Qazaxıstan ilə Çin arasındakı “Nur Yolu” sərhəd-keçid məntəqəsində müvəqqəti olaraq təxminən 1500 TIR gözləyir.
Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsi məlumat yayıb.
Bildirilib ki, iki ölkənin sərhəd-gömrük orqanları rəhbərlərinin oktyabr ayında Urumçidə keçirilən görüşü zamanı Çin tərəfi gündə ən azı 800 nəqliyyat vasitəsinin qəbul edilməsi və bu ilin sonuna qədər bu rəqəmin tədricən gündə min nəqliyyat vasitəsinə çatdırılmasına razılıq verib.
Əldə edilən razılaşmalara uyğun olaraq, fasiləsiz daşınmanı təmin etmək üçün Elektron Növbə Sistemindəki (ENS) limitlər artırılıb.
Lakin son günlər Çin tərəfi tərəfindən qəbul olunan nəqliyyat vasitələrinin faktiki sayı gündə orta hesabla 700-750 təşkil edib ki, bu da Qazaxıstan tərəfində nəqliyyat vasitələrinin müvəqqəti olaraq yığılıb qalmasına gətirib çıxarıb.
Bundan əlavə, qonşu “Kaljat-Dulatı” (Çin) keçid məntəqəsində təxminən bir həftə davam edən yoxlama-nəzarət kompleksinin quraşdırılması işləri aparılıb. Bu dövrdə bu istiqamətdə ötürücülük qabiliyyəti məhdud olub və nəqliyyat axınının bir hissəsi “Nur Yolu”ya yönəldilib.