"Səfir səfi"
layihəsində:
"Səfir səfi" layihəmizdə budəfəki qonağımız Şimali Kipr Türk
Respublikasının (Kuzey Kıprıs Türk Cümhuriyyəti) ölkəmizdəki
səlahiyyətli nümayəndəsi, səfir Sadəddin Topukçunun sayıtımıza
verdiyi eksklüziv müsahibəsini təqdim edirik.
- Sadəddin bəy, necəsiz?
- Təşəkkür edirəm, yaxşıyam, sizləri gördüyümə də çox şadam.
- Azərbaycanda olmaq sizə xoşdurmu?
- Bəli, mən burda özümü çox xoşbəxt, vətənimdə olduğum kimi hiss
edirəm. İnsanlar çox qonaqpərvərdir. Bizə qarşı isə olduqca
istiqanlıdırlar. İki ildir ki, burdayam. Azərbaycan haqqında çox
eşitmişdim, eşitdiklərimi gözlərimlə də gördüm. Zənn edirəm ki,
bura da mənim vətənimdir.
- Ölkələrimiz arasındakı ümumi münasibətlər haqda nə
deyə bilərsiniz?
- Bu gün ölkələrimiz arasında münasibətlər yüksək səviyyədədir.
Biz iki qardaş ölkə arasında bu münasibətlərin daha da yüksək
səviyyədə olmasını istəyirik. 1997-ci ildə ölkənizdə
təmsilçiliyimiz yarandı. Bizə faydalı ola biləcək sahələri
araşdırdıq. İlk əvvəl təhsil və turizmlə bağlı birgə işlər görməyə
başladıq. Bu il Kiprdə qurulan universitetlərimizin sayı on birə
çatdı. Xarici ölkələrdən təhsil almağa gələn tələbələrimizin sayı
65 minə yaxın, azərbaycanlı tələbələrimizin sayı isə 1000 nəfərdir.
İstəyirik ki, təhsilimizdə olan şəraitdən azərbaycanlı tələbələr də
yararlansınlar. Tələbələriniz bizdə ikinci dil öyrəndikləri üçün
Turizm sahəsində, Xarici İşlər Nazirliyində çox rahat iş tapa
bilirlər.
- Bildiyimiz qədərilə, mədəniyyət və ədəbiyyatımzla
tanışsız. Bu sahədə qarşılıqlı olaraq ölkələrimiz arasında hansı
işlər görülür?
- Bəli, Azərbaycanda bu gün gözəl muğam sənəti var. Deyilər,
guya, muğam unudulub. Amma mən belə düşünmürəm, əksinə,
Azərbaycanda muğam sənətinin daha da inkişaf etdiyini düşünürəm.
Alim Qasımovu tanıyıram. Onun sənətini sevirəm. Azərbaycanla dörd
ildir ki, fərqli sahələrdə də birgə işlər görmüşük. Mədəniyyət
sahəsində gördüyümüz işlər də yetərincədir. Teatr sahəsində iş
birliyimiz olub. Bir rejissor Kiprə gedərək Kipr dövlət teatrında
birgə iş qurub. Orada azərbaycanlı yazarın əsərini tamaşaya
qoyublar. Bu dəqiqə Kiprdən bura sənət adamlarının gəlməsi məsələsi
üzərində işləyirik. Burada birgə tamaşalar qoyulacaq. Musiqiçilərin
Kiprə gedib konsertlər verməsi də olub. Bu sahədə də təhsil öz
sözünü deyir. Sizin jurnalistlər də Kiprə gedib gəzdikləri, görüb
bəyəndikləri yerlər haqqında yazırlar. Qaldı kı ədəbiyyatınızla
bağlı, bu gün Azərbaycan ədəbiyyatını çox oxuduğumu deyə bilmərəm.
Amma təbii ki, Azərbaycan ədəbiyyatı zəngindir.
- İqtisadi münasibətlərimiz hansı
səviyyədədir?
- Doğrusu, bu sahədə çox yüksək işlər görə bilmirik. Bilirsiz
ki, Kipr ada ölkəsidir. Buna baxmayaraq, az da olsa, bu sahədə də
işlər görülür. Bizim istehsal etdiyimiz meyvə suları Azərbaycana
gətirilir. Kartof istehsalımız, süd məhsullarının çeşidləri bura
ixrac olunur. İş adamları asan olmasa da, bunları edirlər.
- Sadəddin bəy, yunanlarla münasibətlər nə
yerdədir?
- Bu məsələyə cavab vermək üçün gərək əvvəldən danışaq. Kiprdə
vəziyyətin gərginləşməsi ilk dəfə 1950-ci ildə başladı. Kipr
bildiyimiz kimi, Osmanlı torpağıdır. 1778-ci ildə İngilis idarəsinə
verilib. O vaxtın şərtləri bunu tələb edirdi. Ada ingilislərə
kirayə verildi. Sonra isə buralar ingilislər tərəfindən zəbt
edildi. Vəziyyət belə olunca yunanlar Kiprin Yunanıstana keçməsi
üçün həvəsləndilər. Vəziyyət bu yerdə olanda da Egedəki adalar,
hətta Anadolunun bir hissəsi, İstanbulun belə Böyük Yunanıstan
torpağına birləşməsi sevdasına düşdülər. Və istəklərinin də bir
hissəsini həyata keçirdilər. Kipr türkləri bu məsələyə etiraz
etdilər. Buna görə də İngiltərə bu müstəqilliyi Kiprə verdi. Ondan
sonra Kiprdə türklər və yunanlar ortaq respublika qurdular. 1960-cı
ildə bura Kipr Cümhuriyyəti adlandırıldı. Amma bu Cümhuriyyət 3 il
yaşaya bildi. Yunanlar türklərin yaşadığı bölgələrə hücuma keçdi.
Yüzlərlə türk şəhid oldu. Kipr türklərinin yüzdə iyirmi beşi oranı
tərk etmək məcburiyyətində qaldı. Bu hücum türklərə qarşı 1963-cü
ildən 1973-cü ilə qədər davam etdi. 1974-cü ildə Yunanıstan ordusu
yenidən hücuma keçərək Kipri tamamən Yunanıstana bağlamağa qərar
verdi. Türklər buna etiraz etdilər. Türk ordusu hərəkətə keçərək
Kiprə girdi və ölkəni azad etdi. Hər iki millət qarşılıqlı olaraq
öz sərhədlərini tanıdı. Ancaq artıq yunanlarla türklər tamamən
ayrı-ayrı yaşamağa başladılar. Bu vəziyyət 50 ildir ki, davam edir.
Amma hələ də razılığa gələ bilməmişik. Avropa ölkələri yunanların
tərəfini tutaraq bizlərə sanksiyalar tətbiq etdilər. Bir dövlət
olaraq güvəncimiz Türkiyədir. Türkiyə bizə dəstək olur. Əgər
Türkiyə olmasa, biz çoxdan yox olmuşduq.
- Cənab səfir, bu qədər problemlər yaşanır, mümkündürmü
ki, Kipr Türkiyəyə birləşsin?
- Bilirsiz, biz bu gün varlığımızı Türkiyəyə borcluyuq. Amma
bəzi siyasi məsələlər buna imkan vermir. Əgər belə olsa, yunanlar
Türkiyənin Kipri zəbt etdiyini deyəcək. Ona görə də hələ ki belə
bir şey mümkün deyil.
- Bildiyimiz kimi, Türkiyədə son on ayda iki seçki
keçirildi. Bələdiyyə və prezident seçkiləri. Müxalifət hər iki
seçkidə də məğlub oldu, bu barədə nə deyə bilərsiz?
- Bəli, Türkiyədə olanları yaxından izləyirik. Təbii ki, bu
qərar Türk xalqının qərarıdır. Biz də bu seçimə hörmətlə yanaşırıq.
Bu gün hansı iqtidar olsa, biz onlarla işləyəcəyik. Biz heç vaxt
iqtidara gələn bir partiyaya "siz yaxşısız, onlar pisdir"
deməmişik.
- Cənab səfir, son olaraq ailə vəziyyətinizlə bağlı bir
az məlumat verərdiz...
- Evliyəm. İki övaldım var. Amma onlar Türkiyədə yaşayırlar.
Qızım həkim, oğlum isə vəkildir.