Onun atasından sonra prezident olacağına şübhəsiz
yanaşılırdı. Amma bir il içərisində ailəsinin bütün üzvləri, demək
olar ki, ona qarşı çıxdı. Şirkətləri bir-birinin ardınca bağlandı,
bank hesabları donduruldu.
Özbəkistan Prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova,
"Atamın imicinə zərər verməyəcək bir müsahibə olacaqsa, razıyam", -
deyərək həyatı ilə bağlı "Hürriyyətə" müsahibə verib. Müsahibədən
maraqlı hissələri təqdim edirik:
- Özbəkistanda qurduğunuz media imperatorluğu təzyiqlərə
məruz qalır. Bu vəziyyətə necə düşdünüz, sizinlə ədalətli
davranıldığını düşünürsünüz?
- Əvvəlcə, bir media imperiyasına sahib olduğumu demək olmaz.
Son 3 həftədə özəl kanallar, radio və ictimai təşkilatlar üzərində
qəribə bir təzyiq yaranıb. Bəziləri bağlandı, bəzilərinin
fəaliyyəti məhdudlaşdırldı. Hər gün yeni problem çıxır. Artıq mən
kimin başına nə gəldiyini izləyə bilmirəm.
- Bəs siz?
- 12 ildir 40-a yaxın fərqli vəqf və ictimai toplum quruluşunda
işləyirəm. "Fund Forum" adı altında hamısını birləşdirmişik.
Xərçənglə mübarizədən tutmuş, qadın haqları, imkanı olmayan
uşaqlara təhsil vermək kimi bir çox sahədə işlər görürük. Büdcənin
90 faizi xeyriyyəçilərin hesabına yaradılır. Bu günə qədər şəxsi
hesablarımda, vəqflərimin büdcələrində qanunsuzluq tapılmayıb. Amma
mənə yaxın olan yardım təşkilatlarının hesabları dondurulub.
Həkimlərə zorla sənəd yazdırıb xəstələri xəstəxanalrdan
qaçırdırlar. Amma mənim səssiz qalmaq yerinə, səsimi çıxarmağım
hamını şok etdi.
- Bütün bu zəncirvari hadisələrin başı nə
idi?
- Ölkəmdə böyük dəstək görsəm də, xaricdən əleyhimə olan elə
böyük bir lobbi var ki, artıq nə eşitsəm də, təəcüblənmirəm. Son 10
ildə diqqət çəkən yaxşı işlərim olmasaydı, məni paramparça etmək
üçün üstümə bu qədər gəlməzdilər. Üstəlik, bunu edənlər maliyyə
cəhətdən çox güclüdürlər. İşin pis tərəfi bəzilərinin ailə üzvləri
olmasıdır. Yeni seçki ili - 2015-ci il yaxınlaşdıqca işlər daha da
qızışır.
- Üzərinizə gələnlər kimlərdir?
- Kimsənin duymaq, ya da söyləmək istəmədiyi şeyləri deməkdən
çəkinmirəm. Amma pul gücü, güc də pulu doğurur. Əmir dəmiri kəsir.
Bunun üçün müsahibə vermirəm. Amma sizə istisnalıq etdim. Ümid
edirəm, dediklərimi olduğu kimi yayarsınız.
Yaxın ailə dostlarımız, uşaqlıq yoldaşlarım, yüksək rütbəli
gizli xidmət əməkdaşlarından çoxunun nə işlərlə məşğul olduğunu
bilirəm. Yaxın zamanlarda hamısı təbii qaz, taxılçılıq, rabitə,
nəqliyyat, inşaat kimi sektorlarda gücləniblər. Atanmla olan
problemimizə gəldikdə, son zamanlar onunla mübahisə belə etməmişik.
Hər şey bacım Lolanın BBC-yə müsahibəsindən sonra başladı.
