Adı gələndə hər kəsin üzünə gülüş qonur. Ancaq içində
qışqıran kədərlərin yatdığına şübhə yoxdur. Bəlkə də onun gülüşünün
haylı-küylü olması da elə bu kədərin səsini batırmaq üçündür. Adını
yazmasaq belə, söhbətin kimdən getdiyi bəllidir - Xalq artisti Arif
Quliyev.
- Necəsiz, Arif
müəllim?
- Sizə nə var necəyəm, bəyəm həkimsiz? Yaxşı, siz necəsiz?
- Sizinlə əlaqə saxlayanda soruşdunuz ki, hardandı –
axirətdən? Niyə
ağlınıza dərhal axirət gəldi? Yoxsa?..
- (Gülür) Bilirsiz, əslində 60 yaşdan sonra onsuz da üzü o
tərəfədi və heç kim o tərəfdən sığortalanmayıb, yəni hamı ora
ünvanlıdı, bir gələnlə, bir gedənin qarşısını almaq
qeyri-mümkündür. Bu, Allahın işidir. Bilərəkdən ki, axirət var,
gərək hər kəs ona görə bu həyatda davransın. Heç olmasa, yaşadığı
dövrdə ona qismət olan illər ərzində yaxşı olmağa çalışsın. Gərək
öləndə də onu rəhmətlə yola salsınlar. İş təkcə bu həyatda doğulub
pul yığmaqla deyil, imarət tikməklə deyil, məsələn, "hər şey
mənimdi" deməklə deyil, ona görə də Axar.az saytını axirətlə
əvəzlədim. O gün bir toyda idim, dedilər ki, Dinməz müəllimə söz
verək, mənsə dedim, Bilməz müəllimə söz verək, Dinməzi Bilməzlə
əvəz elədim. Bilirsiz, hər sözün bir dönməsi var, zarafatla nəsə
deyirsən ki, insanlarda bir xoş təəssürat yaransın. Yəni, söz belə
bir şeydir ki, yüz yerə yozmaq olur və axmaq adam çox azdı, amma
nədənsə hara gedirsənsə sənin qarşına onlar çıxır.
- Haçansa kimisə öldürmək keçibmi
ürəyinizdən?
- Yox, mən heç vaxt kimsəni öldürmək istəməmişəm və
arzulamamışam, heç kəsə də belə bir şeyi arzulamaram.
- Arif müəllim, bəs kimisə güldürə-güldürə öldürmək, ya
da öləni diriltmək istədiyiniz olubmu?
- Məsələn, bu həyatda bir-birinə küsənləri, həyata küsənləri,
ölümə qədər, intiharın eşiyinə qədər gələnləri biz obrazlarımızla
güldürmüşük, depressiyadan çıxartmışıq və onu yenidən canlı həyata
qaytarmışıq. Bir ailə tanıyıram ki, bir evin içində ərlə arvad
küsülü olublar və ayrı-ayrı otaqlarda oturub televizora baxıblar,
birdən bir komediya olub, bunlar ona baxıb o qədər gülüblər ki,
bilmədən, fərqində olmadan küsülü olduqların unudub barışıblar.
Gülüş insanı yaşadır, qəmsə öldürür. Mənsə, həmişə gülüşümlə
yaşatmışam, yaşatmağa çalışmışam.
- O vaxt xəbərin formaları ilə bağlı məşhur yumoristik
parçanız vardı - ağlamalı, hırıldamalı xəbərlər-filan deyə. Bəs
sizdə indi vəziyyət hansındandı?
- Nə bilim, vallah, mən hırıldamağı heç başa düşmürəm.
Hırıldamaq gülmənin şit formasıdır, bunu daha yaxşı şitoloqlar
bilər. O insan hırıldayır ki, heç nəyi başa düşmür, o insan ağlayır
ki, o, hər şeyi anlayır. Əgər düşüncəsi olan, hissləri olan insan
nəyəsə ağlayırsa, deməli, ağlamaqla öz ürəyini boşaldır, düşdüyü
vəziyyətdən çıxa bilmir. İnsan həyata gələndə ətrafda hər kəs
gülür, amma o, ağlayır. Bunu yozmaq da olar ki, mən müvəqqəti
gəlmişəm və sonradan görür ki, həyat gözəldi, yaşamağa, yaratmağa
dəyər və bununçün gülür, güldürür. İnsan yaşlandıqca yenidən
uşaqlaşır və təkrarən ağlamağa başlayır. Məndə indi, bu dəqiqə nə
hırıldamalı, nə də ağlamalı bir durum var.
- Bildiyimiz kimi, ötən günlərdə düşmənlə atışmalarda
şəhidlər verdik, amma nədənsə onların dəfninə demək olar ki, bizim
sənət aləmindən kimsənin qatılmadığını gördük. Şəhidlərimizin
dəfnləri belə bitmədən sənətçilər konsertlər verdi, ictimai
nəqliyyatda musiqilər heç susmadı, hər kəs dedi-güldü. Sizin
fikrinizcə, bu, beləmi olamlıydı?
