rejissora deyib ki, narahat olma,
işıqları söndür, mən onu qəfildən qucaqlayacam. Belə də ediblər.
Atam işıqlar sönən kimi qızı necə qucaqlayıbsa, qız başlayıb
qışqırmağa. Rejissor göstəriş verib ki, çəkin. O filmdəki kadr
yalançı kadr deyil, doğrudan da, qız çığır-bağır edir, atamın
üstünə qışqırır.
- Bildiyimizə görə, Eldəniz Zeynalov at minməkdən
qorxduğu üçün bir çox filmlərdən imtina edib...
- "Yeddi oğul istərəm" filmində Mirpaşa əvvəl ona həvalə
edilmişdi. Rejissor atamın atdan qorxduğunu eşidəndə rolu başqasına
verdi. Bir neçə filmdə də belə olub.
- Başqa hansı fobiyaları vardı?
- Fobiya deyəndə ki, ekstrimləri heç sevmirdi. Çətinə düşəcəyi
filmlərdən imtina edirdi.
- Böyük aktyorlar həm də kaprizli olur. Eldəniz Zeynalov
necə idi, rejissorun dediyini istəməsə də eləyirdi,
yoxsa?
- Atam özünə hörmət edən adam idi, heç kimdən söz götürməzdi. Bu
xasiyyətinə görə bir neçə filmi yarımçıq da qoymuşdu.
- Hansı filmləri?
- Məsələn, "Bağ mövsümü" filmində axıracan çəkilməyib.
- Niyə, nə xoşuna gəlməmişdi ki?
- O xoşlamırdı rejissor çəkiliş zamanı desin ki, burda yox, orda
otur, yaxud da belə yox, elə elə. Sözü həmişə keçirdi, söz
götürmürdü. Hətta bir müddət elə oldu ki, atam heç bir filmə
çəkilmək istəmədi. Yadımdadır ki, dostları, rejissorlar ona zəng
edirdilər ki, gəl filmə çəkil. Amma o etiraz edirdi. Elə buna görə
də çox vaxt epizodlara çəkilirdi.
- Niyə çəkilmək istəmirdi ki?
- Nə bilim. Bir müddət belə oldu. Sonra inadı buraxıb dəvətləri
qəbul etdi.
- Bəlkə kimdənsə incidiyi üçün belə edirdi?
- Ümumiyyətlə, o, tez inciyən adam idi, amma küsülü
qalmazdı.
- Doğrudurmu ki, Eldənizin adını şair Səməd Vurğun
qoyub?
- Bəli. Səməd Vurğun babamgillə qonşu olan dostu Abdulla
Şaiqgilə tez-tez gəlib-gedərmiş. Yeni ilqabağı yenə yığışıblar.
Həmin vaxt xəbər gəlib ki, qonşu Məmməd kişinin oğlu olub. Səməd
Vurğun deyib ki, mən onun adını Eldəniz qoyuram. Onu da deyim ki,
atam məşhur aktyor Həsənağa Salayevin bacısı oğlu idi və onun
aktyor olmasında da dayısının təsiri vardı.
- Əyləncəsi, hobbisi vardımı?
- Əntiq əşyalar - kəhrəba təsbehlər, marka, müştük, brelok,
suvenirlər toplayardı. İndi onların hamısını evdə saxlayırıq.
Futbol azarkeşi idi. "Neftçi" komandasına azarkeşlik edirdi.
- Bəs geyim-kecimi xoşlayırdı?
- Bir dəfə də olsun, onun əynində ütüsüz paltar görməzdik. Atam
səliqəli və şıq geyinirdi. Özü də evdə çöl-bayır paltarını
geyinməzdi. Evə gəlib paltarını dəyişmədən süfrə arxasında
oturmazdı.
- Evdə də elə şirin ləhcə ilə danışırdı?
- O filmlərdəki obrazlarının dili ilə danışmağı xoşlayırdı.
Dostları ilə çox vaxt zarafatyana, obrazların dili ilə "qədeş" kimi
danışırdı.
- Həmkarları arasında onun paxıllığını çəkənlər
vardı?
- Belə şeylərə fikir verməzdi. O, özünə dəyər verən adam idi.
Əsl şəxsiyyət idi.
- Onu özündən nə çıxara bilərdi?
- Haqsızlıq. Tək özünə qarşı yox e, ətrafdakı insanlara qarşı da
bir haqsızlıq görəndə əsəbiləşirdi, dərhal onun müdafiəsinə
qalxırdı.
- Deyilənə görə, dünyadan köçdüyü gün balışının altına
məktub yazıb qoyubmuş...
- Hə, bir kağız parçasına yazmışdı ki, mən həyatda olmayanda
uşaqlarımı sizə əmanət edirəm.
- Kimə yazmışdı?
- Yaxın dostu Telman Adıgözəlov və Mikayıl Mirzəyə.
- Dostları vəsiyyətinə əməl etdilər?
- Hərənin öz ailəsi vardı. Atam bizim taleyimizdən çox nigaran
idi, ona görə belə yazıbmış.
- Hansı xəstəlikdən dünyasını dəyişdi?
- Yazırlar ki, guya atamın qaraciyərində sirroz olub, ürək və
şəkər xəstəliyindən dünyasını dəyişib. Əslində, atamın ölüm səbəbi
başqa idi. Həkimlərin günahı üzündən öldü. Yıxılanda budu sınmışdı.
Əməliyyat zamanı etdikləri səhv ayağında damar problemləri
yaratmışdı. Drellə ayağını deşmişdilər, bu ağrını gözümün önündə
yaşadı. Hətta huşumu da itirdim.
- Son anda nə dedi?
- Heç nə. Gecəyarısı onun yatdığı otaqdan səs-küy eşitdim. Otağa
keçəndə gördüm ki, atam dünyasını dəyişib. O anı xatırlamaq mənə
ağırdır. Atam ekstrimlərdən həmişə qaçırdı, amma elə yıxılaraq
ölümünü tezləşdirdi.
- Heç yuxunuza girir?
- Dünyasını dəyişən ərəfədə çox fikir edirdim, yuxuma da tez-tez
girirdi.
- Yuxuda necə görürdünüz?
- Mənə deyirdi ki, narahat olma, hər şey yaxşı olacaq.
- Arzuları vardı?
- Arzuları bizimlə bağlı idi. İstəyirdi bizi evləndirsin,
toyumuzu görsün. Hətta nişanlı olmaya-olmaya bizim toy
dəvətnamələrimiz barədə düşünürdü, siyahı tuturdu ki, filankəsləri
toya çağıracam. Qismət olmadı.
- Ölümündən sonra da olsa, arzuları
reallaşdı?
- İki qardaşıq, bir bacımız var. Mən də, qardaşım da
evlənmişik.