"Cəbhə xətti"
layihəsində
Jurnalist və astroloq kimi tanıdığımız Səbuhi Rəhimli
çox zəngin həyat yolu keçib. Uşaqlıqdan aktyor olmaq istəyən Səbuhi
hələ 6-cı sinifdən Tərtər rayon mədəniyyət evində dram dərnəyinin
ən fəal üzvlərindən olub.
Eyni vaxtda yerli qəzetdə müxtəlif səpkili məqalələr də yazıb.
Mədəniyyət və İncəsənət Universitetinin dram-kino aktyorluğu
fakültəsini bitirib. Mərhum parapsixoloq Etibar Elkinin mətbuat
xidmətinin rəhbəri olub. 1988-90-cı illərdə Sovet ordusundan xidmət
edib və xidmətdən öncə poçtalyon işləyib. Bəlkə də oxucularımızın
çoxu bilmir ki, o, şeirlər də yazır. 4 şeir kitabı çıxıb. Onun
jurnalistlik və astroloqluq peşəsinə dərindən bələd olduğunuz üçün
ətraflı şərh vermək istəmirəm. Bu gün Səbuhi Rəhimlidən müharibə
mövzusunda söhbətimiz olacaq. Axı o, həm də 1992-ci ildə könüllü
olaraq Qarabağ savaşında iştirak edib. Müsahibimə ilk sualım da
ibtidai oldu: "Müharibəyə getmək zərurəti sizdə necə yarandı?"
- O vaxt ikinci kursda təhsil alırdım. Mərhum Çingiz
Mustafayevin Xocalıda çəkdiyi dəhşətli kadrları görəndən sonra
içimdə qəribə hisslər yarandı. İndikindən fərqli olaraq o vaxt
gənclərin, xüsusən də tələbələrin daxilində bir vətən yanğısı,
intiqam hissi tüğyan edirdi. Hamı dəstə-dəstə, bəzən də fərdi
şəkildə döyüşə yollanırdı. Bir səhər universitetimizə yollananda o
vaxt çox populyar olan "Səhər" qəzetində (6 mart, 1992) oxudum ki,
boya-başa çatdığım Seydimli kəndinə atılan bir mərmi iki körpə
uşağın yaralanmasına səbəb olub. Xəbərdən çox sarsıldım. Dərsə
getməyib Fəvvarələr bağında yarım saatdan artıq oturdum, götür-qoy
elədim. Kirayədə qaldığım evə qayıdıb Tərtər və Bərdədən olan
tələbə tanışlarımı aradım, əksəriyyəti döyüşə yollanmışdı. Həhayət,
martın 10-da öyrəndim ki, Suraxanı rayonunda kapitan Fərman
Quliyevin rəhbərliyi ilə könüllülər batalyonu hazırlanır. Dərhal
gedib yazıldım. Martın 22-də (həmin gün həm də ad günüm idi) Tərtər
bölgəsinə yollandıq.
- İlk döyüşünüz nə vaxt oldu?
- Açığı, o vaxt Xocalıya görə hamının içində dəhşətli bir qisas
duyğusu yaranmışdı. Səngərdə keşik çəkməklə kifayətlənmirdik.
Könüllülərdə hərbi qaydalar bir qədər yumşaq olduğu üçün tez-tez
komandirlərə irad bildirib nə olursa-olsun, hücuma keçməyi tələb
edirdik. Burada bir qədər naşılıq və itaətsizlik elementləri olsa
da, hər halda bütün bunlar ifrat vətənpərvərlikdən doğurdu. Çünki o
dövrdə erməni səngərlərini tutmaq istəyi daha populyar idi, nəinki
pul verməklə və ya dəlilik kağızı almaqla ordudan yayınmaq
istəyi.
1992-ci il aprelin 10-da Ağdərənin Marağa və Marquşevan kəndinə,
bəlkə də, "yuxarıların" xəbəri olmadan qəfil hücum etdik. Yüzlərlə
erməni terrorçusunu öldürdük. Bu döyüş Azərbaycan ordusunun ilk və
ən parlaq qələbəsiydi. Yüzdən artıq əsir götürüb Xocalıdan olan
əsirlərlə dəyişdik. Amma hər iki kənd tam nəzarətimizdə olduğu
halda qəfildən geri çəkilmək əmri verildi. Mən sıravi əsgər olduğum
üçün əslində, bunun doğru olub-olmadığını anlamırdım. İlk dəfə
insan meyitlərinin, bir kənara düşmüş bədən parçalarının, fəryad və
nalələrin şahidi olurdum. Elələri var idi ki, üç qardaşdan ikisi
şəhid olmuşdu. Amma ümumi götürəndə düşmənlərə o qədər böyük zərbə
dəymişdi ki, Ermənistan üç günlük matəm elan elədi.
- Bilmək istərdim, müharibə adamın psixologiyasına necə
təsir edir?
- Mütəxəssislər deyir ki, hətta xəsarət almayan döyüşçülər də
müharibə xəstəliyinə tutulurlar. Tələbə kimi ara-sıra Bakıya
gəlirdim. Bir qədər romantik şair kimi tanınan, aktyor olmaq
istəyən bir adama "vəhşiləşmisən" deyəndə müharibənin hansı
fəsadlar törətdiyini təsəvvür etmək elə də çətin deyil.
- Bəs minaya necə düşdünüz?
- Döyüşlərin ən ağır dövründə - 1992-ci ilin iyulunda Ağdərədə
piyada əleyhinə minaya düşdüm. Həm boya-başa çatdığım Seydimli
kəndindən, həm də ümumiyyətlə, Tərtərdən çoxlu sayda minaya
düşənlər tanıyırdım ki, hamısı həlak olmuşdu. Ən yaxşı halda isə
ayaqları kəsilmişdi. Biz də bir neçə nəfərlə düşdük. Hər şey bircə
anda baş verdi. Bəlkə də, saniyədən də qısa vaxtda zərblə yerə
dəydim. Ayaqlarımda kəskin ağrılar başladı. Biixtiyar qışqırmağa
başladım, buna qışqırıq yox nalə, fəryad da demək olar. Çiynimdəki
hərbi çanta özümdən 5-6 metr kənara düşmüşdü. Təxminən, 30 sm
hündürlükdə olan yam-yaşıl otlar sanki pambıq kimi sürətlə yanırdı.
Ayaqqabımın biri ayağımdan çıxmışdı. Nə qədər vaxt keçdiyini
bilmirəm, bir də gördüm, tanımadığım 4-5 döyüşçü yanımıza gəldi.
Digərlərindən xəbərim olmadı, çünki yerimdən tərpənə bilmirdim.
Məni isə qucaqlarına alıb apardılar. Qan şalvarımdan fontan kimi
vururdu. Bir neçə dəqiqədən sonra məni bir yük maşınına qoydular,
artıq ağrı hiss etmirdim. Mənə elə gəlir, həmin anlar həyatımın an
rahat anları idi: heç nə düşünmür, heç bir narahatlıq keçirmirdim.
Ara-sıra "tez sür, öləcək", "ayağını bərk sıx", "hansı
batalyondandır, görəsən?" kimi ifadələri eşidirdim. Tədricən
gözlərim yumulur, huşum gedirdi. Tərtər rayon xəstəxanasının
həyətində qucaqlarına alanda bir qədər ayıldım. Məni cərrahiyyə
otağına apardılar. Döyüşlərin qızğın vaxtı olduğundan demək olar
ki, hər saatda neçə-neçə yaralı gətirilirdi. Artıq bədənimdə sakit
bir dinclik vardı. Sanki hər şeyi yuxuda görürdüm. Hətta ağ
xalatlılar şalvarımı, ayaqqabılarımı çıxaranda da heç nə hiss
etmirdim, hər şey röya kimi gəlirdi.
- Həmin anda nə düşünürdünüz?
- Açığını deyim ki, heç nə. Yenə də təkrar edirəm, heç vaxt
yaşamadığım rahatlığın içindəydim. İnsan dəhşətli dərəcədə yorğun
olsa və bu dünyanın ən səfalı təbiətində, füsunkar bir bulağın
qırağında mışıl-mışıl yatsa belə, inanmıram ki, dediyim rahatlığı
yaşaya bilər...
