Yuxarı

Türklər Azərbaycanda dövlət qurdular, mərkəzi isə...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az professor Firudin Ağasıoğlu ilə müsahibəni təqdim edir.

– Firudin müəlim, siz hansı dilləri bilirsiniz?

– Türk dillərinin demək olar ki, əksəriyyətini lüğətsiz oxuyub istifadə edə bilirəm. Amma çuvaş, yakut, saxa dilləri bir qədər çətindir. Onlar üçün lüğətdən istifadə edirəm. Digər dillərdən isə qədim və yeni erməni dillərini, rus dilini bilirəm. Başqa dillərdə lazım olan mətni isə tərcümə etdirib oxuyuram.

– Ərəb-fars dillərini bilmirsiniz?

– Ərəb dilindən xəbərim yoxdur, amma fars dilindən istifadə edirəm. Düzü, elə bir qaynaq da yoxdur ki, mən onu mütləq farsca oxumalıyam. Çünki farsca yazılmış elmi əsərlər çox zəifdir. Fars dili şeir dilidir, elm dili deyil.

– Müəllifi olduğunuz “Urmu nəzəriyyəsi”ndə yazırsınız ki, 6500 və 4500 il əvvəl bu ərazilərdən Mərkəzi Asiyaya iki dəfə böyük türk köçü olub. Bu köçün səbəbi nədir? Niyə köçürdülər?

– Bu köçün səbəbləri filologiya elmindən kənardır. Gərək digər elmi mənbələrlə də ciddi şəkildə tanış olasan. Ümumiyyətlə, köçün əsas göstəricisi arxeoloji kültürdur. Çünki o dönəmlərdə yazı yox idi. Arxeoloqlar qədim ikiçayarasını, Azərbaycanı araşdırıblar və orada tapılan kültür təbəqəni müşahidə ediblər ki, insanlar məsələn, 500 il sonra bir qədər Şərqə gedib. Yaxud 1000 il sonra Türkmənistana, oradan Özbəkistana, Qazaxıstana, Altaya və s. gedib. Yəni bu, arxeoloqların qənaətidir və mən də onlara əsaslanıram.

İkinci böyük köç daha uzaqlara olub. Çünki o zamanlar həm yazı, həm də araba vardı. Atlar və arabalar vasitəsilə daha uzaqlara gedib məskunlaşa bilirdilər. Monqolustana, Avropanın quzeyinə və s. Hətta Skandinaviya ölkələrinə qədər gedib çıxırdılar. İlxının köməyi ilə balaca uşaqlarla yaşlı insanlar da o köçə qoşula bilirdilər. Təkərin yayılma tarixi də var. İlk təkər Urmiya gölü ilə Van gölü arasında yaranıb. Bunlar məşhur təkərşünas alimlərin gəldiyi elmi qənaətdir. Bu isə eramızdan əvvəl IV minillikdə baş verib. Artıq III minillikdə təkərin Misirdə istifadə edildiyini görmək mümkündür. Deməli, Misir sələfləri miqrasiya olunub, təkəri ora aparıblar.

– Köçün əsasən iqlimdən qaynaqlanan səbəbləri olur. Urmiya ətrafında bir quraqlıq olmuşdumu ki, onlar köç etmişdilər? Və bu quraqlığı geologiya elmi təsdiqləyirmi?

– Mən köçün bəlgələrindən danışdım, indi isə onun səbəblərindən danışmaq lazımdır. Qədim köçlər bir neçə səbəbdən olur - söhbət böyük köçlərdən gedir. Eradan 4500 il əvvəl Yer kürəsində müxtəlif qitələrdə dil ailələri yaranmışdı. Avropada Avropada dilləri ailəsi, Quzey Qafqazda Qafqaz dilləri ailəsi, Ərəbistanda sami dilləri... Bəli, görünür, 6 min il bundan qabaq böyük katastrof, quraqlıq olub. Bunun səbəbini dəqiq izah edə bilmirəm. Bəlkə də daşqınla, tufanla bağlıdır. İlk illər, məsələn, Avropa ana dili parçalanıb və orada miqrasiya başlayıb. Məsələn, hind-iran qolu Xəzər dənizindən Əfqanıstana qədər yayılıb. Sonra onların yarısı Hindistana, yarısı İrana gedib. Xəzərin üstündəki finoqrların ana dili dağılıb və onlar çıxıb. Finlər Finlandiyaya, macarlar Avropaya gediblər. Yəni bu cür köçlər başqa etnoslarda, xalqlarda da var.

