"Səhər" televiziyası Azərbaycan hökumətinin ölkədən
çıxardığı iranlı diplomatlar haqda xəbər yayıb.
İranın Azərbaycandakı səfirliyinin daha bir əməkdaşı ölkədən
deportasiya edib. Bu barədə İranın "Səhər" televiziyası
məlumat yayıb. Xəbərdə qeyd olunur ki, Azərbaycan Respublikası
hökuməti İran Mədəniyyət Mərkəzinin idarə məsələləri üzrə məsul
şəxsini 3 saat həbs edib və onu 48 saatdan sonra Azərbaycan
Respublikasını tərk etməyə məcbur edib.
Eyni zamanda xəbərdə ötən il rəsmi Bakının İran səfirliyinin
mədəniyyət məsələləri üzrə ekspertinin Azərbaycana daxil olmasının
qarşısını aldığı xatırladılır: "2011-ci ilin dekabr ayından indiyə
qədər 8 İran işçisi xidməti pasportlara malik olmalarına baxmayaraq
Bakıdan çıxarılıb və yaxud ezamiyyətdən geri qayıtdığı zaman
Azərbaycan Respublikasına girişinə icazə verilməyib. Tehranın
Bakını strateji olaraq dəstəkləməsinə və dostluq siyasətini
yürütməsinə baxmayaraq, bu müddətdə Azərbaycan hökuməti İranın
Teleradio Təşkilatının nümayəndəliyi, İslam İnqilabının Böyük
Rəhbərinin nümayəndəliyi və Bakıdakı Mədəniyyət Mərkəzinin
işçilərindən bir qrupunun Azərbaycana daxil olmasına maneə yaradıb
və onları Bakı hava limanı və yaxud quru sərhəd vasitəsi ilə İrana
geri qaytarıb".
Yazıda ötən ay İran səfirliyinin daha bir işçisinin xidməti
pasporta malik olmasına baxmayaraq Azərbaycan Respublikasına
girişinin qarşısının alındığı qeyd olunur. Ümumilikdə isə İranın
səfirliyindəki 4 işçisi Azərbaycan Respublikasından məcburi olaraq
çıxarılıb. Eyni zamanda "Səhər" televiziyasının xəbərində
Azərbaycan hökumətinin ölkədə 20 ildən çox humanitar fəaliyyət
göstərən İranın İmam Xomeyni adına İmdad Komitəsinin
nümayəndəliyinə təzyiq göstərməklə ötən yay bu komitənin tibbi
klinikasının fəaliyyətini dayandırdığı xatırladılır.