- Davam edin.
- Məni uzatdılar. Yusif Quliyev adlı bir həkim yaxınlaşıb baş
barmaqları ilə göz qapaqlarımı açıb gözümün içinə baxdı, onun
barmaqlarını da hiss etmirdim. Bir neçə saniyə baxdı və
yanındakılara "Gecdir, aparın morqa" dedi... Son eşitdiyim sözlər,
son duyduğum hisslər bu oldu. Gözlərimi yumub şəhid olmağıma
sevindim...
- Bəs sonra?
- Sonrası lap kinolardakı kimidir. Bunun üçün xırda bir haşiyə
çıxmaq istəyirəm. O zaman Tərtər rayon xəstəxanasının baş həkimi
işləyən, şəhid bacısı Məhəbbət Paşayevanı bütün döyüşçülər yaxşı
tanıyır və sevirdi. Bəxtimdən mən onu uşaqlıqdan tanıyırdım. Hətta
bir dəfə rayon qəzetində ondan məqalə də yazmışdım. Ailəvi
münasibətlərimiz vardı. Döyüşlər gedəndə hər dəfə xəstəxanaya
yaralı gətirəndə Məhəbbət xanım məndən bərk narahat olduğunu
bildirir, ehtiyatlı olmağımı xahiş edirdi. Hətta bir dəfə "sən
aktyorluqda oxuyursan, qoluna-başına güllə dəyib şikəst olsan, necə
olacaq?" da demişdi. Amma o vaxt belə sözlərə əhəmiyyət vermirdik.
Bunları ona görə deyirəm ki, yaxşı münasibətlərimiz var idi.
Y.Quliyevin sözlərindən sonra məni xəstəxananın dəhlizinə qoyurlar.
Çünki ölənlər çox olduğu üçün morqda yer yox imiş. Elə bu vaxt
qardaşı təzəcə şəhid olan Məhəbbət xanım ağlaya-ağlaya meyitlərə
baxırmış. Birdən məni görüb hönkürtü ilə "meyitimi" bağrına basır.
Bu zaman üst dodaqlarımın titrədiyini görür. Boğaz nəbzimi yoxlayıb
ölmədiyimi biləndə həm Allaha şükür edir, həm də bəlkə də, ömründə
ilk dəfə ağzından söyüş çıxır. Tez rentgen otağına aparıb ilkin
müayinəyə başlayırlar. Amma işıqların sönməsi işi yarımçıq qoyur.
Məhəbbət xanımın şəxsi səyi nəticəsində təcili-tibbi yardım maşını
ilə məni Bərdəyə aparırlar, amma yer olmadığından təzədən geri
qaytarırlar. İşıq hələ də yanmadığından təzədən, təxminən, saat
yarımlıq məsafədə yerləşən Mingəçevir xəstəxanasına çatdırırlar.
Əməliyyat 6 saata yaxın çəkir. O vaxta qədər valideynlərim və qan
qrupumuz uyğun gələn əksər sinif yoldaşlarım özlərini xəstəxanaya
yetirirlər. Təxminən, üçüncü sutkada özümə gəldim.
- Çox maraqlıdır, ayılanda ilk təəssüratınız necə
oldu?
