ABŞ prezidentlərinin müxalif
Konqreslə
çalışmaq məcburiyyətində
qaldığı "topal ördək" mövqeyi ABŞ siyasət tarixində qeyri-adi
sayılmır.
Xüsusilə də son 3 prezident dövründə yaşanan bu hadisə yenə də
təkrarlanacaq.
ABŞ seçki sisteminə görə, yeni prezident seçildiyində
eks-prezident dövlət işlərinin axsamaması üçün təxminən 3 ay
vəzifəsini davam etdirir. Belə bir vəziyyətdə ikinci dəfə
seçilməmiş prezident siyasət dilində "topal ördək" adlandırılır.
Konqresə müxalifətin hakim olduğu hallarda da bu termindən istifadə
edilir. Bu səbəbdən də seçkilərdən sonra preziden Obama da Konqres
üzərində nəzarətini itirdiyi üçün "topal ördək" sayıla bilər.
ABŞ-da bu hadisə 1900-cü ildən günümüzədək 17 dəfə təkrarlanıb.
Xüsusi ilə 1970-ci ildən sonra ABŞ-da bölünmüş hökumətlərin tez-tez
yaşandığını görə bilərik. 1969-cu ilin yanvarından 2013-cü il
yanvarınadək keçən 44 ilin ilk 22 ilində 6 prezident-Riçard Nikson,
Cerald Ford, Ronald Reyqan, Corc Buş, Bill Klinton və Corc U. Buş
müxalif Konqreslə ölkəsini idarə edib. Son prezident Obama da
Reyqan, Klinton və ata-oğul Buş yolunu getdi.
ABŞ-ın Respublikaçı Partiyasından olan 37-ci prezidenti Riçard
Nikson həm 1969-1974-cü illərdəki prezidentlik dövründə, həm də
"Uotergeyt" qalmaqalına görə istefa vermək məcburiyyətində qaldığı
ikinci dövr prezidentliyində Demokratlar Konqresin hər iki
qanadında üstünlüyü əlində saxlamışdı.
Niksonun istefasından sonra prezident seçilən Respublikaçı
Cerald Ford da 1974-1977-ci illərdə demokratların Konqresin
idarəsini əlində saxladığı dövrdə prezident olmuşdu.
1981-1989-cu illərdə Ağ Ev sahibi olan Respublikaçı Ronald
Reyqan 1986-cı ildən sonra son iki ilini demokratların Konqresdə
nəzarəti ilə tamamladı.
Respublikaçı Partiyadan seçilən və ABŞ-ın 41-ci prezidenti olan
Corc Buş da prezidentliyinin bir dövrünü demokratların Konqresə
nəzarət etdiyi vaxtda keçirib.
Demokratlar Partiyasından olan Bill Klinton 1992-ci ildə
seçkilərdə qələbə qazananda Demokratlar həm Nümayəndələr
Palatasında, həm də Senatda nəzarəti əlində saxlamışdı. Lakin iki
il sonra keçirilən təkrar seçkilərdə parlamentin hər iki qanadında
nisbət Respublikaçıların xeyrinə dəyişdi.
Klintonun 2001-ci ilə qədər prezidentliyi dönəmində ilk iki ili
çıxsaq, qalan 6 ilini Respublikaçılarla keçirmişdi.
ABŞ-da bölünmüş hökumətlərə ən son nümunə isə 2007-2009-cu
illəri göstərmək olar.
Respublikaçılardan olan Corc Buş Ağ Evdəki son iki ilini
demokratların Konqresin hər iki qanadında üstün olduğu şəraitdə
tamamlamışdı.
ABŞ-ın Demokrat prezidenti Barak Obama da sələflərindən gələn
ənənəni pozmadı. Keçirilən seçkilər nəticəsində Obama partiyasının
Konqresin hər iki qanadında üstünlüyü itirməsi səbəbindən qarşıdan
gələn son iki ildə "topal ördək" olacaq.
ABŞ-da noyabrın 4-də 435 üzvlü Nümayəndələr Palatası ilə Senatın
36 kürsünü müəyyən etmək üçün keçirdiyi seçkilər müxalifətdəki
Respublikaçıların qələbəsi ilə nəticələndi.
Nümayəndələr Palatasında çoxluq təşkil edən Respublikaçılar
bununla Senatda da üstünlüyü ələ keçirdi.
Beləliklə, göründüyü kimi, ABŞ prezidenti Barak Obama tək qalıb.
Mütəxəssislərin fikrincə, bu, gələcək iki ildə Obamanın
fikirləşdiyi layihələrin ürəyində qalması ilə nəticələnəcək. Bundan
başqa yaxın iki ildə İŞİD-ə qarşı koalisiyanın hərbi əməliyyatlara
başlaması, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi, İranla
danışıqlarda sərt addımların atılması və digər qlobal problemlərdə
irəliləyiş əldə etmək asan olmayacaq.