1941-ci ildə Tehranda doğulmuş, akademik kino təhsili
görməsə də, ədəbiyyat, musiqi, rəssamlıq sahəsindəki istedadı ilə
seçilən Məsud Kemyayenin Navada Smitin "Henri Hatavi" filminin
təsiri altında çəkdiyi "Yad adam, yaxınlaşma!" adlı ilk debütü
(1968) mövcud ekran əsərinə iqtibas kimi üzə çıxmaqla müəllifin
formalaşan peşəkar üslubunda əslində sənət sayılmayan təqlidçiliyə
meydan verdi.
Bununla belə digərlərindən əxz etdiyi formaya ətrafındakı
reallığın məzmun dərinliyini gətirə bilən Məsud Kemyayenin öz
ssenarisi əsasında quruluş verdiyi, zahirən zorakılıq üzərində
qurulan Qərb filmlərinə rişxənd, kinayə kimi səslənən, əslində
qanunsuzluğun baş alıb getdiyi məmləkətdə insan talelərinin
sınmasını göstərən "Qeysər" (1969) filmi neorealizmin təntənəsinə
çevrildi.
***
Harınlamış Kərim Ağmənqulun zorakılığına məruz qalmaqla intihar
edən Nazəninin ata və bibisinin göz yaşları ilə başlanan ilk epizod
fəal hadisəli müşkülü bəyan edir. Nazəninin qoçuluqdan əl çəkməklə
din yolunu tutan, qəssablıqdan qazandığını Ramazan ayında kasıblara
xərcləyən, boy-buxunlu qardaşı Fərmanın (Nasirmülk Motii) imam
Rzaya ibadət edib namus ləkəsini yumaq üçün üzərlərinə getdiyi
Ağmənqul qardaşları – Kərim, Mansur, Reymuz tərəfindən qətlə
yetirilərkən Qeysəri (Bəhruz Vosuqi) haylaması haqq-ədalətin
qanunlar deyil, insanların özləri tərəfindən bərpa olunacağına
işarə vurmaqla şah rejiminin dövlətçilik sütunlarının laxladığını
göstərir. Qanunların işləmədiyi bir məmləkətdə ağıllı, tədbirli
tacir Qeysərin, bacısı Nazəninin, qardaşı Fərmanın qatillərini
cəzalandırmağı öz üzərinə götürməsi filmin fabula mexanizmini
yaradır.
***
Qeysərin qayıtdığı səfərdən hədiyyələr gətirdiyi bacısının,
qardaşının ölüm xəbərini öyrənməklə nişanlısı, Tehrandakı
imamzadada şah Əbdül Əzimə ibadət edən əqidəli, gözəl-göyçək Əzəmlə
(Puri Benyayi) gələcək həyatının üzərindən xətt çəkməsi,
məhvərindən çıxan dünyanı yerinə qaytarmaq niyyəti, Şekspirin
"Hamlet" pyesinin (əsərlərin mövzu və ideyası fərqli olsa da)
dramaturji modelini və həyatı bahasına "Danimarkanı çirkabdan xilas
edəcək" faciə qəhrəmanını xatırladır.
***
Məsud Kemyaye ssenarisini dramaturji qanunlar əsasında qurmaqla
çəkiliş meydanında, montajda ustalıq göstərməklə, əlbəttə ki,
bacarıqlı yaradıcı heyəti ətrafına toplamaqla özünün peşəkar üslub
imkanlarının genişliyini nümayiş etdirir. Daim dabanını basdığı
ayaqqabılarını tam geyinməklə gəldiyi hamamda soyunub duşun
altındakı Kərimin boğazına ülgüc çəkərək üç şərdən birini
cəzalandıran Qeysərin soyuqqanlılığı tamaşaçının ürəyindən tikan
çıxara bilir.