- Gözlərimi açanda gördüm ki, rəhmətlik anam çarpayımın başında
oturub gözlərimin içinə baxır. İlk sözü "Allaha şükür!" oldu. Amma
bir dəqiqəyə yaxın o dünyanı görüb gəldim. Beynim tam ayılanda
ayaqlarıma baxdım və sağ ayağımı görmədim. Anam duymasın deyə, guya
söhbət edə-edə üstümə örtülən adyalı yavaş-yavaş sinəmə tərəf
çəkməyə başladım ki, ayağımın haradan kəsildiyini görüm. Həmin
anlarda nələr çəkdiyimi, nələr düşündüyümü, hansı hallara düşdüyümü
heç bir insan övladına arzulamıram. Təsəvvür edin ki, başdan-başa
sarıqlı olan sol ayağım dizə qədər görünsə də, sağ ayağımdan
"əsər-əlamət" yox idi. Sanki içimdə dəfn etdiyim arzularımı anam
başa düşdü və tez "Narahat olma, ayaqların yerindədir" dedi. Sən
demə, mina partlayanda sağ ayağımı qatlamışam və böyük bir qəlpə də
təxminən dizimin yanından budumun ortasına qədər ətimi yarıb. Buna
görə də dizim qatlanmadan tikiş vurmaq mümkün deyilmiş. Həmin yara
o qədər dərin idi ki, oraya bəlkə də bir siqaret qutusu
yerləşdirmək olardı. Çox əzab çəkdim. Bütün ayaq sinirlərim sıradan
çıxmışdı, əgər bu gün - üstündən 23 il keçəndən sonra da ağrıdan
bəzən gecələr inildəyirəmsə, indi görün, o vaxt hansı vəziyyətdə
olmuşam.
- Tibbi diaqnozunuz yadınızdadırmı?
- Əlbəttə, amma çox uzundur. Təkcə nevroloji diaqnozum belə idi:
"Hər iki oturaq sinirin travmatik nevriti, kəllə-beyin
kontuziyası".
- Müalicəniz necə keçdi?
- Təxminən, 8 ay çarpayıdan dura bilmədim, 22 yaşlı gənc üçün
bunun nə demək olduğunu yəqin ki, təsəvvür edirsiniz. Bir il
ərzində iki ay Mingəçevir mərkəzi xəstəxanasında, 6 ay fasilələrlə
Respublika Klinik Xəstəxanasında, daha sonra keçmiş Kirov
İnstitutunda, "Günəşli" sanatoriyasında, Neyro-cərrahlıq
xəstəxanasında ağır müalicə kursları keçirdim. Amma daha bir il də
normal müalicə lazım idi, təəssüf ki, alınmadı.
- Niyə?
- Həmin ilin payızından mənə və mənim kimilərinə münasibət elə dəyişdi ki, özüm də təəccüb
qaldım. Məsələn, РKX-da 6 ay fasiləsiz yatdığım üçün hamı məni
tanıyırdı. Hər dəfə müalicəyə gələndə qəbul şöbəsində oturan bir
kişi qarşıma gələr, qoluma girib 3-cü mərtəbəyə qaldırar, bizim
kimilərlə fəxr etdiyini deyər, palatada rahatlamamış geri dönməzdi.
Amma 1993-cü ildə, avqustun sonlarında qoltuq ağacları ilə bir daha
oraya gedəndə heç yerindən də tərpənmədi. Cəmi iki həftə əvvəl
ayrılsam da, o, məni tanımadığını söyləyib, məndən 10-a yaxın sənəd
və arayış istədi. Onun dediyi sənədləri isə düzəldə bilməzdim.
Çünki artıq könüllülər batalyonları ləğv olunmuşdu. Hətta tibb
bacılarının da münasibətləri dəyişmişdi, qulağımla neçə dəfə
eşidirdim ki, "Bu qırılmış əsgərlər getsəydilər, adam kimi
çörəkpulu qazanardıq". İlin sonunda qoltuq ağaclarımla o qədər
get-gəl elədim ki, axırı bezib oturdum evdə.
- Hazırda vuruşduğunuza görə nə qədər
alırsınız?
