Povestin mükəmməl ekran yozumu
Milliyyətcə çex olub ailəsini ikinci dünya müharibəsində əsir
düşərgəsində itirmiş, Parisdə və Moskvada ali kino təhsili almış,
1968-ci ilin Praqa hadisələrindən sonra vətəninə qayıtmaqdan vaz
keçmiş rejissor Miloş (Jan Tomas) Formanın (1932) Amerikada Ken
Kizitin eyniadlı povesti əsasında 1975-ci ildə çəkdiyi "Qu quşu
yuvası üzərindən uçarkən" (One Flew Over the Cuckoo’s Nest)
(ssenari müəllifləri Lourens Hauben, Bo Doldmen) filmi demokratiya
uğrunda mübarizənin audiovizual həllini yaradır. Səhər-səhər
qapıların, əl-ayağa bağlanmış kilidlərin açılışı, dərmanların
paylanması mühiti açılan ruhi xəstəxanaya yeni gətirilən xəstənin
qandallardan azad olması ilə şadyanalığı yeni abı-havanı önə
çəkir.
Davakarlığına görə beş dəfə həbs olunmuş, on beş yaşlı qızı
zorladığından sonuncu dəfə həbsxanada yatmış Mark Merfinin (Cek
Nikolson) əməllərinə bəraət qazandırmaq, xəstələri təsir dairəsinə
salmaq, diaqnoz qoyan həkimi ələ almaq bacarığı personajın
psixoloji imkanlarını nümayiş etdirir. Və xəstələrin mənəvi
problemlərini müzakirəyə çıxaran tibb bacısı Reiçitin (Luiza
Fletçer) yaratdığı qalmaqalı soyuqqanlı müşahidəsi Mark Merfinin
daxili iradəsini passiv müqavimətini üzə çıxarır.
Amerikanın demoqrafik zümrə fərqliliyini təmsil edən xəstələr
arasından zənci Vaşinqtonun etirazına baxmayaraq seçdiyi
hərəkətsiz, reaksiyasız, ağır dəli hesab olunan boy-buxunlu
hinduya, basketbol topunu səbətə atmağa səbirlə vadar edən Merfi
özünün ali qayəsini dolayı yolla üzə çıxarır. Paralel olaraq əlil
arabasındakı xəstənin çəliyi ilə "boks armudu"nu döyəcləməsi
ətalətli mühitdəki həyat eşqinin alovlanmasından xəbər verir. Şərti
pul vahidini təmsil edən siqaretlərlə maddi maraq oyadaraq kart
oyununa cəlb etdiyi xəstələri öz mənafelərini qurmağı öyrədən Merfi
məqsədini reallaşdırmaq yolunda növbəti addım atır. "Mən burada
fikirlərimi, düşüncələrimi eşitmirəm" mətnini səsləndirən musiqiyə
üsyan edən Merfi demokratiyanın ilkin şərtini diqqət mərkəzinə
gətirir. Xəstələrə zorla qəbul etdirilən naməlum həblərə qarşı
çıxmaqla qrafiki dəyişərək televizorda beysbol çempionatına baxmaq
tələbini səsə qoyduran Merfinin passiv halsızların səsvermədə
iştirak etməmələri - auditoriyanın passivliyi hesabına xanım
Reiçitə uduzması gözönü qarşıdurmanı səciyyələndirir.
Uduzan Merfinin yerindən tərpətmək istəsə də, gücünün çatmadığı
əlüzyuyana güc gəlməsi məqsədi diqqət mərkəzinə gətirir. Artıq
madam Reiçitin açıq müzakirələrinə, standart müalicəsinə müqavimət,
çempionata baxmaq istəyənlərin çoxalması xəstəxanadakı oyanışdan
xəbər verir və növbəti səsvermədə halsızlar arasından nəhayət ki,
əlini qaldırmaqla hindunun qələbəni təmin etməsi çoxluğun
qələbəsini təmin edir. Ancaq iclasın bağlandığını bildirməklə
həlledici səsi saymayan xanım Reiçitin müqavimətindən sonra
televiziya ekranındakı yad təsvir üzərində apardığı reportajla
qələbənin imitasiyasını yaradan Merfi şərti qələbəni təmin edir.