***
Cinayətkarlardan ikinci qardaşı, Mansuru çalışdığı sallaqxanada
tutan Qeysərin intiqamı qəranələrin - cəmdəklərin asılması üçün
nəzərdə tutulan, iti uclu polad asqıların fonunda kəsilib-soyulan
mal-qara ilə paralel montajda həyata keçirilməsi (quruluşçu
operator Maziar Portovun sənətkarlığı bütün epizodlarda üzə çıxır)
tamaşaçını şoka salan ekspressionizm yaradır. Və bundan sonra sanki
dünya ilə vidalaşan Qeysərin kimsəsiz bir qarını da özü ilə
götürməklə Məşhəddə imam Rzanın məqbərəsinin ziyarətində
haqq-ədalətin bərpası kimi daha qlobal məqsəd naminə itirdiyi
nişanlısı Əzəmə xoşbəxtlik arzulaması mənəvi dəyərlərin ünvanını
şərtləndirir. Bu səfərdən qayıtdıqdan sonra dünyasını dəyişən
bibisinin dəfn olunduğu məzarlıqda polis xəfiyyələrinin onu
izlədiyini görən Qeysərin gəldiyi restoranda Reymuzun məşuqəsi,
açıq-saçıq geyimdə rəqs edən, Şəhrzadın ifa etdiyi müğənni qadınla
yalnız düşməninin yerini öyrənmək naminə yaxınlığı hadisələri
tələsdirir.
***
Sonuncu qatil Reymuzu qətlinin ömrünü başa vurmuş sınıq-salxaq
vaqonların, parovozların atıldığı məkanda həyata keçirilməsi
məzlumları intiqama çağıran mühitin obrazlı mənzərəsini yaradır. Bu
qarşıdurmada qalıb gəlsə də, ölümcül yaralanan Qeysərin qanun
keşikçisi kimi real qüvvəyə malik olmayan polislər tərəfindən
əhatələnməsi hakimiyyətin pat vəziyyətində olmasından xəbər
verir.
***
Məsud Kemyayenin öz ssenarisi əsasında quruluş verdiyi,
"Motosikletli Rza" (1970) filmində dəlixanadan qaçan Rza ilə
Abbasın qarətçilərə qoşularaq fabrikin seyfini oğurladıqdan sonra
geriyə qayıtmaları sağlam və xəstə insanlar arasındakı fərqin
şərtiliyini üzə çıxarır. Rzanın özünü ruhi xəstə kimi göstərməklə
xəstəxanada müşahidələr aparan Fərruxa bənzəməsi, onun sürücüsü ilə
qaçması hadisələrin mövzu daxilində inkişafına təkan verir.
Fərruxun əmisi gilə gələn Rzanın həkimin nişanlısı Firəngizlə
bir-birlərinə aşiq olmaları, haram pulları polisə təslim etmək
istəyərkən ona mane olan oğrular tərəfindən yaralanması,
motosikletə minərək evinə qayıdarkən zibil maşını ilə toqquşaraq
həlak olması sevginin mənəvi təmizlənmə mahiyyətini önə çəkərək
neorealizmi cinayət xronikası üzərində qurulan müasir nağıla
uduzdurur.
***
Məsud Kemyayenin öz ssenarisi əsasında ərsəyə gətirdiyi "Qoçu
Akel" (1971) filmində Hacı Səmədin ölümündən əvvəl var-yoxunu və
yeganə övladı Mərcanı tapşırdığı Akelin sevdiyi bu qıza ürəyini aça
bilməməsi səbəbindən içkiyə qurşanması təsvir olunur. Mərcana gələn
elçilərlə razılaşaraq istər-istəməz toya hazırlaşan, Hacı Səmədin
varidatını kürəkəninə verən Akel etik-əxlaqi normaların
daşıyıcısına çevrilir. Toydan qayıdarkən qarşılaşdığı düşməni
Kakanı ertəsi günə təyin olunan dueldə ölümcül yaralasa da, son
məqamda arxadan yaralanaraq zorla özünü çatdırdığı evində dünyasını
dəyişməsi ləyaqətli bir insanın labüd sonluğu neorealizmə xas
maarifçilik prinsipində bəyan edilir. Bir il sonra ərsəyə gələn
"Buluç" (1972) filmində isə Zahidanda antik sikkələr oğurlayan iki
quldur dəstəsi arasındakı ixtilaf zəminində Abdullahla Əmirin
təcavüz etdikləri Leylanın əri Buluçun paytaxta gedərkən
rastlaşdığı qaçaqmalçıların ölümünə görə on iki il yatdığı
həbsxanadan çıxaraq namus düşmənlərini məhv edib, sonra arvadına
sahib çıxaraq kənddə viran qalmış evinə dönməsi sərt neorealizmi
bəyan edir.