- Bilirsiz, bu, böyük itkidi, əslində bir nəfər də böyük itkidi.
Amma düşmən tərəfin də itki verməyi bizə bir az təsəlli oldu, onlar
itki verməsəydi, bunun təsəllisi olmazdı və bu, daha dəhşətli məqam
olardı. Şəhidlərimiz bizim rahatlığımız üçün şəhid olublar, bizim
üçün vuruşublar, bizim azadlığımız, bizim rahatlığımız üçün. İcazə
versələr, bir gecədə Qarabağı, torpaqlarımızı alarıq. Mən tez-tez
səhrəd bölgələrinə əsgərlərlə görüşə gedirəm və görürəm necə ruh
yüksəkliyi var. Qaldı ki sənətçilərə, bu, hər kəsin öz işidir, amma
mən getdim Biləsuvar rayonuna, Neftçalada, Masallıda dəfnlərdə
iştirak etdim. Bir Xalq artisti kimi sənətlə bağlı fikirlərimi deyə
bilərəm, amma bu məsələyə çox da müdaxilə edə, kiminsə işinə qarışa
bilmərəm.
- Arif müəllim, bəs
kinomuzda vəziyyət necədir? Sizcə, kinomuza yetərincə qayğı varmı?
Yaradıcılığınızdan nə xəbər?
- Sualınızın birinci və ikinci hissəsi yox, üçüncüsü mənlikdir,
ona cavab verərəm. Kinonun durumu ilə bağlı kinonun direktoru
danışa bilər, nazir danışa bilər, amma ümumi sənətə qayğı var,
prezident qayğı göstərir, pul ayırıb, yeni gənclər ortaya çıxır.
Filmə gələndə isə, bu dəqiqə 4-5 yeni film çəkilir, ikisi də
istehsal olunub, birində isə mən baş rolda çəkilmişəm. Sentyabrda
premyerası olacaq, Fikrət Əliyev və Kənan Məmmədov çəkib, adı da
"Son dayanacaq"dır. Çox gözəl film olacaq, yəni insanın son
dayanacağı qocalar evidir, filmdə gənclərin, övladların ata-anaya
münasibəti bir az ciddi, bir az komik vəziyyətdə onlara
çatdırılıb.
- Yeri gəlmişkən, indiki gəncliyə ümidiniz
necədir?
- Bugünkü gənclikdən çox şey gözləyirəm, gənclər qaynar bulaqdır
və bu gün hər sahədə gənclər təşkilatlarımızın gördüyü işləri
qiymətləndirirəm. Teatrda da gənclər var və o gənclərə də
böyükümidim var, amma onların da qayğıları var, buna baxmayaraq,
onlar öhdələrinə düşən işi yerinə yetirirlər.
- Arif müəllim, oglunuzla bağlı məsələni yada salmaq
istəməzdik, ama sizin kimi bir sənətkara aid hər şey maraq
çəkir…
- Oğlumu bağışlamışam, onun böyük bir səhvi oydu ki, pis
uşaqlara qoşulmuşdu və onların da güdazına getdi. Mən onu
bagışlamalıydım, çünki biz böyüklər bağışlamalıyıq ki, gənclərimiz
yenidən səhv hərəkət etməsinlər. Ona görə də insan həmişə
bağışlamağı bacarmalıdır. Onun ailəsi isə ayrılıb gedib, nəvələrim
analarının yanındadır. Bugünkü gənclik böyüklərini dinləməlidir ki,
özləri də yaşlananda onları da dinləyən olsun.
- Ədəbiyyatla aranız necədir? Və son oxuduğunuz
kitab?
- Anarın son çıxan cildliklərinin üçünü almışam, İsa Muğannanın
yeni kitabı çıxıb, onu almışam və sonra bizim Nüsrət Kəsəmənlinin
də kitabını oxuyuram. İnsan ölənəcən öyrənməli, öyrəndiyini
insanlara çatdırmalıdır. Mənə elə gəlir ki, biz az oxuyuruq, çox
oxumalıyıq ki, söz, zəka sahibi olaq, qarşımıza elə suallar çıxar
ki, qalarıq belə. Gərək hər şeyi bilək. Mən ədəbiyyatı çox sevirəm,
söz müqəddəsdir mənimçün.
- Bu günəcən hansısa parodiyanıza qadağa
qoyulubmu?
- Qadağa qoyulmayıb, yox, amma bir vaxt İlhamə Quliyevanı
tez-tez parodiya edirdim və o bir gün mənə nöqsan tutaraq dedi ki,
sən bu parodiyada şitliyə yol verirsən. Nəzərə aldım, öz üzərimdə
işlədim, səhvimi düzəltdim, artıq o da mən parodiya edəndə məndən
narazı qalmır. Hər adamı da parodiya etmək olmur, bu, çox
çətindir.