Budəfəki müsahibimiz modelyer-rəssam Təranə
Sultanovadır. O, moda sahəsində kifayət qədər ciddi layihələrə imza
atıb, ölkəmizi mötəbər müsabiqələrdə təmsil edib.
Axar.az Təranə Sultanova ilə söhbəti təqdim edir:
- Təranə xanım, yorğun görünürsünüz. Mən elə bilirdim,
ən rahat peşə modelyerlikdir. Elə geyinib-kecinənlərə baxır, bir
qədər dəyişiklik edir, zəhmət haqqını alırsınız,
vəssalam!
- Yox, qətiyyən (gülür). Nə danışırsınız? Elə ən çətin peşə
bəlkə də bizdədir! Əvvəlcə onu qeyd edim ki, geyimlərin
hazırlanması üçün lazım olan hər şey bizdə var. Materiala əsasən
eskiz çəkir, onu müştərinin zövqünə uyğun hazırlamağa çalışırıq.
Hamısı o qədər vaxt və zəhmət tələb edir ki! Hələ mən sonradan
xanımın və ya bəyin bizim zövqümüzə seçilən geyim və aksessuarlarda
dəyişiklik etmək istəyini dilə gətirmirəm.
- Yəni o cür hallar tez-tez baş verir?
- İş ondadır ki, Azərbaycanda modelyer və dizaynerlərə üslub
seçimi ilə bağlı müraciət edənlərin əksəriyyəti xanımlardır.
Kişilər daha çox öz zövqlərinə güvənirlər. Xanımlar isə daha
kaprizli və ərköyün olurlar.
Ziyafət və ya iş görüşmələrində...
- Sizcə, kişilərin modelyerlərdən uzaq gəzmələri nə ilə
bağlıdır?
- Məncə, daha çox burada milli-mənəvi hesab edilən daxili
tərbiyədir. Təbii ki, uşaq yaşlarından "kişi nə geyindi, yaraşar"
prinsipi ilə böyüyən gənclər öz ciddi çərçivələrindən kənara
çıxmaqda çətinlik çəkir. Nəticədə, lazım olan ziyafət və ya iş
görüşmələrində özlərinə və şəraitə münasib geyim seçirlər.
- Necə etmək olar ki, ölkəmizdəki kişilər əksər xanımlar
kimi zövqlə geyinsin?
- (Gülür) Bu, artıq onların stereotipinə çevrilib. Amma zövqlə
geyinən güclü nəslin nümayəndələri də az deyil. Modelyerlərə daha
çox sənət adamları müraciət edir. Əgər siz efirdə zövqlə geyinmiş,
paltarlarında rəng seçiminin biri digərini tamamlayan kişi müğənni
və ya digər sənət sahibi görürsünüzsə, bilin ki, sözügedən şəxsin
olduqca güclü modelyeri var. Ümumiyyətlə isə zövq dünyası insanın
təbiətindən asılıdır və burada mühitlə maddiyyat böyük önəm
daşıyır.
- Təranə xanım, dizaynerlərdən danışdıq. İstərdim moda
və dizayn aləmindəki uğurlarınızdan söhbət açasınız.
- Mənim 27 yaşım var. Rəssamlıq Akademiyasının magistratura
pilləsində təhsilimi davam etdirirəm. 2012-ci ildə "Nez Faşion"
modalar evinin təşkil etdiyi "2012-ci ilin paltarı moda
müsabiqəsində" laureat oldum.
2012-ci ildə "Faşion moda" İdman və Gənclər Nazirliyi tərəfindən
təşkil edilən "Art faşion" moda müsabiqəsinin "ən yaxşı geyim
kolleksiyası" nominasiyası üzrə qalib oldum.
2011-ci ildə MDB ölkələrinin iştirak etdiyi "Gənc modelyerlər
arasında keçirilən moda festivalında" ölkəmizi təmsil etmişəm
(Festival İdman və Gənclər Nazirliyi tərəfindən ölkəmizdə təşkil
olunmuşdu). Bütün sadaladığım nailiyyətlərimdə mükafatla təltif
edilmişəm.
Hazırda "Çaqteks" modalar evində modelyer olaraq çalışıram və
mediaya modalar evi adından çıxışlar etdiyim üçün, sözügedən
mərkəzin simasına çevrilmişəm.
Ailəyə meyilli deyiləm...
- Gənc olmağınıza baxmayaraq, böyük işlərə imza
atmısınız. Xaricdən təklif gələrsə, başqa bir ölkəyə köçərək, orada
yaşamağa və çalışmağa razılıq verərdinizmi?
- Yəqin ki, hə. Amma yenə də ailəmlə məsləhətləşərdim. Ailədə üç
övladıq. Ortancıl və ən ərköyün övlad mənəm. Ailə qurmağa meyilli
insan deyiləm. Mənim üçün əsas olan karyeradır. Düşünürəm ki, xanım
öz üzərində daha çox çalışmalıdır, cəmiyyətdə heç kəsdən asılı
vəziyyətdə qalmamalıdır.
- "Ailə qurmağa meyilli deyiləm", - dediniz və xarici
ölkə ilə bağlı təklifə razılıq bildirdiniz. Bəs, xarici vətəndaşla
nikaha necə baxırsınız?
- Əla. Mən düşünürəm ki, kifayət qədər təhsilli və tərbiyəli
xanımlar elə daha çox əcnəbi vətəndaşlarla ailə qururlar və çox
doğru addım atırlar.
- Bəs, bizim kişilər...
- Siz indiki cavanlara baxın! Onlar ancaq despot xislətlidirlər:
qadın evdə olsun, mətbəxdə, danışmasın, fikrini söyləməyə belə
imkan vermirlər. Azad fikirli insan heç vaxt qul, kölə ola bilməz:
hətta sevgi olsa belə, gec-tez bu əsarət bitməlidir. Mənə görə
sevgi yoxdur, hörmət var. Amma bizim gənclər yaxşı qızlarımızın
qədrini bilmir, onlara sıxıntı verir. Bizdən fərqli olaraq, Avropa
hesabat aparmır.
- Yəni Qafqaz ətəyinin sakinlərinin bir qədər emosional
və kobud olması sizdə onlara qarşı antipatiya yaradır?
- Açığı, çox vaxt – hə. Təbii ki, evlilik təklifləri ilə də
qarşılaşıram, sevgi etirafları ilə də. Lakin bu hallarda belə,
özümü əsarətdə olan insan kimi hiss edirəm: qarşı tərəfdə
səmimiyyət sezilmir. Əksinə, ancaq hakim olmaq, hökmranlıq etmə
hissini duyuram. Düşünürəm ki, qadın zəif deyil, zərif olmalıdır.
Bununla belə, gücünü, qabiliyyət və savadını büruzə verməlidir.
İspaniyada ofisiant işləyərəm...
- Hansı xarici ölkəyə getmək istərdiniz?
- İspaniyaya. İnanın, ən böyük arzumdur! Hazırda ispan dilini də
məhz bu arzuma görə öyrənirəm. Onu da qeyd edim ki, İspaniya
ruhumun, daxilimdəki Təranənin vətənidir.
- İspaniyada da modelyer olaraq
çalışacaqsınız?
- Gedən kimi öz peşəm üzrə mənə çalışmaq çətin olacaq.
İspaniyaya olan böyük məhəbbətimdən, orada qalıb yaşamaq üçün elə
ofisiant olaraq da çalışmağa hazıram.
- İspan dilini öyrəndiyinizi dediniz. Başqa hansı xarici
dilləri bilirsiniz?
- Rus, ingilis, türk dillərini bilirəm, ispan dilini müstəqil
olaraq öyrənirəm, bir qədər də tat, kürd və erməni dillərini
bilirəm.
Bu, bizim üstünlüyümüzdür
- Erməni dilini haradan öyrənmisiniz?
- Nənəm bilirdi o dili, mənə də öyrədib. O vaxtlar Bakıda erməni
çox olduğundan nənəm bu dildə sərbəst danışa bilirdi. Fikrimcə, biz
düşmənimizin dilini də bilməliyik. Bu, bizim üstünlüyümüzdür.
- Qayıdaq geyim tərzinə. Təranə xanım, geyimləri seçmək
və uyğunlaşdırmaq çox vacibdir?
- Geyim, əslində, insanı təqdim edir. Əlbəttə, bu baxımdan tərz,
seçim və üslub əsas götürülür. Misal üçün, biz heç vaxt ziyafətə
idman üslubunda gedə bilmərik. Bu artıq özümüzə və qarşımızdakılara
diqqətsizlik kimi qəbul ediləcək.
- Bir çox insan geyimə önəm vermir. Düşünmürsünüz ki,
onların uğursuz geyim seçimi işlərində problem
yaradır?
- İnanın, əgər geyimlərinə diqqət etmirlərsə, çox güman ki, bu,
onların olduqca məşğul olmaqlarından xəbər verir. Hər halda
istənilən uğur geyimə deyil, məhz zəhmətə bağlıdır. Götürək lap
qədim dövrü: insan yaranışdan paltarsız olub. Kişilərin tarixi
geyimləri öncə ətək olub, daha sonra don. Müasir kişi özünə don və
ya ətək geyməyi təhqir hesab edər. Amma vaxtilə bu bizim ənənəvi
geyimimiz olub. Zaman keçdikcə insan daha çox rahatlığa üstünlük
verib və geyimdə belə inqilab başlanıb.
Müasirliyi geyimlə ölçmürəm...
- Özünüz hansı geyim tərzini bəyənirsiniz və hansı rəngə
daha çox üstünlük verirsiniz?
- Mən kombinezonu çox sevirəm və sevdiyim rənglər qırmızı, qara,
ağ, qızılı, qəhvəyidir. Bej tonlardan istifadə edirəm.
- Bu ilin gəlinlikləri hansı dəbdə olacaq? Bir qədər
geyim və rənglərdən də bəhs edərdiniz.
- Gəlinliklərin rəng seçimində dəyişikliklər ola bilər. Belə ki,
bu il gəlinliklərin rəngi ağ idisə, növbəti il getdikcə tünd
rənglər dəbdə olacaq. Elə Saabın kolleksiyasına baxsaq, bu yeniliyi
görə bilərik.
Bu ilin ziyafət geyimlərində isə balıq formalı paltarlar
dəbdədir . Belə olduğu halda, güpürlü paltarlar, astar hissəsi
bədən rəngində və bu ton üzərində güprün naxışlarının daha aydın
görünməsindən ibarət olacaq. Bu il "toxunmalı" paltarlar dəbdədir:
bu toxunmalarda güllərin rəsmi əks olunur və toxunma ilə paltarın
arasında kontrastlıq gözlənilməlidir. Məsələn, "Dolçe Qabbana"nın
kolleksiyasında qara rəngli paltarda iri, qırmızı qızılgül
toxunması olduğu kimi. Dəb gözəllikdir, lakin aşırı gözəllik dəbi
nüfuzdan sala bilər. Gözəlliyə dəb və sadəliklə qatılan xanımları
alqışlayıram.