- Bayaqdan keşişi söymürəm ki?! 23 il ərzində bir qəpik də pul
almamışam. Bunun da özəl səbəbləri var. Birincisi, mən də digər
vətənpərvər qardaşlarım kimi döyüşə hər hansı təmənna güdmədən,
yalnız ölkəmizin xilası üçün yollanmışdım. Yaralı olduğum vaxt
batalyonumuz ləğv olunmuşdu. Bir dəfə mənə baş çəkən komandirim
Fərman Quliyev hərbi biletimə vuruşmağımı təsdiqləyən qeydləri
yazdı. Dedi ki, Tərtər Hərbi Komissarlığından və ya 703 saylı hərbi
hissədən möhür vurdur, qurtarsın-getsin. İnanın ki, 1993-dən
1999-cu ilə qədər məni get-gələ saldılar. Hətta Tərtərdə qərargah
rəisi olan Pənah adlı bir zabit açıq-açığına məndən 200 dollar
rüşvət istədi. Bəhanəsi də bu oldu ki, gec gəlmişəm. Bəlkə də,
tapıb vermək olardı, amma mən teatrda işləyirdim və cəmi 24 min
manat (indiki pulla 4 manat 80 qəpik) məvacib alırdım... Bu barədə
çox danışmaq istəmirəm, çünki əhəmiyyəti yoxdur. Bir möhürün
olmaması səbəbindən bu günə qədər normal sənədlərim yoxdur.
Komandirim dəfələrlə təklif edib ki, bu problemi ANS-in "İç Xəbər"
proqramında qabardaq. Amma razı olmamışam. Çünki bunun heç bir
əhəmiyyəti yoxdur. Hazırda əlimdə Tərtər İcraiyyə Komitəsinin
1992-ci ildə döyüşdüyümü təsdiqləyən arayışından və xəstəxana
kağızlarımdan başqa heç bir sənəd yoxdur. İndiyə qədər bu problemi
həll etmək üçün 40-dan çox nüfuzlu və ziyalı insanlara, keçmiş
döyüşçülərə müraciət etmişəm. Amma bacarmayıblar. Hətta öz
komandirim də hərbi biletimə möhür vurdura bilməyib. Bu yaxınlarda
Qarabağ savaşının igid zabitlərindən olan, ziyalı dostumuz, Veteran
Jurnalistlər Birliyinin sədri Tahir Paşa da problemimin çözülməsi
üçün çalışacağını bildirdi. İnşallah, məsələnin həll olunacağına
inanıram.
- Sizinlə maraqlanan olubmu?
- 2004-cü ildə "Anama" Təşkilatından Yaqut xanımın təşəbbüsü ilə
onunla görüşmüşdüm. Həvəsləndirici bir anket doldurdu və nəyə
ehtiyacım varsa, hamısını yazdı. Təəssüf ki, bu, bizim ilk və son
görüşümüz oldu.
- Erməni əsgəriylə bizim əsgərimizin fərqi
nədədir?
- Əslində, bizim dönəmdə əsgər deyilən bir anlam yox idi. Hər
iki tərəfdən daha çox könüllülər döyüşürdü. Əksəriyyətinin heç
hərbi geyimi də yox idi. Səmimi deyim ki, bizim döyüşçülər daha
cəsarətli və quru döyüşlərində çox fədakar idilər. Fikir
verirsinizsə, ermənilər daha çox artilleriya və ağır texnikaların
atəşindən sonra – bizimkilər geri çəkiləndən sonra gəliblər. Amma
Azərbaycan ordusu piyada döyüşlərində irəli atılıblar. Şahidi
olduğum Ağdərə döyüşlərində belə olub.
- Gerçək savaşla filmlərə çəkilən savaşların fərqi
nədədir?
- Gerçək savaşlarda bir nəfərin göz şahidliyi olur, filmlərdə
isə bir qədər şişirtmələr. Gerçək döyüşlərdə yalnız hücum
hayqırtıları olur, filmlərdə isə fərqli mənzərələr canlandırılır.
Məsələn, mühasirədə qalan və ya ağır döyüş gedən məqamlarda guya
hətta zarafatlar edilir, xatirələr danışılır. Real döyüşdə bunlar
olmur. Bir məqamı da deyim ki, Qarabağa aid filmlərimizdə heç vaxt
bir reallıq göstərilmir. Döyüş meydanında olan meyitlərin hamısının
şalvarı dizə qədər aşağı çəkilirdi. Bu, onun müsəlman
olub-olmamasını bilmək üçün idi. Hər iki tərəf öz dininə uyğun
meyitləri aparır, qalanları isə meydanda qalırdı.
