"Cəbhə xətti" layihəsinin
bugünkü qonağı Məhərrəm Cəfər oğlu Abbasovdur. O, 1957-ci ildə
Cəbrayıl rayonunun Maralian kəndində anadan olub. Birinci Qarabağ
müharibəsi iştirakçısıdır. Ailəlidir, dörd övladı var.
Məhərrəm bəy o qanlı-qadalı illəri belə xatırlayır:
Bizi öz topçularımız vururdular
- Əvvəla, sizə və Axar.az saytına təşəkkür edirəm ki, bizləri
unutmayıb, belə bir layihə həyata keçirirsiniz. Bilirsiniz, insanın
dəyərləndirilməsi gözəl duyğudur. Sözün düzü, bizi kimsə yada
salmır və buna görə kimsədən incimirik, amma yaxşı olardı ki,
unudulmayaydıq. Bu xalqın qan yaddaşını unutmaq olmaz. Mən
Cəbrayıldanam, orada boya-başa çatmışam, doqquz illik orta
təhsilimi başa vurduqdan sonra Sumqayıt şəhərinə gəlmişəm. Burada
17 saylı peşə məktəbinə daxil olub, qaynaqçı sənətini öyrənmişəm.
1976-cı ildə Sovet ordusunda həqiqi hərbi xidmətə getmişəm. O
vaxtkı Almaniyada qulluq etmişəm. İki il sonra vətənə qayıtmışam.
1980-ci ildən 1988-ci ilə qədər Cəbrayıl rayonunda qaynaqçı
işləmişəm.
Nəhayət, 1988-ci ildə müharibə başlayanda könüllü olaraq əlimə
silah alıb, döyüşlərə qatılmışam. 1991-ci ildən nizami ordu
qurulmağa başlayıb, bizə hərbi formalar, silahlar verilib və biz
Cəbrayıl rayonunun bütün sərhədyanı ərazilərini müdafiə etmişik.
Rəhmətlik Rəşid Məmmədovun başçılığı ilə döyüşmüşük. Bizim ən ağır
döyüşümüz, ermənilərin fəxr etdiyi Sur kəndində olub. Deyilənə
görə, o kəndi Osmanlı imperiyası belə ala bilməyib, amma biz aldıq.
Bu kənd iki il bizim nəzarətimizdə qalıb. Kəndi almaq bizə 28 nəfər
itki ilə başa gəlib. Oranı alsaq da, kəndətrafı yüksəklikləri ala
bilməmişik. Bizim burada çox itki verməyimizin səbəbi
artilleriyanın səriştəsizliyi idi. Səhvən özümüzü vururdular.
Ermənilər bizim dili bildiyi üçün ratsiya ilə xəbər verirdilər ki,
vurmayın, biz azərbaycanlıyıq. Amma biz nə qədər desək də ki, onlar
yalan deyir, bizimkilər inanmırdılar, əksinə bizi vurudular.
Əgər oranı tutsaydıq...
Yəhər deyilən yüksəklik vardı, əgər oranı ala bilsəydik,
ermənilərin Hadrut rayonu ovcumuzun içində olacaqdı. Ermənilərin
bütün silah anbarları, hərbi hissələri orada yerləşirdi. Ancaq
bizim hücum planımızı satmışdılar. Buna baxmayaraq, hücuma keçib
uğurlu əməliyyatla yüksəkliyi aldıq, ancaq yenə səhvən bizim
topçular özümüzü vurub bizi qırırdılar. Bu hücumda hər iki tərəfdən
ölən və yaralananlar vardı, biz məcburən geri çəkildiyimizə görə
şəhid və yaralılarımız yüksəklikdə qalmışdı. Sözün düzü, biz həmişə
ermənilərə deyirdik ki, gəlin, əsirləri dəyişək. Bu dəfə isə onlar
bizimlə şərt kəsdilər ki, bir sağ erməni əsirinə 3 meyit verəcəyik.
Kəsəsi, razılaşdıq. Əldən-ayaqdan düşmüş ermənilərdən gətirib
meyidlərimizi aldıq. Burada bir erməni bizə dedi ki, baxın, bu
əsgərinizin meyitini görürsünüz? Bu əsgəriniz bizim bir batalyon
əsgərimizi qırıb qurtardı, onu vura bilmirdik, ancaq patronu
qurtarandan sonra vura bildik! Sizin bu bir əsgərə Milli Qəhrəman
adı düşür. Ancaq həmin o şəhidə biz adicə bir məktəb adı belə ala
bilmədik.
Əsgərlər qaçmaq istəyirdilər, ancaq...
Döyüş dəhşətli şeydir. Bir dəfə Gəncə batalyonu bizə köməyə
gəlmişdi, onlardan birini ermənilər boğazından vurmuşdular.
Boğazını barmağımızla tutmuşduq. Şükür olsun, həmin oğlan sağ
qaldı, indi də məni görəndə minnətdarlıq edir. Bizim əsgər
yaralananda su istəyirdi, ancaq vermirdik ki, ürəyi dayanmasın,
onların su istəməsi ürəyimizi dağa döndərirdi. Elə bu gün də
döyüşçülərim məni görəndə boynuma sarılır. Mən müharibəyə gedəndə
33 yaşım vardı, sovet ordusunda silah təcrübəm vardı deyə, həm də
zabit heyəti az olduğu üçün məni komandir qoymuşdular. Həmin vaxt
çox gənc olan əsgərlər bizə ata kimi güvənirdilər. Bir dəfə məni
harasa göndərmişdilər, elə oldu ki, geri dönüb gördüm 10 nəfər
qaçmaq istəyir, çünki qorxurdular. Bunlar məni görən kimi üstümə
qaçışıb sarıldılar, hiss etdim ki, fikirlərindən döndülər. Əgər
müharibədə əsgər komandirsiz, ya da təcrübəsiz oldusa, mütləq
qorxacaq, ona görə də əsgərə güclü, təcrübəli komandir lazımdır.
Mən əsgərlərimizi sıraya düzüb hücuma hazırlaşanda qorxan əsgəri
gözündən bilirdim, ancaq heç bir əsgərə "sən qorxursan" demirdim.
Sadəcə, deyirdim ki, sən bu dəfə arxada qal, gələn dəfə səni
aparacam döyüşə. Əsgərlərimin əksəriyyəti ad çıxarmaq istəyirdi ki,
mən yaxşı döyüşüm, qoy desinlər, qəhrəmansan. Bax, bu hiss məni
yaşadırdı.
Heydər Əliyevin and içdiyi gün biz...
Bizim ən dəhşətli itkilərimiz Ağdam rayonunda olub. Elə oldu ki,
bizi aparıb bilmədiyimiz əraziyə atdılar, orada çadırlarda qalmalı
idik. Ancaq ora çatandan sonra bizi hücuma yolladılar. Bir yol
vardı - kəndin içindən gedən - ora ilə sıra formasında gedirdik.
