İŞİD qruplaşmasının İraqda
fəallaşması və ölkənin bir hissəsini ələ keçirməsi radikal islamçı
qruplaşma ilə bağlı bir çox iddiaları ortaya çıxarıb. Bəzi
mütəxəssislərə görə, 15 min nəfərə yaxın silahlı döyüşçüsü olan
radikal islamçı qruplaşmanın birdən-birə 400 min nəfərlik ordusu
olan İraq dövlətinə güc gələrək faktiki olaraq ölkənin üçdə birini
işğal etməsi bu qruplaşmanın arxasında maraqlı qüvvələrin olması
ilə bağlıdır.
Türkiyənin "Azad gündəm" qəzeti isə bu günlərdə İŞİD-in İraq
əməliyyatları barədə sensasiya sayılacaq məqalə dərc edib. Yüksək
rütbəli diplomata istinadla yazılan məqalədə qeyd olunur ki,
İŞİD-in İraqın ikinci böyük şəhəri Mosulu alması da daxil olmaqla,
Yaxın Şərqdəki situasiyanı dəyişən hərəkət ABŞ, İsrail, Səudiyyə
Ərəbistanı, İordaniya və Türkiyənin məlumatlandırılması
çərçivəsində İordaniya paytaxtı Əmmanda planlaşdırılıb. Məlumatda o
da qeyd olunur ki, toplantı bu il iyunun 1-də baş tutub və qeyd
olunan ölkələrin nümayəndələri ilə yanaşı, İraq Kürd Demokrat
Partiyası və Səddam Hüseyn tərəfdarı olan keçmiş BƏƏS-çilər də
iştirak edib.
Yazıda qeyd olunur ki, Səddam Hüseynin devrilməsindən sonrakı
prosesdə İraqda vəziyyət böyük güclərin planlarına uyğun getmədiyi
və proseslər nəzarətdən çıxdığı üçün İŞİD-in əliylə yeni bir
müdaxilə planı gündəmə gəlib. Qeyd olunur ki, planın sənədi Yaxın
Şərqdə uzun illər çalışmış bir diplomat tərəfindən qəzetə ötürülüb.
Planda dəqiqliklə İraqda yeni proseslərin başladılmasının xəritəsi
çəkilib. Bu toplantıdan cəmi 8 gün sonra İŞİD hərəkətə keçərək
Mosulu işğal edib. O da məlum olub ki, Əmmanda keçirilən
toplantında qəbul edilmiş sənədin orijinal nüsxəsi sonradan 4
milyon dollara İraq hökuməti nümayəndələrinə satılıb.
Maraqlıdır ki, məlumatda bu toplantıdan 4 gün əvvəl Şimali İraq
kürd administrasiyasının rəhbəri Məsud Bərzaninin Əmmanda səfərdə
olduğu və toplantı üçün onunla danışıqlar aparıldığı bildirilir. O
da bildirilir ki, bu plandan xəbər tutan İran kəşfiyyatı bir
zamanlar İraqda nüvə silahının olduğu iddiasını irəli sürmüş Əhməd
Çələbini Məsud Bərazinin yanına göndərərək İŞİD və tərəfdarlarına
dəstək verməməsini, əks təqdirdə peşman olacağı ilə bağlı
hədələyiblər. O da qeyd edilir ki, İŞİD Mosulu ələ keçirdikdən
dərhal sonra Bərzaninin peşmərgələri Kərkükdə yerləşən İraq
ordusunun 12-ci korpusuna hücum edərək bütün silah və texnikanı ələ
keçirib.
Məlumatda Əmman toplantısında İordaniya kəşfiyyatının rəhbəri,
kral Abdullahın təmsilçisi Saleh Kelab, KDP (kürdlər) nümayəndəsi
Azad Bervari və kürd administrasiyasının kəşfiyyat xidmətini təmsil
edən Cuma adlı bir nəfər, BƏƏS Partiyasının sağ qalan əsas
isimləri, Nəqşibəndi Hərəkatında Səddamın generalı İzzət əl-Duri,
Ceyş əl-Mücahidin ("Mücahidlər ordusu") nümayəndəsi Amid Rukun və
əbu Mahir, "Ənsar əl-İslam qruplaşmasından Seyfəddin adlı bir
nəfər, "Ceyş Ənsar əl-Sunnə", "Ceyş əl-Tayfa əl-Mansura", "Sövrə
əl-İşrin", "Ceyş əl-İslam", "Şurai Ənsar əl-Tövhid" və eləcə də
hazırda Mosulda olan liviyalı bir nəfər iştirak edib.
Maraqlıdır ki, mənbə bu prosesdə Türkiyənin də iştirak etdiyini
qeyd edir. Bildirilir ki, hazırda həm Türkiyə, həm də Səudiyyə
Ərəbistanı hakimiyyəti məzhəbi, eyni zamanda siyasi görüşləri
baxımından bütün imkan və əlaqələrini cəmləşdirərək Yaxın Şərqdə
həyata keçirdikləri fəaliyyətləri Suriya sərhədlərindən kənara
çıxarıb bütövlükdə bölgəyə yaymağa çalışırlar.
O da bildirilir ki, baş verən prosesin nəticəsi olaraq İraqın
bölünməsi və bu bölgünün sonradan bütün regiona sirayət etməsi
ehtimalı var. İkinci variant isə yeni şərtlər formalaşdırılacağı,
ancaq İraqın artıq keçmişdəki kimi olmayacağı ilə bağlıdır. Daha
bir variant isə bu savaşın davam etdirilməsi və tərəflərin heç biri
üstün gəlmədən müharibənin uzun illər davam etməsi ehtimalıdır.
