Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu olduğunu
iddia etdiyi qohumu Orxan Nadirovun vərəsəlik hüququ
tanınmayıb.
Axar.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya son anlarınadək
İlhamə Quliyevanın yanında olmuş Əli Mirəliyevin qizi Samirə
Mirəliyeva verib.
Onun sözlərinə görə, Yasamal Rayon Məhkəməsi özünü mərhum xalq
artistinin yeganə varisi hesab edən Orxan Nadirovu ümüdlərini puç
edib:
"İlhamə Qulievanın ölümüylə bağlı açılmış cinayət işi hələ də
yekunlaşmayıb. Vərəsəlik hüququ ilə bağlı isə bacıları Gülbahar və
Aidə Quliyevalar və özünü onun oğlu kimi təqdim edən Orxan Nadirov
İlhamə xanımın mülkləri, əmlakı və digər qiymətli əşyalarına sahib
olmaq üçün Yasamal Rayon Məhkəməsində iddia qaldırıblar. Hər iki
tərəf İlhamə Quliyevanın bütün əmlakına sahib olmaqda
iddialıdırlar. Lakin məhkəmə Orxan Nadirovun iddiasını təmin
etməyib. Onun vərəsəlik hüququnun tanınmasıyla bağlı iddiasına rədd
cavabı verib. Məhkəmə hesab edib ki, İlhamə Quliyevanın bütün
əmlakı bacılarının arasında bölünməlidir. Çünki Orxanın İlhamə
Quliyevanın oğlu olması və ya vərəsə elan edilməsi ilə bağlı hər
hansı rəsmi sənəd və vəsiyyətnamə yoxdur, heç vaxt olmayıb da. Onun
İlhamə xanımın oğlu olması haqdakı tələbi, sadəcə, Orxanın boş
iddiasından başqa bir şey deyil", - deyə o, bildirib.
Miras üstündə məhkəmə çəkişmələri edən bacıları haqqında da
təəssüflə danışan S.Mirəliyeva qeyd edib ki, İ.Quliyevanın
sağlığında yanında olmayan insanlar ölümündən sonra malı üstündə
məhkəmələrdə qalıblar:
"İlhamə xanımın yanında ölənədək onlardan heç kim olmayıb. Amma
rəhmətə gedəndən sonra malı, mülkü üstündə dava gedir. İddia
qaldırırlar. Qoy, hər şeyi götürsünlər, onların olsun. Amma İlhamə
xanımı mənə geri qaytara bilməzlər. Biz ona təmənnasız qulluq
edirdik. Düşünürdük ki, hələ uzun ömür yaşayacaq. Onu dəfn
edəndəndən sonra heç evin yanından da keçə bilmirəm. Bir şey mənə
maraqlıdır. Sağlığında varlığı bilinməyən insanlar ölümündən sonra
onun malına-mülkünə yiyə dururlar. Amma onu yeyə biləcəklərmi, bax
bu, sual altındadır. İlhamə xanımdan bu qədər pul, mal umacağı olan
insanlar heç olmasa, sağlığında ona bircə gün qayğı göstərsəydilər,
adama bu qədər təsir etməzdi. Ancaq əgər onlar bunu etməyiblərsə,
bu pulu necə yeyə biləcəklər? Bax, bunu düşünmək adama pis gəlir.
Bacılarının iddiasına avqust ayında baxılacaq".
Qeyd edək ki, bu il fevral ayının 25-də dünyasını dəyişən xalq
artisti İlhamə Quliyevanın mirasına həbs qoyulub. Orxan Nadirov
İlhamə Quliyevanın övladlığa götürdüyü və rəsmiləşdirmədiyi övladı
olduğundan miras ətrafında qalmaqal yaşanıb.
İ.Quliyevanın Mərdəkanda və Buzovna yolunun üstündə yerləşən iki
bağı, 50 sot sənədli torpağı, Bakının mərkəzində 4 evi var. Bundan
başqa, onun "İnfiniti" və "Limuzin" markalı 2 avtomobili, çox
miqdarda da qızıl-zinət əşyaları qalıb.