Yuxarı

Zəng kimin üçün çalır...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heminqueyin romanı – dünya ədəbiyyatı tarixində öz adı ilə, daha dəqiq desək, adın əxz edildiyi epiqrafla bu qədər qaynayıb-qarışmış çox az əsərlərdən biridir. Epiqrafdan götürülmüş və tez bir zamanda müxtəlif dillərdə (o cümlədən rus dilində də) zərbi-məsələ çevrilmiş ibarənin özü XVII əsrin məşhur ingilis şairi Con Donna məxsusdur. Budur, onun həkimanə sözləri bunlardır:

Öz-özlüyündə Ada kimi müstəqil bir insan yoxdur: hər bir insan Materikin, Qurunun bir hissəsidir; və əgər Dalğa sahil Sıldırımını qoparıb Dənizə aparsa, Avropa kiçilər, eləcə də Burunun kənarlarını yuyarsa, ya sənin, ya da Dostunun Qalasını dağıdar; hər bir insanın ölümü məni də əksildir, çünki mən bütün Bəşəriyyətlə bir vahidəm, buna görə də heç vaxt soruşma: "Zəng kimin üçün çalır?" O, Sənin üçün çalır.

Con Donn

Bu – vətəndaş müharibəsinin faciələri haqqında romandır. İstənilən vətəndaş müharibəsi – harada və nə zaman baş verməsindən asılı olmayaraq – həmişə insanların, ailələrin, xalqların, ölkələrin böyük faciəsidir. Heminqueyin əsərində hadisələr 1937-ci ildə (romanın özü 1940-cı ildə isti izlərlə yazılıb) cərəyan edir. Ancaq bu cür vətəndaş müharibələri dünya tarixində dəfələrlə ayrı-ayrı vaxtlarda və ayrı-ayrı ölkələrdə - qədim Romada, ABŞ-da, Rusiyada, Meksikada, Çində, Kampuçidə, Əfqanıstanda baş verib. Daha azmı yerlərdə olub belə müharibələr? Hər yerdə və həmişə onun bir üzü var – amansız qəddarlıq, minlərlə, milyonlarla insanın şikəst edilmiş həyatı və taleyi.

Və əlbəttə ki, bu roman, böyük Amerika yazıçısının bir çox digər əsərləri kimi məhəbbət haqqındadır, Böyük Məhəbbət haqqında. O Məhəbbət ki, bütün zamanlarda hər cür Müharibədən və deməli, Ölümün özündən də güclü olub. Belə heyrətamiz təsirə malik kitab yazmaq üçün bütün bunları öz gözləri ilə görmək, yaşamaq, qəlbindən keçirmək lazım idi. Heminquey hərbi müxbir kimi bütün bu cəhənnəmin içindən keçib. Onun gözlərinin önündə yöndəmsiz bir təsadüf üzündən, daha dəqiq desək, ayrı-ayrı siyasi partiyaların nümayəndələri olan komandir və komissarların hərəkət və əmrlərinin uyğun gəlməməsi ucbatından uzun aylar müharibənin astanası ilə birgə addımladığı dəstə bütövlükdə məhv olmuşdu. Bu əhvalat onun bütün ruhi aləmini həmişəlik alt-üst edir – yazıçı bambaşqa bir insan olur.

Romanın süjeti sadədir. Amerika internasionalisti, dinamitlə partlayış işləri aparan mütəxəssis Robert Cordan və zərif ispan qızı, az qala uşaq olan Marinin gözlənilməz və ömrü az olan məhəbbəti ("üç gecə və yarım qalmış üç gün"). Hər ikisinin həyatını alt-üst edən təsadüfi və qismətlərinə yazılmış bu görüşdən bir qədər əvvəl ata-anasını onun gözləri önündəcə güllələyən faşist cəza dəstəsi bu məsum qızı vəhşicəsinə təhqir etmişdi. Hadisələr Robertin mühüm strateji əhəmiyyətə malik körpünü partlatmaq tapşırığı ilə yollandığı dağda yerləşən partizan dəstəsi mühitində baş verir.