Bundan başqa, iddia olunur ki, Türkiyə hökuməti Mosuldakı Türkiyə
konsulluğunun İŞİD tərəfindən ələ keçirilməsini gözləməyib. Bu
səbəbdən də Ankara bu vəziyyətə hazırlıqsız yaxalanıb.
Son günlər məhz bu mövzu geniş müzakirə olunmaqdadır. Necə olur
ki, kiçik bir qrup asanlıqla İraq və Suriya kimi ölkələrin
ərazilərini rahatlıqla tutur və burda öz "xilafətini" elan edir.
Əlbəttə, indiki xaos durumunda hansısa qruplaşmaların fəaliyyəti
qeyri-adi görünmür, amma məsələyə region dövlətlərinin, o cümlədən
bölgənin əsas oyunçusu olan ABŞ-ın müşahidəçi münasibəti şübhələrə
səbəb olub. Bir sıra mənbələr İraqdakı hazırkı durumun – xaos
vəziyyətinin Qərbi, İsraili, Türkiyəni və eləcə də Səudiyyə
Ərəbistanını təmin etdiyini qeyd edirlər.
Qərb üçün artıq neçə ildir Vaşinqtonun "orbitindən" çıxaraq
Tehrana yaxınlaşan Malikinin cəzalanması, İraqda yenidən Amerikaya
ehtiyacın olması məqbuldur. Bu mənada ABŞ rəsmiləri hər nə qədər
sərt bəyanatlar səsləndirsələr də hərəkətə keçməyə tələsmirlər.
İsrail üçün maraqlı olan diqqətin Fələstin mövzusundan yayınması,
müsəlmanların özlərinin biri-birini qırması və nəhayət, Yaxın Şərq
üçün "ikinci İsrail" modeli hesab olunan Kürdüstanın yaranması
şansı çox əlverişlidir. Artıq İsrail prezidenti və baş naziri bəyan
ediblər ki, Kürdüstan dövlətinin yaranması labüddür. Səudiyyə
Ərəbistanı hökuməti isə artıq uzun müddətdi ki, malikinin
devrilməsi üçün yerli siyasi qruplarla işləyir. Bu məsələdə
S.Ərəbistanının Amerika ilə maraqları üst-üstə düşür.
Türkiyəyə gəldikdə isə müşahidəçilərə görə, Ankara daha əvvəldən
Suriyada Bəşər Əsədin silah yolu ilə devrilməsi üçün qurulmuş
koalisiyanın əsas iştirakçısı olub. Ərəb ölkələrinin maliyyə,
insani Qərb dövlətlərinin silah və informasiya dəstəyi ilə yanaşı,
Ankara Suriyada savaşmaq üçün gələn döyüşçülərin hazırlanması, daha
sonra Suriyaya keçməsinə şərait yaradıb. Əsas hədəf Bəşər Əsədin
devrilməsi olduğu üçün Ankara bu planda baş rollardan birini
oynayıb. Bu mənada Suriyada savaşan və əsasən xaricdən formalaşan
qruplaşmaların bir çoxu, o cümlədən Azad Suriya Ordusu kimi yerli
qruplaşmalar da Türkiyədən geniş dəstək alıblar. Türkiyə hökuməti
bu məsələdə ABŞ-ın Sovet-əfqan müharibəsi zamanı istifadə etdiyi
taktikadan yararlanmağa çalışıb. O vaxt dünyanın bütün ölkələrindən
gələn SSRİ düşmənlərini silahlandırıb, təlimatlandırıb Əfqanıstana
göndərirdilər. Bu taktika sovetlərin Əfqanıstanda faktiki,
məğlubiyyəti ilə nəticələndi.
Ancaq eyni taktikanın İraqda və ya Suriyada hansı effekti
verəcəyi aydın deyil, çoxqütblü oyunun sonrakı mərhələsinin Ankara
üçün hansı nəticələr doğuracağı şübhəlidir. Bir real fakt var ki,
uzun illər qonşularla sülh şəraitində yaşamağa çalışan Türkiyənin
iki əsas qonşusunda İraq və Suriyada xaos və dəhşətli müharibə var.
Bu durum Türkiyənin özü üçün də təhlükə vəd edir.
Və son olaraq bir neçə ay əvvəl Suriyada döyüşən
azərbaycanlıların etirafına əsasən hazırda bu ölkədəki radikal
silahlı qruplaşmalarda 250 nəfərədək azərbaycanlı var. Onların 60
faizi məhz İŞİD-in tərkibində savaşır. Ancaq müharibə şəraitində,
dəqiq araşdırma olmadığı üçün bu rəqəmlər xeyli dərəcədə şərti
sayılır və hər gün Suriyaya kimlərinsə getməsi haqda xəbərlərin
gəlməsi azərbaycanlı savaşçılarla bağlı dəqiq rəqəm əldə etməyə
imkan vermir. Bir fakt var ki, hazırda bu qruplaşmalara qoşulmaqla
bağlı çağırışlar daha da aktivləşib, xüsusən də sosial şəbəkələrdə
İŞİD-i dəstəkləyən həmvətənlərimiz çoxdur. Bu günlərdə isə İŞİD-in
Azərbaycan nümayəndəsi təyin etməsi ilə bağlı xəbərlər yayılıb.
Musavat.com