Beləliklə, sərbəst bazar, azad söz, müstəqil seçki kimi demokratiya
təməllərinin tətbiqi mühiti canlandırır. Baş həkim, komissiya
sağlam hesab etməklə mühitdən uzaqlaşdırmaq istəsələr də, başladığı
işi sona çatdırmaq niyyətli Merfi ideyası uğrunda ölümə getməyə
hazır olan xarakteri səciyyələndirir. Hindunun çiyninə qalxmaqla
xəstəxananın hündür hasarını keçərək sükanı arxasında əyləşdiyi
avtobusu marşrutdan çıxarmaqla, yolüstü götürdüyü xanım tanışı
Kendi ilə birgə dostlarının psixiatriya institutunun həkimləri kimi
təqdim edilməsi, gəmi ilə balıq ovunda iri balığın tutulması
Merfinin xəstələrə azadlığı dadızdırması azadlığın tərənnümünə
çevrilir. Təqib olunan gəminin tutulmasına baxmayaraq bu hadisədən
sonra köhnə idarəçilik təməli sarsılan xəstəxanada Merfinin
yaratdığı basketbol komandasının həyata davamlılığı ümumi mənzərəni
dəyişir.
Halsızlarla birgə oyuna qoşulan boy-buxunlu hindunun əlini
uzatmaqla rəqib komandanın atdığı topun səbətdən keçməsinə mane
olması yaranan ümumi canlanmanı təsdiqləyir.
Hovuzdakı xəstələrə əlindəki dəyənəklə nəzarət edən sanitarın
buranın xəstəxana olduğunu xatırlatması ilə öz razılıqları ilə
buraya düşənləri qaçmağa təhrik edən Merfinin barışmaz ziddiyyəti
hadisələri gərginləşdirir. Və artıq xəstələrin istirahət
saatlarında və günlərində yataq otaqlarının bağlı olmasına,
siqaretlərinin əllərindən alınmasına etirazları pozulan hüququn
dərki kimi səciyyələndirilir. Bütövlükdə avtoritarlığa qarşı çıxan
filmdəki "üsyanda" pəncərə arxasındakı siqareti götürmək üçün
şüşəni sındırmaqla zədə alan Merfi inzibati amirliyin zorakılığının
qurbanına çevrilir. Lal-kar olmadığı üzə çıxan hindu ilə Kanadaya
qaçmağa qərar verən, bədəninə elektrik cərəyanı yeridildikdən sonra
özünü halsızlığa vurmaqla xanım Reiçitdə məmnunluq yaradan Merfi
qabartmaqla hadisəliliyi artırır. Artıq xəstələrlə dialoqa girmək
məcburiyyətində qalan xanım Reiçit mühitdə yaranan balansın
təsdiqinə çevrilir və məhz bu məqamda televiziya efirindən "Berlin
səddinin yarılması" barədə operativ informasiyanın getməsi qlobal
hadisəni ekvivalent kimi önə çəkir. Daha sağlam atasının başına
gətirilənləri xatırlayan hindunun qaçmaqdan imtina etməsi fonunda,
rüşvətlə gözətçini ələ alaraq Kendini rəfiqəsi Roza ilə birgə
xəstəxanaya buraxdırmaqla, sanki Berlin divarının yarılmasını
təkrarlayan Merfinin xanım Reiçitin mikrofonunu əlinə götürərək
ayağa qaldırdığı xəstələri şəraba, rəqsə qonaq etməsi hadisələri
yeniləşdirir. Və ruhu təzələnən ümidsiz xəstə Billinin bəyəndiyi
Kendi ilə cinsi əlaqəsinə inzibati amirliyin müdaxiləsi, xanım
Reiçitin gəlişi ilə baş alıb gedən kütləvi zorakılığa qarşı
müqavimət göstərənlər arasında artıq tam sağalan Billinin
sərbəstliyi yeniləşən cəmiyyət modelini təqdim edir. Xanım Reiçitin
psixi təsiri ilə mənəvi zərbə alan Billinin ölümündən sonra dağ
kimi güclü olduğunu deyən hindu cəzalardan sındırılan Merfiyə:
"Səni də özümlə aparacağam" desə də, ağzına balış basıb öldürdükdən
sonra inzibati amirliyin simvoluna çevrilən ağır əlüzyuyanı
yerindən qaldırıb barmaqlıqlı pəncərədən bayıra atması, xəstəxananı
su basması istibdada qarşı mübarizədən xəbər verir. Ən yaxşı film,
rejissor, ssenari, iki aktyorun ifasına görə beş "Oskar"a layiq
görülən bu film sənətkara dünya şöhrəti qazandırdı.