***
"Torpaq" (1973) filmində kənd ərbabı Baba Sübhanın ölümündən
sonra oğlanları Salehlə Müseyibin avropalı analıqları və onun
dələduz nökəri Mübaşirlə əkin sahələri üstündə qovğaya girmələri
sosial siyası mövzunu gündəmə gətirir. Mübaşirin vurulduğu Şövkətin
əri Müseyibi öldürməsi, Salehin isə yaralanması mövzunu Məsud
Kemyayenin peşəkar üslubunda əsaslı yer tutan cinayət xronikasında
çözür.
***
Borxesə iqtibas etdiyi "Qəzəl" (1974), "Marallar" (1975),
filmlərinin məzmununda da, cinayət xronikası fonunda siyasi motivə
önəm verən Məsud Kemyaye özünün "Daş səfəri" (1976) ekran əsərində
səfalətdən xilas naminə su dəyirmanı qurmaq niyyəti ilə dini
zəmində birləşən əhalinin uzaq məsafədən min-bir əziyyətlə
gətirdikləri nəhəng daşla, onları gülləboran etdirən,
taqətsizlikdən yalnız başqalarının belində gəzən zalım ərbabın
özünü və mülkünü məhv etmələri inqilabın labüdlüyünü publisistik
üslubda, sərt boyalarla göstərə bildi.
***
İran İslam inqilabından sonra, Bəhram Beyzayenin "Samur gecəsi"
əsəri üzrə Məsud Kemyayenin öz ssenarisi əsasında 1982-ci ildə
çəkdiyi, bircə dəfə Fəcr festivalında göstərilməklə qadağan olunan
"Qırmızı xətt" filmindən sonra onun "Xiyabanda mühakimə" (2008)
adlı sonuncu ekran əsəri toy günündə kirayələdiyi avtomaşınını
gül-çiçəklə bəzətdirən Əmirin, sevdiyi Mərcanın özündən yaşlı,
Əbdül adlı ailəli birisi ilə yaşamaqla doğulacaq uşağı da tələf
etməsini, dostu Həbibdən öyrənməsi, sonrakı epizodlarda bütün
bunların sadəcə, dedi-qodu olduğunun üzə çıxması ilə mücərrədləşən
faktı psixoloji dram janrına yönəltmək cəhdini üzə çıxarır.
Beləliklə, dolaşıq ziddiyyət üzərində qurulan bu filmdə Mehrab adlı
birisinin biznes qalmaqalında bıçaqlayıb öldürdüyü dostunun arvadı
və qızı ilə təyyarə ilə ölkədən qaçmaq niyyəti psixoloji dramı
deyil, müəllifin üslubunun göstəricisinə çevrilən cinayət
xronikasını önə çəkərək müşküllərin sayını artırmaqla dramaturji
model pozulur. Filmin titrlərində Məsud Kemyayenin ssenarinin
ərsəyə gəlməsinə görə "Yeni dalğa" cərəyanının liderlərindən
sayılan psixoloji dram ustası Əsxər Fərhadiyə təşəkkürü, sadəcə,
yaradıcı nəsillər arasındakı sağlam münasibəti əks etdirir.
***
Göründüyü kimi Məsud Kemyaye inqilabdan sonrakı ekran
məhsullarında yeni ictimai üsluba müqavimət göstərmədən ölkəsinin
kino tarixində neorealizmin liderlərindən biri olaraq qaldı.
Ölkəsinin kino tənqidinin həyat yoldaşı, bəstəkar və müğənni Ruzi
Başayini itirdikdən sonra oğlu Poladla, gələcəyin kino aktyoru ilə
tək qalan ustadın Ququş xanımla evlənməsindən yazmaqları
müqabilində, ustadın filmlərinin təhlilinin sanki yaddan çıxması da
təəssüf doğurur.