Eyni dönəmdə isə mən göstərdiyim ərazidə Güneydoğu Azərbaycanda və quzey ikiçayarası olmaqla iki türk dili ailəsi yaranıb. Digər ailələrin parçalandığı dövrdə bunlar da parçalanıb. Yəni ulutürkçülük o zaman parçalanıb. Deyək ki, 6500 il bundan qabaq. Deməli, onların məcbur olub aralanmağına nəsə bir səbəb var. İlk köçlər oradan başlayıb və eyni çağa aiddir. Amma ikinci köç dalğasının səbəbləri daha aydındır. Geoloqlar göstərir ki, həmin dövrlər quraqlıq olub. Maldarlar otlaqlar axtarırdılar. Azərbaycandan Altaya qədər türklər bəlkə də yüz ilə gedib çıxıblar. Nəsil dəyişə-dəyişə və yeni torpaqlar axtara-axtara. Sonralar da köçlər baş verib, amma bu miqyasda yox. Daha sonrakı köçlərin səbəblərindən biri isə müharibələrdir. Türklərin yaşadıqları yerə şummerlər gəldi. Quzeydən xurrilər, urartulular gəldi, batıdan firiklər Anadoluya gəldi. Çox-çox sonra isə haylar - ermənilər gəldi. Sonradan akkadlar, assurlar, arameylər gəldi. Daha sonra ərəblər.

– Haylar nə zaman gəlib?

– Onların gəlişi Fridiya dövrüdür. Konkret gəlmə tarixləri bəlli deyil. Amma Herodot yazırdı ki, haylar Balkanlardan gəlib və Frid dövlətinin kanton bölgəsi olublar. Fridiya dağıldıqda onlar Suriyaya köç ediblər. Çox-çox sonra – bizim eranın başlanğıcında isə Ərmən bölgəsinə gəliblər.

– Maraqlıdır, quraqlığa görə türklər Mərkəzi Asiyaya köç ediblərsə, orada təkcə türklərmi yaşayırdı, başqa xalqlar köç etmədimi?

– Orada başqa xalqların yeri görünmür. Hər xalqın kültüründə onun etnik asılılıqları var. Ola bilər ki, elamlar da onlarla birgə idi. Onlar Hindistana köçdülər. Yəni burdan dışarıya köçlər olduğu kimi, başqa yerdən də bura köçlər olub. Xoşbəxtlikdən türklər yaşayan ərazinin içinə çox girmirdilər, kənarlarında məskunlaşırdılar. Bircə şummerlər gəlib Kəngər bölgəsində oturublar.

– Bəs niyə Qafqazın münbit yerlərinə köç olmadı, Mərkəzi Asiya kimi uzaqlara getdilər?

– Bu köç məsələsini çoxları düzgün başa düşmür. Deyəsən, siz də onu düzgün qavramadınız. Köç deyəndə insanların şələ-şüləsini yığışdırıb Altaya getməsindən bəhs olunmur. Əhali iki qrupa bölünür. Oturaq əhali və köçəri əhali. Hansı ki, onlara yeni və əlverişli otlaq sahələri, münbit şərait lazımdır. Əhalinin həmin təbəqəsi köçdü. Yerdə qalan əhali isə həm Qarabağda, həm Güney Azərbaycanda, İraqda, Anadoluda qalıblar. Köç deyiləndə hamısının yerini-yurdunu tərk etməsi nəzərdə tutulmur. Gedənlərin bir hissəsi isə yüz illər, min illər sonra qayıtdı. İlk qayıdanlar saqalardır. Onların qayıdışı eradan əvvəl 7-8-ci əsrləri əhatə edir. Daha sonrakı ən böyük qayıdış səlcuqların qayıdışı idi. Amma yenə də qalanlar oldu.

– Bəs necə sübut olunur ki, qayıdanlar həmin türklərdir?

– Gedişlərini arxeleoji faktlar təsdiq edir. Amma qayıdışları zamanı artıq yazı vardı və böyük yazılı abidələr bunu təsdiq edir. Hardan gəldilər, başçıları kim idi, ilk gələn elit tayfalarda yəhudi adını daşıyanlar da vardı. Onlar Xəzər dönəmində yəhudiliyi qəbul ediblər. Qaynaqlar var, sözlər havadan götürülməyib.

Ümumiyyətlə, türkologiya elminin ən böyük qüsuru ondadır ki, oğuzların və səlcuqların qayıtmasını bu bölgəyə türklərin ilk gəlişi kimi verirlər. Yəni guya ona qədər burada türk olmayıb. Azərbaycan və Türkiyə tarixini oxuyun. Çağdaş tarixi əsərlərin hamısı belə yazılıb. Təəssüf ki, son illərdə bəzi milli ruhda olan insanların fikri də dəyişməyə başlayıb. Baxıram, müzakirələr gedir ki, biz 1071-ci ildə Anadoluya gəlmədik, elə qədimdən burdayıq. Bu barədə isə artıq ciddi tarixçilər yazmağa başlayır. Altay nəzəriyyəsi deyir ki, biz monqollardan ayrılmadıq, qaldıq. 2500 il bundan əvvəl ayrılmışıq və 2300 il əvvəl Atillanın mənsub olduğu hun boyları qərbə gəliblər. Türklərin Türkmənistana və Orta Asiyaya gəlişini 2500 ildən o tərəfə hesablamırdılar. Yəni türkləri Monqolustandan, Altaydan gəlmə köçəri bir xalq kimi qələmə verirdilər. Digər xalqlar, millətlər necə yaranıb, türklər də həmçinin. Köç zamanı isə onlar da parçalanıb. Bunu dünya tarixi sistemindən çıxarıb, ayrı bir tarix içərisində vermək elmi baxımdan çox yanlışdır.

– Radioaktiv maddə, yəni C14 (karbon 14) maddəsi ilə müasir dövrdə tarixi hadisələrin gerçəkləşmə zamanını və istiqamətini müəyyən edirlər. Sizin “Urmu nəzəriyyəniz” radioaktiv maddə ilə sınaqdan keçirilibmi?

– Mən arxeoloq deyiləm. Yazımı isə bu sahədə xidmət etmiş arxeoloqların əsərlərinə istinadən yazmışam. Arxeoloq 3000 il bundan əvvəlki qəbri qazır, ordan çıxan əşyaları karbon testinə verir. Elmi cəhətdən təyin olunur ki, əşyalar hansı əsrə aiddir. Ancaq elm indi daha çox inkişaf edib. İndi bu məsələ DNK ilə təsdiq olunur. Son illərin testləri də bunu sübut edir.

– Köç zamanı türklər yolüstü xalqlarla savaşıblarmı, qarışıblarmı?

– Təbii ki... Bunsuz mümkün deyildi. Saklar quzeydən Hindistana gedirlər. Təbii ki, yerli hindu xalqları ilə onların savaşı olub. Cəvahirləl Nehru isə həbsxanadan İndra Qandiyə yazır ki, qızım, mən qədim sanskrit dilində o qaynaqlarla tanış oldum, məlum oldu ki, sak dediyimiz tayfa türklərin bir qoludur. Amma onlar işğal üçün gəlməyiblər. Mal-heyvanları çox olduğu üçün otlaq yerləri axtara-axtara gəlib buralara çıxıblar. Atilla dönəmindən sonra türklərin bir inancı yaranmışdı ki, onların qabağında heç kim dura bilməzdi. Onlar istədikləri yeri gedib tuta bilərdilər. Onlarla mübarizə apara bilən ikinci bir ordu yox idi. Onlar yüngül geyinirdilər, oxla, yayla silahlanırdılar. İndiki bizim ordumuzun xüsusi təyinatlıları kimi, o zamankı sərkərdələrin qabağına heç kim çıxa bilmirdi. Onlar məmləkətləri tutub yağma edirdilər, deyirdilər ki, vergiləri gətir. Onlar da vergiləri araba dolusu gətirirdilər. Verməyəndə özləri yağmalayıb çıxırdılar. Özlərini, bir növ, şöhrətli hesab edirdilər ki, biz istədiyimizi edə bilirik.

Azərbaycanda qurulan ilk saka dövləti də təxminən, həmin psixologiyada idi. Herodot yazırdı ki, onlar 28 il bütün Asiya xalqlarından vergi aldılar. Yəni Misirdən tutmuş Çinə qədər əhali onlara vergi gətirirdilər. Çünki onların psixologiyası belə idi. Ona görə də həmişə İran və Bizans bu cür türk boylarına vergi verirdi ki, torpağıma girmə. İldə bir dəfə vergi verirdilər. Onlar İpək yoluna nəzarət edirdilər. Sonradan isə zaman dəyişdikcə bu günə düşdülər.