Uzaqdan gördük ki, əsgərlər var, kim olduqlarını soruşduq, "gəlib
deyəcəyik kim olduğumuzu", - dedilər. Yaxınlaşan kimi bizi atəşə
tutdular, hardan bilək axı bunların erməni olduğunu? Əsgərlərimiz
şəhid oldular. Şəhid olanlar əsasən Cəbrayıl uşaqları idi, onlar
elə əsgərlər idilər ki, bir erməni batalyonunu məhv edə biləcək
qədər ürəkli idilər. Bu dəhşətdən sonra isə ermənilər böyük itkilər
verdilər, biz şəhidlərin qisasını qismən də olsa aldıq. Bu qisas
rəhmətlik Heydər Əliyevin Qurana əl basıb, and içdiyi gün baş
verdi. Axşamçağı idi, saat 5-6 radələrində kəşfiyyat xəbər verdi
ki, ermənilər texnika toplayıb hücuma hazırlaşır, biz də bunu
dərhal yuxarılara xəbər verdik, ancaq bizə inanmadılar. Elə oldu
ki, ermənilər üstümüzə gəldilər, məcbur bir postumuzu onlara verib
müdafiəyə çəkildik. Yenidən dözməyib yuxarılara xəbər verdim ki,
bizi qırırlar. Mərcanlı kəndində olan artilleriya başladı
erməniləri vurmağa. İnanın, onları şahmat şəklində elə qəşəng
vururdular ki! Ermənilər bir dərədə gizləndilər, sonra biz də
vurmağa başlayıb, it kimi qırdıq onları. Düşünün, səhər saat 6-dan
atışmadır, axşam saat 5-də Dadaş Rzayev Moskvanın "Zerkalo"
qəzetinin müxbiri ilə ora gəldi. Başladı bizə "qalx" komandası
verməyə, bu əsnada hamı gülüşdü ki, biz səhər saat 6-dan döyüşürük,
bu indi bizi "oyadır". Dadaş Rzayev söyüşlə danışsa da, cavabını
aldı. Söyüş söyməsinin səbəbi guya mənim atəşkəsi pozmağım idi.
Ancaq dedim ki, əgər biz hücum etsəydik, onlar postunu verərdi də,
niyə biz bir postumuzu verib geri çəkilək ki? Bunu danışırdıq ki,
ermənilər tankla atəş açdı, tankın mərmisi boşluğa düşdü və həmin
jurnalist xanımın başındakı papağı tulladı. Bu özü də fakt idi ki,
hücumu biz yox, onlar edib. Rus jurnalist ermənilərin salamat
meyitlərini çəkirdi. Bir əsgərim gəldi ki, yox onları deyil, bu
tikələnmiş meyitləri çək. Rus xanım deyir, axı onlar pis
gündədir?.. Dedim ki, bəyəm, Xocalıda məhv edilən şəhidlərdən pis
gündədirlər? Şəxsən öz ərazimdə məhv edilən ermənilərin şahidiyəm.
Mən bu müharibədə nələr görmüşəm, Allah şahiddir.
Əsgərlərimizin ürəyini çıxarıb...
Bir döyüşçüm vardı, sürücü idi – adı da Mehman. Toyuna 10 gün
qalmışdı. Toyuna kəsiləcək cöngəni, şəhid oldu deyə, yasına
kəsdilər. Bir gün də 15 əsgərimizi yatdıqları yerdə hücum edib
öldürmüşdülər. Onların 3 nəfəri atışıb ölmüşdü, qalan 12-nin
ürəklərini çıxarıb ovuclarına qoymuşdular, gözlərini çıxarmışdılar.
Həmin uşaqlar topçular idi. Baxın, bu dəhşətləri necə unutmaq olar
axı? Ermənilər tərəfdən zəncilər da döyüşürdü, birini öldürdük,
başını kəsib rəhmətlik Natiqin qanının alınmasının simvolu olaraq
Gəncəyə göndərdik. Bədənini isə yandırdıq.
Bizim erməni əsgəri ilə fərqimiz bu idi ki, biz könüllü
döyüşürdük, amma onlar muzdlu idilər. Gənclərimiz qorxmasınlar,
vətəni sevsinlər, qorusunlar. Mənim dörd oğlum var, dördü də
əsgərlikdə olub, ancaq nə evimiz var, nə maşın almışam, nə də bir
qəpik dövlətdən imtiyaz alıram. Bütün ailəm, oğlanlarım kirayələrdə
qalır. Ancaq heç nə ummuram, mən qarşılıqsız döyüşmüşəm. Dünyanın
ən qəhrəman milləti bizik. Mən elə bu gün də döyüşməyə hazıram.
Gecələri yuxumda oralarda oluram, oyanan kimi pis oluram ki, bu,
yuxu imiş…