Sevgi atəşi bir andaca, baxışlar qovuşan zaman alovlanmağa başlayır. Heminquey yalnız ona xas olan ustalıqla bu sevginin bütün inkişaf mərhələlərini təsvir edir – ilk ümiddən tutmuş son faciəvi vida səhnəsinədək:

Və o, dərisi də, saçları da, gözləri də eyni – qızılı-qəhvəyi çalarda olan qızcığaz Mari haqqında düşünməyə başladı, yalnız saçları bir qədər tünd idi. Ancaq dərisi – onun hamar, sanki solğun qızılı üst qatdan görünən əsmər dərisi günəşdə bir qədər də qaralanda saçları daha açıq rəngə çalacaq. Yəqin ki, dərisi çox hamardır, bütün bədəni hamardır, hərəkətləri isə yöndəmsizdir, sanki onu həyəcanlandıran, təşvişə salan nə isə var və qıza elə gəlir ki, hamı bunu görür. Əslində isə bunlar yalnız onun düşüncələrindədir. Robert qıza baxanda onun yanaqları qızardı: o, əlləri ilə dizlərini qucaqlayıb bax, beləcə oturmuşdu, köynəyinin yaxası çox açıq idi, girdə döşləri boz rəngli parçanı dartışdırırdı. Və o, qız haqqında düşünəndə nəfəsi kəsildi, çətinliklə addımlamağa başladı...

Qız həmin gecə özü onun yanına gəlmişdi – heç bir məcburiyyət olmadan açıq havada gecələdiyi yataq çuvalının içinə girmişdi. Hələ səhər bir-birilərinin var olduqlarını belə təxmin etməyən qadın və kişinin məhəbbəti o qədər təbii və parlaq şəkildə alovlanmışdı ki, gecə səmasına işıq saçmışdı:

- Səni sevirəm. Səni elə sevirəm ki! Bu dəqiqə hər şeydən çox istədiyim şey sənin yanında olmaqdır. Əlini başıma qoy – hələ də üzünü yaşdıqda gizlədərək dedi. Robert əllərini onun başına qoydu, sığalladı və birdən qız üzünü yasdıqdan qaldıraraq möhkəm-möhkəm ona qısıldı. İndi qızın üzü onun üzü ilə yan-yana idi, o, qızı qucaqladı, qız isə ağlayırdı. Robert qızın gənc bədəninin bütün vücudunu hiss edərək onu möhkəm və ehmalla tutmuşdu, qızın başını tumarlayır, axan duzlu göz yaşlarını öpürdü. Qız hıçqıranda, köynəyinin altındakı xırda girdə döşlərinin neçə titrədiyini hiss etdi. (..)

Yanaşı uzanmışdılar, müdafiə olunanların hamısı indi müdafiəsiz qalmışdı. Əvvəlki pırtlaşıq tüklü parça ecazkar sığalla hamarlanmışdı, hər şey dəyirmiləşmişdi, bir-birinə qısılmışdı, titrəyirdi, gərilmişdi, uzun və yüngül, isti və sərin, xaricdən sərin, daxildən isti, həm möhkəm sarılırdı, həm donub qalırdı, həm ağrıdan üzülürdü, həm sevinc bəxş edirdi, qüssəli, gənc, sevgi dolu və indi artıq hər şey isti, hamar idi, sıxıntı, acı kədər və xiffətlə dolu idi…

Məhəbbətin təsvirində Heminquey həqiqətən kosmik yüksəkliyə qalxır. Çünki onu doğrudan da kosmik hiss kimi, Ana təbiətin insana bəxş etdiyi ən böyük istedad və ən böyük xoşbəxtlik kimi təsvir edir:

Sonra əzilmiş süpürgə kolunun qoxusu gəldi, budaqların sınmış qırıqları qızın başının altında, günəşin parlaq zolaqları sıx qapanmış göz qapaqlarında idi və adama elə gəlirdi ki, o, başını süpürgə kolunun üstündə arxaya ataraq uzananda Robert onun boynunun büküşlərini ömürlük yadda saxlayacaq, xəfif əsən dodaqlarını da, günəşi görməmək və heç nəyi görməmək üçün sıx qapanmış göz qapaqlarında kipriklərinin titrəməsini də... Bu zaman onun üçün bütün dünya qapanmış göz qapaqlarından süzülən günəşin təsirindən qırmızı, narıncı və qızılı sarı rəngdə idi. Hər şey bu rəngdə idi – bütövlük, sahiblənmək hissi, fərəh – hər şey bu rəngdə idi, hər şey belə parlayan korluq içərisində idi. Robert üçün isə zülmətdə yol açılmışdı, heç yana və yalnız heç yana və yenə də heç yana aparan bir yol, intəhasız, çarəsiz, daima heç yana aparan yol. Artıq güç qalmamışdı və yenə də heç yana, dözülməz bir surətdə və bir daha və bir daha və bir daha və yenə də heç yana. Qəfildən bütün zülmət sonda gözlənilmədən, çox şiddətlə param-parça olur, zaman donur, hərəkətsiz, dayanmış zamanda yalnız ikisi var idilər, yer onların altında yırğalanır və üzürdü.

