Türkiyədə 2007-ci ildən bəri
həbsdə saxlanıldığı Silivri həbsxanasından buraxılan jandarma
generalı Vəli Kiçik anadan olduğu Bilecik bölgəsinin Gölpazarı
qəsəbəsinə gedib.
Onu minlərlə adam qarşılayıb. Qəsəbədə təşkil edilən "Türkmən
şənliyi" mərasimində çıxış edən Vəli Kiçik deyib ki, Türkiyə hər
kəsin gözünün qaldığı ölkədir.
"ABŞ prezidenti Corc Buş demişdi ki, hər dəfə barmağımı xəritədə
Türkiyənin üzərinə qoyanda içim titrəyir. Elə duruma gəldik ki,
dünyanın mərkəzi Orta Şərq oldu. Dünyanın mərkəzində də Türkiyə
var. Mən sizə qısa əhvalat danışacağam. 2000-ci ildə mən Bilecikdə
briqada komandiri idim. Çox yaxın dostum mən həbsdə olarkən rəhmətə
getdi, cənazəsinə gedə bilmədim. Azərbaycan cümhurbaşqanı mənə dedi
ki: "Paşa, yox olacaqsan, yox olacaqsan". Mən onun nə dediyini
anlamadım. Sonra dedi ki: "Qərar alındı, coğrafiya dəyişəcək, Orta
Şərq yox olacaq. Orta Şərq yox olduğu üçün bütün dövlətlərin
sərhədləri dəyişəcək. Bu sərhədlərin dəyişə bilməsi üçün əvvəlcə
Türkiyənin yox olması lazımdır".
Vəli Kiçik daha sonra deyib ki, Türkiyəni yox etmək elə də asan
deyildi, bunun üçün əvvəlcə türk ordusunun yox olması lazım idi:
"Türk ordusunun yox edilə bilməsi üçün bəlkə də tale məni vurdu.
Tutdular, 1980-ci ildən bu yana baş vermiş hər hadisəyə Vəli Kiçiyi
soxdular. Hesablamışdılar ki, əgər Vəli Kiçik tutulsa, heç kim
səsini çıxarmaz. Bu səbəblə ilk dəfə mən tutuldum. Ancaq bu da bir
gerçək idi ki, məni tutmağı yox, öldürməyi planlaşdırmışdılar.
Bütün gizli təşkilatlar arxamda idi. Həyat yoldaşım dedi ki, bəlkə
də Allah səni həbsxanaya salaraq qoruma altına aldı".
Qeyd edək ki, general Vəli Kiçik Azərbaycanın mərhum
eks-prezidenti Əbülfəz Elçibəylə yaxın idi və onunla tez-tez
təmasda olurdu. 2000-ci ildə isə Azərbaycanın prezidenti Heydər
Əliyev idi. Bu baxımdan "paşa, yox olacaqsan" xəbərdarlığını Vəli
Kiçiyə kimin etdiyi qaranlıq qalır. Çünki Türkiyədə
eks-prezidenlərə də "cümhurbaşqanı" kimi müraciət etmək qəbul
olunub ("virtualaz.org").