- Bu gün hansı kitabları oxuyursunuz və rejissor
olsanız, Qarabağ savaşını necə çəkərdiniz?
- Türkçülüyə, islama və zərdüştiliyə aid kitabları müntəzəm
oxuyuram. Təbii ki, astroloji kitablar da daima yanımda olur.
Ara-sıra bədii kitablar da oxuyuram. Onu da deyim ki, döyüş vaxtı
mən gündəlik yazırdım. Hər günü, hər saatı detallarına qədər qeyd
edirdim. Bundan başqa, yaralandığım, yataqda qaldığım aylarda da
iki ədəd 96 vərəqli dəftərə bütün olanları yazmışdım. Amma bir çox
məsələlərə görə onları dərc etmək istəmirəm. Çox cüzi şəkildə bəzi
mətbu orqanlarda paylaşmışam. Amma tam şəkildə bu gün üçün
istəmirəm. Aktyorluq və rejissorluq bacarığım olduğu üçün elə öz
yazdıqlarımı çəksəm, məncə, yetərlidir. Əslində, bu gün də çəkərəm,
sponsor və yersiz müdaxilələr olmasa. Mənə imkan verilsə ki,
aktyorları, məkanı, bəstəkar və operatoru özüm seçim, məncə, ən
yaxşı film yarada bilərəm. Meyerhold demişkən, "film hazırdır,
qalıb onu çəkmək".
- Bugünkü gənclərə nə deyərdiniz keçmiş hərbçi
kimi?
- Mən hərbçi deyiləm, sadəcə, könüllü olaraq döyüşmüşəm, əmrə
tabe olmuşam – sıravi əsgər timsalında. Gənclərə nəsə deməyim heç
nəyi dəyişməz. Bu, insanın ruh halıdır. Bilirsiniz, biz də gənc
yaşlarımızda diskotekalara getmişik, avaralanmışıq, vətəni və
vətəndaşı bəyənmədiyimiz məqamlar da olub. Amma içimizin bir
küncündə gizlənən bir milli ruh var ki, məqamı çatanda bütün
vücudumuzu bürüyür və meydana atılırıq. Yuxarıda dediyim kimi,
Xocalıdan sonra məndə və mənim kimi minlərlə oğulda da bu əlamət
üzə çıxdı və cəbhəyə getdik. İndiki gənclərdə də belə olacaq.
Qorxaq olanlar arxa cəbhədə çalışarlar. Müğənni olan zərif kişilər
də döyüşçülərin asudə vaxtında konsertlər verəcəklər. Döyüşə hər
adamı aparmazlar. Döyüşə döyüşçülər gedər.
- Səbuhi bəy, döyüşə gedəndə astrologiya ilə məşğul
idiniz? Döyüşlərdə öncədən nəsə hiss edirdinizmi?
- Astrologiya ilə 1991-ci ildən məşğulam. Amma o vaxt yeni
öyrənirdim və proqnozlaşdırma mərhələsinə yetişməmişdim. Keçmiş
döyüş yoldaşlarım da təsdiqləyərlər ki, xarakteristika və digər
məqamlar barədə çox danışırdım. Hətta dəstələrə bölünəndə kimlərin
hansı dəstədə daha yaxşı olacağını təyin edirdim. Demirəm ki,
dediklərimlə durub-otururdular, amma nəzərə alırdılar. Bir də ki,
məndə elə hissiyyat yoxdur ki, döyüşləri öncədən hiss edim. Onu
öncəgörənlər, ekstrasenslər deyə bilər.
- Son olaraq, ulduzlar nə deyir, Qarabağ bizə
qayıdacaqmı?
- Qarabağ milli məsələdir. Əgər astroloji yanaşma burada 30 faiz
rol oynayırsa, siyasi iradə, beynəlxalq aləmin yanaşması və digər
amillər də 70 faiz rol oynayır. Astrologiya bir elm kimi hücum
vaxtını, hansı cinahdan hərəkətə keçib, hansı zaman kəsiyində
müdafiə olunmağı göstərə bilər. Burada məsuliyyət yalnız fərdin
üzərində dayanır.