Robert və Marinin məhəbbəti – pomanın əsas mövzusu – amansız və qorxulu, daha dəqiq deyilsə, insanları çəkib qanlı burulğanına salan müharibə fonunda açılır. Heminquey dəqiq, xarakterik sənətkar boyaları ilə xalq qəhrəmanlarının – savadsız və qaba vətənpərvər partizanlardan tutmuş İspaniya Respublikasının rəhbərlərinədək - bütöv bir qalareyasını yaradır. Vətəndaş müharibəsinin dəhşətləri sanki baş vermiş hadisələrin iştirakçılarının hiylədən uzaq və dəhşətli hekayətlərini toplayan xronikaçı-jurnalist tərəfindən təsvir edilir. Ancaq məhz elə soyuq naturalist cizgilərlə təsvir edilir ki, sanki insanın bədəninə qarışqa daraşır. O, tamamilə laqeyddir: söhbət respublikaçı kəndlilərin öz faşist qonşularını necə zəncirlə döyməsindən və diri-diri uçurumdan atmasındanmı gedir, yoxsa ki, başqa yerdə və başqa zamanda faşistlərin ölmüş respublikaçıların başlarını necə kəsməsindənmi... fərqi yoxdur.

Ölüm başdan-ayağa Heminqueyin bütün romanından keçir. Elə əsər baş qəhrəmanın ölümü ilə də bitir. Ayağı sınmış Robert Cordan tamamilə keçilməz ağır dağ şəraitində özünün əsas vəzifəsini – körpünün uğurla partladılması – yerinə yetirdikdən sonra partizan dəstələrinin hücumundən diqqəti yayındırmaq, sevgilisini xilas etmək və öz həyatı bahasına da olsa, faşist cəza dəstələrinin qarşısını kəsmək üçün dağ yolunda qalmağa məcbur olur. Heminquey Amerika internasionalistinin ölümünü təsvir etmir, ölüm rəhmsizcəsinə yaxınlaşır, ancaq romanın hələ ilk səhifələrindən qəhrəmanın başı üzərində dolanmasına baxmayaraq o, sanki kadr arxasında qalır.

Yazıçı istəyir ki, oxucunun yaddaşında Ölüm deyil, Məhəbbət qalsın – o Məhəbbət ki, yalnız "üç gecə və üç yarım qalmış gün" ömrü olub. Yəqin ki, heç olmazsa, tək bircə dəfə əsl insani xoşbəxtliyi, təbiətin bizə qıtlıqla bəxş etdiyi duyğuların bütöv dolğunluğunu dadmaq üçün bu qısa vaxt da tamamilə kifayətdir. Hətta ola bilsin ki, bütöv bir ömrü yalnız belə "üç gecə və üç yarım qalmış gün" naminə yaşamağa dəyər...

Y.A.Abramov, V.N.Demin

(Ю.А.Абрамов, В.Н.Демин. 100 великих книг. Москва, Вече, 1999. стр. 350-354)

Çevirəni: Təhminə Bədəlova

Tarix
2014.02.20 / 00:50
Müəllif
Axar.az
Digər xəbərlər

Laçın sərhəd məntəqəsinin qurulmasından 2 il ötür

İlham Əliyev Çində belə qarşılandı - Video

Orxan Fikrətoğlu vəzifə almayıb, əksinə, “vurulub” - Sensasiya

Kaya Kallas Azərbaycana gəlir

Prezident xanımı ilə Çinə getdi

Qafarova ilə təkbətək söhbətim oldu, məncə… - Simonyan

Qafarovadan deputata irad: Hökumətə nə olub ki!

İrandan ölkəmizə qarşı PUA təhlükəsi – Nə baş verir?

Heydər Əliyevin Şanxay haqqında çıxışı - Video

Nikol Bakının şərtini bu vaxt yerinə yetirəcək - Perenciyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla