Yuxarı

Bakının bu addımları heyranedicidir – Koreya səfiri

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Cənubi Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tonq-Op Kim ilə müsahibəni təqdim edir:

– Cənubi Koreyanın inkişaf etmiş sənayesi və iqtisadiyyatı var. Bu inkişafa necə nail olmusunuz?

– İnkişaf üçün ən əsas və vacib amil millətimiz və dövlətimizin birliyi idi. Bununla yanaşı, hökumət ölkənin inkişafı üçün bütün lazımi tədbirləri həyata keçirdi. Nə neft, qaz kimi təbii sərvətlərimiz var idi, nə də sənaye inkişafı üçün lazım olan kapital. Hətta yüksək ixtisaslı insan resurslarımız da yox idi. Hökumətimiz maliyyə və sosial siyasətini müəyyən etdi və bu siyasətin həyata keçirilməsi üçün lazım olan xarici kapitalı tətbiq etdi. Eyni zamanda təhsildə səriştəli kadr potensialının yaxşılaşdırılmasına sərmayə qoyuldu. Vətəndaşlar da hökumət siyasətini dəstəkləmək üçün çox çalışdılar.

– Koreyanın dünya şöhrətli musiqiçiləri, mədəniyyət xadimləri və ədəbiyyatçıları haqqında sizdən eşitmək maraqlı olar.

– Məşhur koreyalı musiqiçilərdən söhbət düşərkən ağlıma ilk növbədə dirijor Yunq Munq Hun, Beynəlxalq Şopen Piano müsabiqəsinin qalibi Ço Seonq Cin, 2011-ci il Beynəlxalq Çaykovski Müsabiqəsinin gümüş medalçısı Son Yeol Eum, Nyu York Metropolitan Operasında ifa edən skripkaçı Çunq Kunq Va gəlir.

Bundan başqa, 2016-cı ildə Beynəlxalq Kitabçı Mükafatını qazanan məşhur yazıçımız Han Kanqı qeyd etmək istərdim.

– Koreya ilə Azərbaycan arasındakı mövcud siyasi və iqtisadi münasibətləri necə qiymətləndirirsiniz?

– 1992-ci ildə ölkələrimiz arasında diplomatik münasibətlər qurulandan bəri Azərbaycanla müxtəlif sahələrdə mübadilə və əməkdaşlıq inkişaf etməkdədir. 2006-cı ilin may ayında Koreya Respublikasının Prezidenti Ro Mu Hyunun Azərbaycana rəsmi səfəri və 2007-ci ilin aprel ayında cənab İlham Əliyevin Koreyaya səfəri bu münasibətlərin inkişafında mühüm rol oynadı. İki ölkə arasındakı ticarət həcmi 1.7 milyard ABŞ dolları, tələbə və əmək resurslarının mübadiləsi isə 10 min civarındadır. İki ölkə arasındakı mövcud potensialı nəzərə aldıqda biz bu rəqəmlərlə kifayətlənə bilmərik.

– SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi iki ölkə arasında əlaqələrin inkişafında böyük addımlar atır. Bu birliyin fəaliyyəti haqda nə düşünürsünüz?

– SEBAS İctimai Birliyi Azərbaycanda Koreyanın səfirliyi açılmazdan əvvəl də ikitərəfli əlaqələrə öz böyük töhfələrini verirdi. SEBA-nın azərbaycanlılar tərəfindən könüllü olaraq qurulduğunu və ikitərəfli əlaqələrin inkişafına töhfə vermək üçün müstəqil fəaliyyət göstərdiyini nəzərə alsaq, bu Birliyin fəaliyyəti xüsusilə diqqətəlayiqdir. Qeyd etmək istərdim ki, hökumətimiz və millətimiz SEBA-ya hər zaman xüsusi bir sevgi və hörmət bəsləyir.

– Artıq bir ildir ki, Koreyanın Azərbaycandakı səfirisiniz. Ölkəmizə gəldikdən sonra gözləntilərinizlə qarşılaşdıqlarınız üst-üstə düşdümü?

– Azərbaycan haqqında çox şey öyrənə bildiyimə görə şadam. Xəzər dənizinin sahilində yerləşən Azərbaycan dünyada zəngin neft və qaz ehtiyatları ilə tanınır. Bu imicdən kənara çıxmaqla sosial islahatları davam etdirərkən Azərbaycanın zəngin tarixini və mədəni ənənələrini mənimsədiyini görmək heyranedicidir.

– Azərbaycan mədəniyyəti, xalqı, mətbəxi ilə tanış olmusunuz. Sizcə, Koreya və Azərbaycan arasında hansısa oxşarlıqlar varmı?

– Koreya Altay mədəniyyətinə və Azərbaycan Türk mədəniyyətinə aid olduğu üçün oxşarlıqlarımız çoxdur. Böyüklərə hörmətlə yanaşmaq, ailə ənənələrini dəyərləndirmək, ictimai həyatda xüsusi etiketə sahib olmaq iki ölkənin bənzərlikləridir. Bundan başqa, ənənəvi Azərbaycan musiqisi “Muğam” “Çan” adlanan musiqi janrımıza çox oxşardır.

– Azərbaycanda gedən prosesləri necə qiymətləndirirsiniz? Ölkədəki son dəyişikliklər barədə nə düşünürsünüz?

– İslahat və yeniklilər bütün dövlətlər və millətlər üçün dövrümüzün tələbidir. Vaxt keçdikcə bu həqiqəti dəqiq bilən və islahatları təşviq edən ölkələrlə etməyən ölkələr arasında böyük fərqlər yaranacaq. Xüsusilə, Azərbaycan kimi resurslarla zəngin ölkələr arasında islahat və yenilik olmadan davamlı iqtisadi və sosial tərəqqi əldə etmək çətindir. Bu baxımdan, Azərbaycanda bütün sahələr üzrə islahat səylərini dəstəkləyirəm.

– Azərbaycanın yaxın bir neçə ildə regiondakı rolunu necə görürsünüz?

– Azərbaycan çox əhəmiyyətli geosiyasi mövqedə yerləşir. Burada Şərq Qərblə görüşür və Cənub Şimalla kəsişir. Cənub Qaz Dəhlizi və Şimal-Cənub Nəqliyyat Dəhlizi layihələri Azərbaycanın zəngin enerji və logistika mübadiləsi nöqtəsi kimi geosiyasi üstünlüklərdən yararlanmasına yardım edir. İnanıram ki, Azərbaycanın milli rifahı və beynəlxalq statusu ölkənizin müsbət xarici siyasəti nəticəsində bütün dünyada yüksək səviyyədə təbliğ olunacaq.

Tarix
2020.01.29 / 14:41
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla