İstənilən halda insident hücum çəkən tərəfin qətli ilə nəticələnir.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının səfiri Andrey Karlovun qətlindən sonra gündəmə gələn "Zaslon" (Xüsusi təyinatlıların 7-ci bölməsinin xarici kəşfiyyatı) qrupunun əməkdaşlarından biri “Rosbalt” saytına müsahibəsində deyib.
Müsahibəni təqdim edirik:
– “Zaslon” döyüşçülərinin öz bacarıqlarını nümayiş etdirməsinə tez-tez ehtiyac yaranır?
– Əslində, “Zaslon” əməkdaşlarının əsas vəzifəsi bu kimi halların, ümumiyyətlə, baş vermə ehtimalının aradan qaldırılmasıdır. Burdakı mühüm məqam potensial təhlükə doğuran şəxslərə diplomatın arxasında güclü və amansız bir qüvvənin durduğunu nümayiş etdirməkdir. Əlcəzairdə bu döyüşçülərimiz qapalı zonaya daxil olan iki gənci tutmuşdu. Onlar bizi inandırmağa çalışdı ki, “stalker”dirlər (müharibə reportyoru - red.) və sadəcə həyəcan, əyləncə axtarırlar. Düzü, buna o qədər də inanmadıq. Onları bir müddət yanımızda saxlayaraq həm fiziki, həm də mənəvi dözümlərini yoxladıq. Sonra digər “stalker”lərə olanları danışmaqları üçün azad etdik. Bundan sonra sözügedən zonada çağırılmamış qonaqla rastlaşmadıq. Amma digər məqamlar da olur. Diplomatların getdiyi maşın qəzaya uğradılır, onu güdüb sıxışdırır, xüsusi məqam gözləyirlər. Amma bütün bu halların hamısında bir şey – qorumanın zəifliyi əsas götürülür. İstənilən halda insident hücum çəkən tərəfin qətli ilə nəticələnir.
– Toqquşmalar zamanı silah istifadə etmək məcburiyyətində olduğunuz vəziyyətlərə düşmüsünüzmü?
– Belə hallar çox ictimailəşmədiyindən bu haqda danışmaq hüququm yoxdur. Yalnız bəzilərindən danışa bilərəm. Məsələn, çox az adam bilir ki, 1990-ci illərdə Bolqarıstandakı səfirliyin əməkdaşları girov götürülmüşdü. Dərhal hərəkətə keçmək lazım idi. Biz cinayətkarların qohumlarını ələ keçirdik və bunun vasitəsilə əsirləri geri aldıq. Liviyadakı səfirliyin bir neçə korpusu atəşə məruz qalmışdı. Onda biz səfirləri təhlükəsiz yerə apardıq və silahlı hücumun qarşısını aldıq.
Ən böyük əməliyyat İraqda müharibə başlayan zaman sözügedən ərazidə olmuşdu. “Sıçrayış” adlanan əməliyyat zamanı səfirliyin bütün əməkdaşlarını evakusiaya etmək lazım idi. Səfirlik əməkdaşlarının kortejinin tez bir zamanda keçməsi üçün heç kimə xələl yetirmədən ətrafdakı bir neçə avtomobili atəşə tutmalı olduq.
– Sonu necə bitdi?
– Deyə bilərəm ki, bizim tərəfdən heç kim yaralanmadı. Bizdə bir deyim var: “Hər şeyi kənara at, silahını götür və onlarla silahlının arasına gir. Başına nə gələcəyi önəm kəsb etmir. Əsas odur ki, qoruduğun obyekt qurtulmaq şansı qazansın”. Bütün “Zaslon” əməkdaşları öz vəzifələrinin layiqincə yerinə yetirilməsi üçün ölümə də hazırdır. Amma yenə də təkrar edirəm, hər növ silahdan mükəmməl istifadəni bacarsaq da, biz həmişə insidentin atışmaya qədər gəlib çıxmamasının, daha öncədən həll edilməsinin tərəfdarıyıq.
Qeyd edək ki, “Zaslon” dünya ölkələrində fəaliyyət göstərən rus diplomatlarının təhlükəsizliyini xüsusi təyinatlı əsgərlərin köməyi ilə təmin edir.
Ankarada qətlə yetirilən səfir Andrey Korlovun ölümündən sonra onun bu xüsusi təyinatlılardan istifadə etməməsi faktı üzə çıxdı. Türkiyə hökuməti son 10 ildə “Zaslon”un fəaliyyətinə izn verməyib. Bu gün “Zaslon”un yenidən Türkiyəyə göndərilməsi məsələsi gündəmə gəlib.