– Maraqlıdır, o zaman Urmiya ətrafında yaşayan türklərin təxmini sayı nə qədər olub?

– Məsələn, təxminən, 10 min il qabaq Yer üzündə 15 milyon əhali olub. 7 min il qabaq isə yüz əlli milyon olub. Bu rəqəmlərim şərtidir. Yəni qədimdə insanların sayı az olub. Urmiya ətrafında yaşayan türklərin sayı da çox az olub.

– Bayaq dediniz ki, türklərin bəziləri elə Qarabağ ərazisində qaldı. Deməli, Urmiya ətrafı deyəndə Qarabağ bölgəsi də ora daxildir...

– Əlbəttə. Azərbaycanda qalan türklər elə Azərbaycan ərazisində dövlət qurdular. Əsas mərkəz isə Göyçə gölü idi. Urmiya ətrafı və Qarabağ.

– Firudin müəllim, ümumiyyətlə, 6500 il əvvəlin Mərkəzi Asiya iqlimi haqqında geoloqlar nə deyir?

– Məlumat var, amma tarixçilər bunları bilmir. Çünki geologiya elmi ilə tanış deyillər. Paleolit dövründə Mərkəzi Asiyanın inkişafı Azərbaycan ərazisindən dörd min il geri qalır. Yəni oranı türk ata yurdu sayanların bu kimi şeylərdən xəbərləri yoxdur. Bu elmlə məşğul olmaq üçün təkcə tarixçi nəfəsinə azdır. Arxeologiya, mifologiya, ədəbiyyat, lazım olan dilləri, folklor, antropologiya, arxitektura bilinməlidir, məlumatlı olmaq lazımdır. İndi bir adam göstər ki, son iki yüz ildə bu elmlərin hamısından məlumatı olsun. Niyə yoxdur, hamısı XIX əsrin bəlasıdır. Elm parçalanmağa başlayanda tarixlə məşğul olan nəinki antropologiyanı, dili bilirdi, hətta tarixin içində belə bölgülər aparmağa başladı. Məsələn, XIX əsr burjuaziya dövrünü tədqiq etdi, amma digər əsrlər qaldı kənarda, özü də cırlaşdı. Təkcə tarixdə deyil, kimyada da belədir. Hətta bəzi elmlərdə dırnaqarası yeni elmlər peyda oldu; biofizika, biokimya və s. Elm inkişaf etdi, ancaq alimlər cırlaşdı. Ona görə də tarixçi, klassik filoloq yetişmir. Dilçi deyir ki, mən fonetikanı bilmirəm, sintaksis mütəxəssisiyəm. İnsanlar heç öz ixtisasına normal bələd deyil, o ki qaldı arxeologiya, arxitektura.

– Biz də köç etmiş türklərdənik?

– Təbrizdə 7 min il əvvələ aid olan qəbirləri aşkar ediblər və bu qənaətə gəliblər ki, bu insanlar heç bir yerə getməyiblər. Antropologiya dəyişməyib. Amma onlar yerini dəyişsə və başqaları gəlsəydi, göstərici dəyişərdi. Bu, həm də qədim Azərbaycan torpaqları olan İraqa, İrana və Ermənistan ərazisinə aid yerlərə məxsus xarakter idi. Bu ərazilərə başqa xalqların yerləşməsi olub, amma kənarda. İçərilərə çox siraət etməyib. Amma təbii, içəridə də dəyişimlər olub. Məsələn, assurlar Güney Azərbaycana aid bir bölgəni tutublar və onların əhalisini Fələstinə köçürüblər. Fələstindən isə yəhudiləri onların yerinə gətiriblər. İndiki dağ cuhudları o vaxtdan köçürülənlərdir. Həmədan ərazisinə köçürülən yəhudilər dillərini itirdilər, fars dilini mənimsədilər. Sasani çağında isə onlar Azərbaycana köçürüldülər. Dağ cuhudları qanı və kökü etibarilə elə yəhudidirlər. Dilləri farslar tərəfindən dəyişdirildiyi üçün tat dilində danışırlar. Yəni içimizdə belə sızmalar var, amma bunlar lokaldır, qlobal dəyişiklik səviyyəsində deyil.

(Ardı var)

Tarix
2018.02.27 / 09:13
Müəllif
Kəramət Böyükçöl
Şərhlər
Digər xəbərlər

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla