"Həbsxana əhvalatları"
layihəsində
əvvəli burada
Bəhs edəcəyim hadisəni mənə Aqil danışdı. Zəng vurmuşdu.
Hal-əhval tutduqdan sonra səsinə bir qədər rəhm, təəssüf dolu yanğı
qataraq soruşdu:
- Sənin Abgüldən xəbərin var?
- Yox, çoxdandır zəng etmir. Mən də zəng etmirəm, bir
şey xahiş etmişəm, səs-soraq yoxdur.
- Nə səs-soraq olacaq? Bu bədbəxtin balası nə edibsə, tutub
gətiriblər Sabunçu polisinə. Bir həftədən çoxdur burdadır. İndicə
əmisi oğlu zəng edib.
Abgülün törətdiyi silsilə cinayət hadisələrini, söhbət zamanı
xoşuna gəlməyən adamların haqqında "dəli şeytan deyir, dur bunun
dalına bir bıçaq vur", - deməsini yadıma salıb güldüm:
- Nə məsələdir? Yenə kimin yumşaq yerini
bıçaqlayıb?
Aqil telefonun o biri başından:
- Bu dəfə deyəsən başqa şeydir. Heç kəs heç nə bilmir. Gəlib
evdən aparıblar. Dava-dalaş da olmayıb. Amma əmisi oğlu deyir ki,
bir həftədən çoxdur onu orda qışqırdırlar.
Aqillə vədələşdik ki, görüşək. Amma görüşməyə ehtiyac qalmadı.
Təxminən yarım saat sonra Sabunçu prokurorluğundan zəng gəldi. Məni
ora dəvət etdilər. Aqillə əlaqə saxladım.
O dedi:
- Elə indicə sənə zəng edəcəkdim, məni də 13 saylı polis
bölməsinə çağırıblar.
Razılaşdıq ki, birinci prokurorluğa, sonra isə polis bölməsinə
gedək.
Prokurorluğun müstəntiqi dolu bədənli, təxminən 40 yaşılı biri
idi. Elə Abgülün həbsinin də səbəbini o dedi.
- Dostunuz adam öldürüb. Onunla bağlı çağırmışam.
Mən Abgülün adam öldürməyinə inanmadığımı dedim:
- Düzdür, o dalaşqandır, hətta adam da bıçaqlayıb, həbs
olunub. Amma onun vurduğu adamlar hamısı gedib məhkəmədə günahın
onda olmadığını deyiblər. Özü də o adamı elə yerdən vurur ki, bu
yaradan ölüm olmaz.
Müstəntiq kobud adam deyildi. Otağının küncündəki bir araq və su
şüşəsini, bir də kəndiri göstərdi:
- Bunlar hadisə yerindən götürülüb. Yeyib içiblər, siqaret
çəkiblər, sonra da Zülfüqar adlı türmə dostlarının əl-qolunu,
ayaqlarını bağlayıb, başına pislik gətiriblər, qaşını alıb,
dodağına boya sürtüblər, sonra da işgəncə ilə öldürüblər.
Mat qalmışdım. Öldürülən adamın şəklini göstərdi. Yadıma sala
bilmədim.
- Doğrusu, bu qətlin bir nəfər tərəfindən, özü də belə
amansızcasına törədilməsinə də inanmıram. Dostunuz tək olmayıb, ən
azı 3 nəfər olublar. Amma bütün izlər və şübhələr onun üstünə
gedir.
Müstəntiq Abgülü necə, hansı şəraitdə tanıdığımı soruşdu. Bir
daha dedi ki, fikirləşim, Zülfüqarı yada sala bilirəmmi:
- Bilirsiz, o adam cinayətkar aləmin tanınan simalarından olub.
Bir neçə cəza müəssisəsində olub, axırıncı dəfə 10 saylıda cəza
çəkib, oradan da azadlığa çıxıb. Nə əcəb görməmisən?
- Yox tanımıram, eşitməmişəm. 1200 dustaq vardı. Toyuq
oğurlayan da, içib dava salan da özünü bəzən oğru dünyasına yaxın
sayırdı. Mən elə adamlarla münasibət qurum, dostluq edim,
olmayıb.
- Bəs Abgüllə necə dostluq edirdiz?
- Abgüllə mən içəridə dost olmamışam. O, dəllək idi,
saçımızı qırxırdı. Amma təmiz adam idi. Münasibətimiz çox yaxşı
idi. Çölə çıxandan sonra isə əlaqələr qırılmadı. Gedib-gəldik.
Toyuna çağırdı. O, adam öldürə bilməz.
Təxminən belə suallar verdikdən sonra Aqili soruşdu. Dedim
dostumdur və bayırda məni gözləyir. Onu da içəri dəvət etdi. Bu
dəfə mənim yanımda Aqilə eyni sualları verdi. Demək olar ki, eyni
cavabları da aldı. Sonra dedi ki, Zülfüqar öldürülüb. "Koroğlu"
metrosunun yaxınlığında tikilən körpülərin birinin altındakı
qamışlıqda meyit metalalom yığan qadın tərəfindən aşkarlanıb.
- Nə bilirsiz axı bunu o edib? – Aqil soruşdu.
- Meyitin yanında su şüşəsi var, həm də araq. Hər ikisində
Abgülün barmaq izləri aşkar olub.
İfadələrimiz alındıqdan sonra 13-cü polis bölməsinə getdik. Hər
birimizi eyni zamanda ayrı-ayrı tədqiqatçı danışdırdı. Məni gənc
leytenant bölmə rəisinin otağında sorğu-sual edirdi. Eyni məzmunlu
suallar idi.
- Təqsirləndirilən şəxsin telefonundan sizin nömrəniz götürülüb.
Onunla hər-hansı bir görüş, münasibət olubmu?
- Əlbəttə, biz tez-tez zəngləşirik. Bayramlaşırıq, –
dedim.
Cavabları və suallarını yazırdı.
- O, sizin nəyinizdir, qohumluq əlaqələriniz varmı?
- Heç bir qohumluq əlaqəm yoxdur. Sadəcə, bir yerdə cəza
çəkmişik və tanışlıq dostluğa qədər gəlib çatıb.
Gənc tədqiqatçı təəccüblə rəisin üzünə baxdı, ona xitabən:
- Rəis, bu 1964-cü il, o isə 1978-ci ildir. Yaş fərqi çoxdur,
bunlar necə dost ola bilər?
Sonra da mənə tərəf döndü:
- Burda müəmma var, siz necə dost ola bilərsiz axı, yaş fərqiniz
düz 14 ildir.
Acıqla dedim:
- Mən onunla ailə qurmurdum ki, yaşı nəzərə alam. O,
sözübütöv adamdır və hər həftə saçımı düzəldirdi. Dəllək idi,
sonradan bir-birimizin rəğbətini qazandıq. Həm də dostu seçmirlər,
dost seçilir, bir də görürsən ki, filankəslə dostsan.
Gənc zabit yaşının imkan vermədiyi təkəbbürlə dilləndi:
- Siz məndən çox biləcəksiz?
- Bu məsələlərdə, əlbəttə, özü də lap
çox...
Gənc leytenantın, görünür, ilk sorğu-sualı idi. Bəlkə də rəisin
yanında özünü itirmişdi. Çünki hər verdiyi sualdan və aldığı
cavabdan sonra ona baxırdı.
Zülfüqarı soruşdu. Doğurdan da tanımırdım. Sonda harada
işlədiyimi soruşdu. Gülümsəyib:
- Gördünüz, mən sizdən çox bilirəm, bunları qabaqcadan
soruşmalı idiniz, - dedim.
Bütün söhbət boyu sakit dayanan rəis gülümsədi:
- Sizin haqqınızda ətraflı məlumatımız var.
İfadəmi aldıqdan sonra rəis təşəkkürünü bildirdi. Bayıra çıxdım.
Aqil də ifadə vermişdi, keçmiş tanışı və yerlisi olan polis zabiti
ilə söhbət edir, məni gözləyirdi. Polislə sağollaşıb bayıra çıxdıq.
Aqil təəssüflə başını buladı:
- Ayə, bu bədbəxtdə sağ yer qoymayıblar. Yerlim dedi ki, mən
hələ belə dözümlü adam görməmişəm. Qabırğasını, barmaqlarını
qırdılar, təpiyin altına saldılar, işgəncələr verildi, dediyindən
dönmədi, "görməmişəm, xəbərim yoxdur", vəssalam.
Sonra da təəssüflə dedi ki, deyəsən qoyacaqlar boynuna.
Söhbətimizi çayxanada davam etdirdik. Abgülün əmisi oğlu da
gəldi.
- Bu gün bir həftədən çoxdur gəlib evdən aparıblar. Dünən
bilmişik haradadır.
Abgülü bir həftə də saxladılar. 15 günün tamamında buraxdılar.
Üz-gözü saqqalın içində idi. Bizi gördükdə gözləri yaşardı. Elə
polislərin yanında sızıltı ilə:
- Ayə, bu adamları doğan ana, insan ola bilməz, heç eşşək də
olmaz, heç it də olmaz. Ömrümün axırına qədər gərək fikirləşəm ki,
bunları nə doğub, - dedi.
Maşına mindirdik. Otura bilmirdi, arxa oturacaqda uzandı. Aqilin
kafesinə getdik. Biz oturaq, o isə bir tərəfi üstə uzanıb çörək
yedi. Araqdan hamıdan çox içirdi ki, ağrıları hiss etməsin.
Özünə gəldikdən sonra başına gələnləri nəql etdi:
- "Zon"dakı uşaqlardan birinin qardaşının toyu idi. Zor toy idi.
Kalan da içmişdim. Deyib-güldük, oynadıq. Axşam gəldim evə. Yatdım.
Səhər "paxmel" idim. Yerimdən durmadım. Evdən də çölə çıxmadım.
Axşamı da yatdım. İki gün başımın ağrısından heç işə də getmədim.
Günorta vaxtları həyətimizə polislər gəldi. Məni apardılar şöbəyə,
oradan da bura gətirdilər. Çatan kimi dedilər, yaz ki, Zülfüqarı
kiminlə öldürmüsən və niyə öldürmüsən. Deyirəm, a kişi, nə
Zülfüqar, nə ölüm? Şəklini göstərdilər, dedim tanıyıram, yerlimdi,
zonda o qədər başın qırxmışam ki... Dedilər filan vaxt meyiti
tapılıb. Deyirəm, ay başuza dönüm, həmin vaxt mən toyda olmuşam,
gecədən keçmiş gəlmişəm evə, düz sutka yarım heç həyətə də
çıxmamışam. Qonum-qonşudan da soruşublar. Onlar da deyib ki, iki
gün həyət-bacada görünməyib. Deyirəm, Quran haqqı, Allah haqqı
xəbərim yoxdur. Kimə deyəsən, dayanmadan çırpırlar. Axırda videoya
baxıblar, görüblər toydayam. Deyirlər, toydan çıxıb gəlibsən.
Deyirlər, butulkalarda əl izin var, deyirəm ola bilməz. Mən Qubada
olmuşam, bunu isə Koroğluda öldürüblər axı. Axırda butulkanı
göstərdilər. Dedim, biz toyda bu araqdan içmişik. Yadıma saldım ki,
uşaqlar arağı, suyu mənə süzdürürdülər. Sən demə, Zülfüqar üçün
ölüm hökmü çıxarılıbmış. Yaxşı oğlanları baqaja qoyurmuş, türmə
işçilərinin "sukası" imiş. Neçə adamı "raskrutkaya" salıb,
işverənlik edib. Azad olunduqdan sonra məlum olub hamısı, günahı
sübuta yetib, və "sxodka"da haqqında belə hökm çıxarılıb. Onu
öldürənlər də toyda olublar. İzi azdırmaq üçün məni "pod atkoz"
qoyublar. Arağı mənə süzdürüb şüşələri götürüblər, hadisə yerinə
qoyublar. Çəkdiyim siqaretin də kötüyünü yığıb gətiriblərmiş. Daha
məni şikəst edəndən sonra dediyimi etdilər. Videonun köməyi ilə
kimlərin orda ola biləcəyi, şüşələrin götürülə biləcəyi
müəyyənləşdi. Mən indi özümə gələ biləcəm?
- Əşi, sənin canın komsomolun canı kimidir, heç nə olmaz, -
deyib, əlavə etdim, - bəlkə yenə də arağı sən süzəsən?..