Aydın Dadaşovun "Açıq dərs" layihəsində:
Rejissor Ağa Əli Dadaşov
1906-cı ilin baharında Bakıda, İçəri şəhərdə Ağşalvarlılardan
gəmiçi Abbas Əlinin beş oğlan, iki qızdan ibarət xoşbəxt ailəsinin
beşinci uşağı Ağa Əli Dadaşov erkən yaşlarından digər
bacı-qardaşları ilə ərəb dilini, Quranı öyrənir və onun ilk aktyor
işi aşura günlərində məsciddə hazırlanan şəbih tamaşasında
olur.
1918-ci ilin martında S.Şaumyanın erməni daşnak dəstələrinin
kütləvi qırğınlarında ailənin 18 yaşlı oğlu Məhəmməd Əlinin başının
kəsilərək onların dalanına atılmasına dözməyib dünyasını dəyişən
Abbas Əli kişi də Dağüstü parkdakı Şəhidlər xiyabanında, oğlunun
yanında dəfn olunur.
Ahəng
qanununu
zəif bilirsən
Ağa Əli Dadaşovun 1923-cü ildə daxil olduğu N.Nərimanov adına
Sənaye Texnikumunu bitirməyə az qalmış oranı ataraq aktyor
dərnəklərində məşğul olması çoxlarına gənclik həvəsi kimi görünür.
Lakin 1929-cu ildə bitirdyi M.F.Axundov adına Teatr Texnikumunda
oxuyarkən oynadığı Romeo rolu müəllimlərinin diqqətini çəkir.
1930-cu ildə təhsilini davam etdirmək üçün onun Moskvaya üz tutması
sənətinə münasibətinin ciddiliyindən xəbər verir. Lunaçarski adına
Teatr İnstitutunun rejissorluq fakültəsinə qəbul zamanı sənətdən
imtahan götürən K.S.Stanislavski və E.B.Vaxtanqov kimi klassiklərin
tələbəsi olmuş, rejissor-pedaqoq Nikolay Mixayloviç Qorçakovun
təmiz türk dilində: "Sən ahəng qanununu zəif bilirsən" - deməsi Ağa
Əlini heyrətləndirir. N.M.Qorçakovun səhnəyə qoyduğu, Y.Oleşanın
"Üç gombul" əsərini uğurla təhlil edən Ağa Əli tələbələr sırasına
düşür. Lakin həmin ilin qışında tələbələrə ayrılan təqaüdün Bakıdan
zamanında göndərilməməsi səbəbindən şəhər qəbristanlığında, 1912-ci
ildə Napaleon ordusu ilə döyüşlərdə həlak olanların sərdabələrində,
kitabxanaların saxlanclarında həftələrlə gecələməsini Ağa Əli
sonralar da daim xatırlayarmış. Yalnız Moskvada təhsil alan
tələbələrlə görüşündə onların acınacaqlı vəziyyətlərini
əyin-başlarından, üz-gözlərindən oxuyan M.C.Bağırovun göstərişindən
sonra vəziyyət düzəlir.
Ermənilər
Bakıda at oynadırlar
1935-ci ildə təhsilini
bitirdikdən sonra Azərbaycan Dövlət Dram Teatrında quruluş verdiyi
C.Cabbarlının "Almas" əsərinin yeni bədii-estetik tərəflərini üzə
çıxaran Ağa Əli Dadaşovun A.Puşkinin "Boris Qodunov" poemasına
əsasən səhnəyə qoyduğu tamaşa barədə Moskva mətbuatı
yazdı.
1936-cı ildə kiçik bacısı
Zeybə ilə savadsızlığı ləğv etmə kurslarında birgə oxuyan, Məhəmməd
Həsən Hacınskinin qohumlarından olan Xədicə xanımla ailə quran Ağa
Əli Dadaşovun Azərbaycan Dövlət Opera və Balet Teatrında quruluş
verdiyi "Əsli və Kərəm" tamaşası da mədəniyyət hadisəsi
sayıldı.
1937-ci ilin repressiyalarında Maliyə Nazirliyində yüksək vəzifə
tutan qardaşı Həsən Əli, oğlu Çingizi əmisi Ağa Əlinin adına
keçirməyə imkan tapsa da, sürücüsü Alyoşanın yanında "Mart
qırğınlarında bizi qıran ermənilər indi Bakıda at oynadırlar" -
deməsinə görə millətçi kimi "vətən xaini" damğası ilə həbs olunur,
arvadı Cəvahir, Nanə və Lalə adlı iki azyaşlı qızları ilə
Qırğızıstanın Oş vilayətinə sürgün edilir. Nanənin yolda, Lalənin
isə sürgündə tələf olduğunu öyrənən Ağa Əli dözməyib qardaşının
arxasınca gedir. "Oş şəhərindəki Orazbəyov adına Dövlət Musiqili
Dram Teatrının rəhbəliyi ilə "Şahnamə" əsərinə quruluş vermək
barədə müqavilə də bağlasa da"[i] (С.Мцмтаз адына АРЯИА фонд 585. сий1.) qardaşının
yaşadığı mərkəzdən çox uzaq olan qapalı zonaya buraxılmadığından
kor-peşman geriyə qayıdır və uzun müddət özünə iş axtarmalı
olur.
22 iyul 1938-ci ildən nəhayət
Gəncə Dövlət Dram Teatrına baş rejissor və bədii rəhbər göndərilən
Ağa Əli Dadaşov buradakı Cəlil Məmmədquluzadənin "Ölülər", Səməd
Vurğunun "Vaqif", C.Cabbarlının "Od gəlini", A.Ostrovsknin
"Günahsız müqəssirlər", S.Rəhmanın "Toy", S.Midivninin "Vətən
naminə", H.Quliyevin "Qohumlar" pyeslərini tamaşaya qoyur. Və elə
həmin il ailənin böyük qızı Firəngiz dünyaya gəlir.
Bağırovun
tənqidi çıxışından sonra
16 iyul 1939-cu ildə teatrdakı vəzifələrindən uzaqlaşdırılaraq
yalnız rus və erməni bölməsinin rejissoru kimi saxlanılan Ağa Əli
Dadaşov öz ərizəsi ilə işdən çıxaraq Bakıya qayıdır və yenidən
özünə iş axtarmağa başlayır.
9 fevral 1940-cı ildə nəhayət
Pionerlər evinə müvəqqəti əmrlə bədii rəhbər düzələn Ağa Əli
Dadaşov ailəsinin ikinci uşağı, Eldar dünyaya gəlir.
27 avqust 1940-cı ildən cəmisi iki həftə İncəsənət İşləri
İdarəsində teatr şöbəsinin rəisi vəzifəsini tutan A.Dadaşov
C.Məmmədquluzadə adına Azərbaycan Dövlət Musiqili Dram Teatrının
rejissoru təyin edilsə də, həmin ərəfədə respublika rəhbəri
M.C.Bağırovun sənət müəssisələri barədə tənqidi çıxışından sonra
burada da, çox duruş gətirə bilmir.
Aktyorsuz teatrın
rejissoru
10 avqust 1941-ci ildə müharibə başladıqdan üç ay sonra bədii
rəhbəri kimi çalışdığı Ağdam Dövlət Dram Teatrında rejissor kimi
quruluş verdiyi N.Vəzirovun "Bəxtsiz cavan", C.Cabbarlının "1905-ci
ildə" tamaşalarında iştirak edən aktyorların cəbhəyə yollanmaları
səbəbindən işsiz qalan Ağa Əli Dadaşov yenidən Bakıya qayıdır.
29 may 1942-ci ildən Bakı kinostudiyasında rejissor
V.Yeremeyevin assistenti kimi çalışan A. Dadaşov dəfələrlə cəbhə
bölgələrində olur və bir il sonra rejissor ştatına keçirilir.
Faşizm
üzərində
qələbədən
sonra
28 sentyabr 1943-cü ildən 15 may 1944-cü ilə qədər Azərbaycanın
Stavropol vilayətinə hərtərəfli yardımına həsr olunmuş "Qardaşlıq
köməyi" sənədli filmində rejissor kimi çalışan A.Dadaşov paralel
olaraq müəllimlik etdiyi Teatr Texnikumunun tələbələri ilə
respublikanın Ucar, Göyçay, İsmayıllı rayonlarında konsert
tamaşaları verir.
Faşizm üzərində qələbədən sonra yenidən Gəncə Dövlət Dram
Teatrına bədii rəhbər təyin olunan A.Dadaşov burada Ə.Haqverdiyevin
"Pəri cadu", S.Vurğunun "Fərhad və Şirin", K.Simonovun "Praqanın
şabalıd ağacları altında", İ.Qasımovun "Arzu və sevinc",
K.Sultanovun və M.Bürcəliyevin "Yadigar" pyeslərini tamaşaya
qoyur.
Məzarları
xilas etmək
Həmin ərəfədə Bakıda, Dağüstü parkda S.M.Kirova heykəl qoyulması
ilə bağlı Şəhidlər xiyabanı ləğv olunarkən orada uyuyan atasının və
qardaşının məzarlarını xilas etmək üçün bir neçə günlüyə Gəncədən
Bakıya gələn Ağa Əli Dadaşov müsəlman adəti üzrə rəhmətliklərin
nəşini məsciddə yenidən kəfənə tutdurub yeznəsi nalbənd Məşədi
Şükürgilin Əmircan kənd qəbristanlığındakı qohumlarının yanında
dəfn edir və uzun illərdən sonra burada avazla oxuduğu "Quran"
ayələrini eşidənlər onun ətrafına yığılır.
1947-cı ildə Dadaşovların üçüncü övladı Arifin dünyaya gəlməsi
ilə maddi vəziyyəti onsuz da çətin olan ailənin qayğıları artır. Və
repressiyaların yenidən genişlənməsi, tərcümeyi-halındakı qardaşı
ilə bağlı "qara ləkə"lərin üzə çıxması səbəbindən işsiz qalan Ağa
Əli Dadaşov artıq sənətşünaslıq doktoru, professor, rejissorluq
kafedrasının müdiri, SSRİ dövlət mükafatı laureatı olan müəllimi
N.M.Qorçakova məktubla müraciət edərək bu problemi barədə yazır və
səbirlə öz məqamını gözləməyə başlayır.
Tuqanovdan cavab gəlmir
Müharibədə cərimə batalyonunda podpolkovnik kimi vuruşaraq
Kerçdə itkin düşən qardaşı Həsən Əlinin boğazında xərcəng gəzdirən
arvadı Cəvahir həmin ildə Bakıya qayıdaraq oğlu Çingizə qovuşsa da,
bir il sonra dünyasını dəyişir.
1949-cu ilin yazında Moskvadan Lunaçarski adına Teatr
İnstitutunun rektorunun və müəllimi, professor N.M.Qorçakovun onun
işlə təmin edilməsi barədə A.A.Tuqanova göndərdiyi xahiş məktubu
belə uzun müddət nəticəsiz qalsa da, həmin ilin yayında ailənin
sonbeşiyi Məlahətin dünyaya gəlməsi onu məmnun edir.
1951-ci ilin əvvəllərində
qardaşı Həsən Əlinin bəraət alması hesabına Kommunist partiyası
sıralarına daxil olan A.Dadaşovun dondurulmuş yaradıcılıq
fəaliyyətində nəhayət ki, işıq ucu görünür. Həmin ilin Novruz
bayramı ərəfəsində nəhayət Gənc Tamaşaçılar Teatrının baş rejissoru
təyin olunan Ağa Əli Dadaşov böyük həvəslə işə başlayır və hətta
burada uşaqlar üçün yaratdığı aktyorluq dərnəyinə də rəhbərlik
edir. Beş il ərzində bu teatrın səhnəsində "Məlikməmməd" nağılını,
Süleyman Sani Axundovun "Qaraca qız", Cəfər Cabbarlının "Yaşar",
Zeynal Xəlilin "Gənc ustalar", İ.Lukovskinin "Əbədi gecənin sirri",
Əli Vəliyevin "Gülşən" və xüsusən teatr tariximizdə parlaq yer
tutan Şekspirin "İki veronalı" əsərlərini canlandıran A. Dadaşovun
tamaşalarında epizodik rollarda səhnəyə çıxan tələbələri arasında
gələcəyin Rauf Kazımovski, Arif Babayev, Kamil Rütəmbəyov, İsmət
Səfərəlibəyov, Sabir Aslanov, Fikrət Qaradağlı kimi televiziya
rejissorları da var idi.
Maddi problemlərini kökündən həll edilməsi
1952-ci ildə özünün
səhnələşdirdiyi Mir Cəlalın "Bir gəncin manifesti" tamaşasının
rejissorluğuna diplom rəhbəri olduğu tələbəsi Rauf Kazımovskini
şərik etməsi isə bu istedadlı gəncin uğurlu sənət həyatının
başlanğıcı olur. Tələbələrlə dostluğu ustadından öyrəndiyini deyən
Ağa Əli Dadaşov həmin il müəllimi N.M.Qorçakova ikinci SSRİ dövlət
mükafatı qazandıran, "K.S.Stanislavskinin rejissorluq dərsləri"
kitabının məxsusi ona ünvanlanmış sözlərlə, poçtla göndərilmiş
nüsxəsini həmişə özüylə gəzdirərmiş.
1954-cü ildə teatrın 25 illik yubileyi ilə əlaqədar A.Dadaşovun
Mehdi Hüseynin "Komissar" romanının "Sirli səhər" adlı səhnə
variantını dövlət sifarişi kimi tamaşaya qoyması ailəsinin maddi
problemlərini kökündən həll etdi. Və nəhayət ki, bir bölük külfətin
yaşadığı uçmaqda olan iki xırda otaqdan ibarət köhnə ev təmir
edildi.
1955-ci ildə tamaşaya qoyduğu Məmmədhüseyn Təhmasibin "Çiçəkli
dağ" pyesində şər qüvvələrlə mübarizədə fəal iştirak edən At, İt və
Göyərçinlər kimi alleqorik personajların obrazlaşdırılması teatr
aləmində yeni olmasa da, aktyorlar və gənc tamaşaçılar tərəfindən
hədsiz maraqla qarşılanır.
Səhnədə
son tamaşası
Onun quruluş verdiyi "Sirli
səhər", "Çiçəkli dağ" tamaşalarının bir neçə il sonra "Səhər"
(rejissor-A.Quliyev), "Bir qalanın sirri" (rejissor-Ə.Atakişiyev)
kimi ekran əsərlərinə çevrilməsindən, aktyorlarından bir neçəsinin
də həmin filmlərdə çəkilməsindən məmnunluq duyması A.Dadaşovun
mənəvi zənginliyinin təsdiqidir.
14 fevral 1956-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio
Komitəsində baş rejissor təyin olunan tələbəsi Rauf Kazımovskinin
dəvətilə orada fəaliyyətə başlasa da, Gənc Tamaşaçılar Teatrındakı
işindən ayrılmayan Ağa Əli Dadaşovun artıq doğmalaşdığı səhnədə son
tamaşası Məmmədhüseyn Təhmasibin "Hind nağılı" pyesi oldu.
Məmmədhüseyn Təhmasibin
"Çiçəkli dağ" pyesindən sonra teatrın sifarişi ilə "Kəlilə və
Dimnə" əsəri əsasında yazdığı, "Başqasına quyu qazan, özü düşər"
ideyasını daşıyan "Hind nağılı" tamaşasında isə Rayhidlə
(M.Əlizadə), oğlu Çanqdra (C.İskəndərova) istisna olmaqla, Kəl
(Ə.Atayev), Ana şir (O.Hacıbəyov), Dimnə (Ə.Ağayev), Kəlilə
(T.Qasımov), Ayı (Y.Dadaşov), Pələng (M.Dadaşov), Canavar
(Ə.Əhmədov), Meymun (Ə.Vəlbəyov), Tutuquşu (S.Qubanov) kimi
alleqorik personajlar, tamaşanın bəstəkarı Zakir Bağırovun yazdığı
uğurlu mahnı və rəqslərin də hesabına artıq televiziya tamaşaları
üzərində çalışmağa üstünlük verən rejissor Ağa Əli Dadaşov
yaradıcılığı uzun illər xatirələrdə yaşadı.
Rejissorlarının müəllimi
F. e. d., professor Qulu
Məhərrəmovla vaxtilə birgə yazdığımız, 1999-cu ildə çap olunmuş
"Televiziya və radio tamaşaları" dərs vəsaitindəki: "Azərbaycan
televiziya teatrının əsasını qoyanlardan biri də, görkəmli rejissor
Ağa Əli Dadaşov olub" (səh.7) cümləsi real gerçəkliyi əks etdirir.
Rauf Kazımovski, Arif Babayev, Kamil Rüstəmbəyov, Ağakişi Kazımov,
Lütvü Məmmədbəyov kimi tələbələrini də ətrafına toplamış Ağa Əli
Dadaşovu özündən sonra gələn bütün televiziya rejissorlarının
müəllimi hesab etmək olar. 1956-cı ildən Az TV-də rejissor kimi
çalışmış peşəkar rejissorun teatrdakı işlərini yekunlaşdırdıqdan
bir il sonra C.Cabbarlının "Füruzə" hekayəsi əsasında hazırladığı,
9 yaşlı oğlu Arifin də oynadığı ilk teletamaşanın 1959-cu ildə
Moskvada keçirilən incəsənət və ədəbiyyat ongünlüyü zamanı
ümumittifaq ekranda nümayiş olunması ilə Ağa Əli Dadaşov əməkdar
incəsənət xadimi adını alan ilk televiziya rejissoru olur. Lakin
elə həmin ilin sonlarında N.Vəzirovun "Dağılan tifaq" (1959)
teletamaşasını hazırlayarkən sürücünün səhlənkarlığı ucbatından
çəkilişin pozulması rəhbərliyin iştirakı ilə müzakirə olunarkən Ağa
Əli Dadaşov ilk infarktını alır. Həmin dövrdə AzTV–də ingiliscə ilk
tədris verilişlərini aparan Xarici Dillər İnstitutunun baş müəllimi
Çingiz onu xəstəxanaya çatdırır. Bir il sonra Çingizin gözlənilməz
ölümü, ona atalıq etmiş əmisi Ağ Əli Dadaşovun ikinci infarktı ilə
nəticələnir.
Üç otaqlı ev
Uzunmüddətli müalicədən sonra
özünə gələrək M.F.Axundovun "Molla İbrahimxəlil kimyagər" (1961),
"Müsyö Jordan və dərviş Məstəli şah", (1962), H.Cavidin "Xəyyam"
(1963) C.Məmmədquluzadənin "Qurbanəli bəy" (1965), M.Əlizadənin
"Sən gözəlsən" (1965) kimi əsərləri əsasında sanballı teletamaşalar
hazırlayan Ağa Əli Dadaşova televiziya işçiləri üçün 4-cü
mikrorayonda tikilmiş binada üç otaqlı ev verilməsi ailəsi üçün
bayrama çevrilir.
Leninin saç-saqqalına üçcə manat
Sonuncu teletamaşası özünün
səhnələşdirdiyi, bir il sonra kinostudiyada ekranlaşdırılan
(ssenari müəllifi M.Dadaşov, M.Yerzikyan, rejissor M.Dadaşov)
S.Rəhimovun, "Mehman" (1967) əsəri olan A.Dadaşovun 1968-ci ildə
AzTV-ni tərk etməsinin səbəbi maraqlı göründü. Və məlum oldu ki,
ədəbi-dram redaksiyasının Leninin ad gününə həsr etdiyi verilişdə
proletarların rəhbərinin obrazı yetərincə alınmayıb. Az. KP MK-nın
təbliğat və təşviqat şöbəsinin müdirinin, Az.TV-nin sədrinin də
iştirak etdiyi partiya iclasında söz alan Ağa Əli müəllim verilişin
büdcəsində Leninin saç-saqqalına cəmisi üçcə manat pul
ayrıldığından şikayət etdikdə salonda gülüş qopur. Və həmin
iclasdan sonra o, keçirildiyi ictimai-siyasi redaksiyada dözə
bilməyib təqaüdə çıxmağa məcbur olur.
1968-ci ilin sentyabrından ömrünün son beş ilini baş müəllim
kimi İncəsənət İnstitutunda çalışan Ağa Əli Dadaşovun tələbələrdən
Valeh Kərimovu mədəni-maarif fakültəsindən aktyorluğa, Zərnigar
Ağakişiyevanı axşam şöbəsindən gündüzə keçirməsi onların sənət
talelərində mühüm rol oynayır. İnsanların zahirini deyil,
mənəviyyatını dəyərləndirən Ağa Əli müəllimin yüksək səviyyədə
apardığı məşqlərdə çəkdiyi "Avrora" siqaretinin masa üzərinə
tökülən külünü arabir pencəyinin qolu ilə sildiyini və yüksək
qiymət almaq istəyən zəif tələbə - aktyorlara "dirsək göstərməsi",
istedadlıların isə nazı ilə oynaması xatırlanır. 1969-cu ildə
tədris teatrında C.Cabbarlının 70 illik yubileyi münasibəti ilə
tələbələrin iştirakı ilə hazırladığı, məşqlərində elmi fəaliyyətini
bu müəllifin yaradıcılığına həsr etmiş rektor Rahib Hüseynovun da
daim iştirak etdiyi, tələbələrdən Mikayıl Mirzəyevin Aydın, Elmira
Şabanovanın Gültəkin, Rasim Balayevin Dövət bəy, Zərnigar
Ağakişiyevanın Susanna, Əliabbas Qədirovun Surxay, Şəmsi
Şəmsizadənin Novruz, Nazim Ağayevin Mirzə Cavad, Məhəmməd Məcidovun
Balaxan oynadıqları "Aydın" tamaşası sənət hadisəsi sayılır.
Akademik Məmməd Arifin: "Mən 15-ə yaxın "Aydın" tamaşası görmüşəm,
lakin bu tamaşa əvvəlkindən fərqlidir", - deməsi barədə ilk
tamaşadan sonrakı müzakirədə iştirak etmiş ADMİU-nun dosenti
Əzizağa Quliyevin 2 sentyabr 2006-cı il tarixli "Mədəniyyət"
qəzetində çap etdirdiyi "Yaxşıları unutmayaq" məqaləsində oxuyuruq.
Məqalədəki: "Ağa Əli müəllim aktyor və rejissor sənətinə çox ciddi
yanaşır və tələbələrdən də bunu tələb edirdi. O, tez-tez təkrar
edirdi: "Sənətdə güzəştə getmək olmaz. Kiçik güzəştlər böyük
güzəştlər doğurur ki, bunun da nəticəsində sənətin mahiyyəti heçə
yenir". Qəbul zamanı ixtisas fənnindən imtahan götürən Ağa Əli
müəllim istedadlı gənc görəndə o qədər sevinər, fərəhlənərdi ki… O,
gənclərə teatrımızın gələcək sənətkarları, incəsənətimizin görkəmli
xadimləri kimi baxırdı", - cümlələri A.Dadaşovu bir
rejissor-pedaqoq kimi səciyyələndirir.
1973-cü ilin payızında Ağa Əli
müəllim televiziya tamaşalarının bir neçəsində aktyor kimi iştirak
etmiş tələbəsi, kinorejissor Əbdül Mahmudovun "Qeyri adi ov" adlı
diplom işinin Lənkəran çəkilişlərində qoca ovçu, kənd ağsaqqalı
rolunda cəmisi bircə gün çəkilərək xəstələnib geriyə qayıdır. Onun
rolu Məmmədrza Şeyxzamanova həvalə olunsa da, ümumi planda həyətdə
oturub qəlyan eşən ağsaqqalın Ağa Əli müəllim olduğunu tanıyanlar
həmən hiss edir.
Həmin ilin dekabr ayının əvvəllərində Lənkərandan gələndən üç
gün sonra dünyasını dəyişən rejissor-pedaqoq, əməkdar incəsənət
xadimi Ağa Əli Dadaşov valideynlərinin, bacı-qardaşlarının, yeznəsi
nalbənd Məşədi Şükürün uyuduğu Əmircandakı ailə qəbiristanlığında
dəfn olunur.
"Qağayı" kəşfi
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetində tədris metodundan və tərtib etdiyi
proqramlarından bu günə qədər istifadə olunan Ağa Əli müəllimin
imtahan biletlərinin suallarına düşən, nəzarət, kurs və diplom
işlərində, dissertasiyalarda müraciət olunan yaradıcılığı daim
yaşamaqdadır. Onun müəllimi N.M.Qorçakovun "K.S.Stanislavskinin
rejissorluq dərsləri" kitabına istinadən 1898-ci ildə A.P.Çexovun
"Qağayı" tamaşasına tətbiqdən başlayaraq sənət kəşfi kimi qəbul
edilmiş, eyni tamaşanın digər tarixi mərhələlərdə də səhnəyə
qayıtmasına imkan verən, əsərin ideyasının, ali məqsədinin,
mövzu-problem əlaqələrinin, fabula mexanizminin, personaj, tipaj,
obraz, xarakter fərqlərinin, təklif olunan vəziyyətlərin üzə
çıxarılması kimi tamaşanın alqoritmini qoruyan məqamların əks
olunduğu yazılı rejissor eksplikasiyasının - partiturasının
hazırlanması yollarını tədris etməsi və ümumiyyətlə "masa arxası
məşq"ləri hər gün xatırlanır.