O müsahibəni verməyə məcbur oldu. Bir bankdan başqasına 400
milyon dollar pul köçürməyə çalışırdı. Amma sənədlərindən birində
problem olduğu üçün bunlar ortaya çıxdı. Bütün hesabları
donduruldu. Bundan sonra ana-bala özlərini təmizə çıxarmaq üçün
müsahibə verdilər. Cavabları atamın etibarını zədələyəcək formada
idi. Amma onlar öz etibarlarına önəm verdilər. "Gülnarə kimi
"rəngli" xarakterlə işimiz yoxdur" dedilər. Bununla bərabər,
mediada haqqımda inanılmaz ucuz və iyrənc iddialarla dolu məqalələr
çıxmağa başladı. Qaralama kampaniyam başladı. Atamın bilmədiyi isə
odur ki, əleyhimə olan bütün bu kampaniyanın Lolanın 3-cü əri Timur
Tillyaev və təhlükəsizlik xidmətinin bir necə şəxsinin işidir. Anam
xalam oğlu Əkbər Abdullayevin həbsindən sonra mənim əleyhimə
işləməyə başladı. Güclü lobbisi olduğu üçün ay yarımdır nə atamı
görə, nə də onunla əlaqə qura bilirəm.
- 2015-ci il seçkilərində namizəd
olacaqsınız?
- Əsla prezident olmaq kimi bir iddiam olduğunu deməmişəm.
Bununla bağlı təşvişə düşənlər üçün qəti sözümdür. Tək etmək
istədiyim şey ailəmi qorumaq və dəstəkləməkdir. Bacım kimi özümü müqəddəs
göstərmək niyyətim yoxdur. İsveçrə, Fransa kimi iş gördüyüm
ölkələrdə evlərim var. Rusiyadakı evimi yenicə satmışam. Müxtəlif
sərmayələrim də var. Mən hələ də Özbəkistandayam.
Problemləri həll etməyə, ehtiyacı olanlara kömək etməyə
çalışıram.
- Sizi civə ilə zəhərləməyə çalışdıqlarını
demişdiniz?
- 2011-ci ildə səhhətim çox pisləşdi. Keçmədiyim test qalmadı.
Ən sonunda qanımda civə, gümüş və sink kimi ağır metalların
normadan çox olduğu müəyyən edildi. Oğlum və mən zəhərlənmişdik.
Bunları mənim uydurduğumu dedilər. Amma test nəticələrini göstərə
bilərəm. Bunu kimin və necə etməsi barədə bəzi fikirlərim var. Amma
arxasında kimin dayanması barədə 100 faiz əmin deyiləm.
- "Twitter" hesabınız tez-tez açılıb-bağlanır. Dürüst
olmaq gözəldir, amma nə üçün bütün dünyanın gözü önündə ailənizlə
söz savaşına girirsiniz?
- "Twitter" mənə müstəqil və dürüst şəkildə vəziyyəti izah
etməyə imkan verir. Sadəcə, özümə deyil, ailəmə, mənimlə
çalışanlara, onların ailələrinə qarşı məsuliyyətim var. Sadəcə
Timur Tillyaev kimi haqqımda əsassız və çirkin iddialar yaynlara
qarşı özümü müdafiə etdim.
Deyildiyi kimi mən nə anamı, nə də bacımı mənə cadu etməklə
ittiham etmədim. Onlarla mübahisəmin səbəbi bir uşaq evinin
pilləkənlərində yazılan duanı anamın mühafizəçilərinə sildirməsinin
nə qədər anormal olduğunu yazmağım olub. Həyatda bəzi şeyləri seçə
bilmirik. Yaxınlarımız da bunlardan biridir. Bacım "12 ildir
görüşmürük" deyir. Amma 4 il öncə Parisdə bir yerdə necə yemək
yemişik, necə mesajlaşmışıq biz?
- Uşaqlıq və gəncliyiniz necə keçib?
- Atam prezident olanda mənim 20 yaşım var idi. Uşaqlığımı
normal keçirdiyim üçün şanslıydım. Riyaziyyat üzrə təhsil almışam.
Evlənənə qədər bacımla çox yaxın idik. Amma işin içinə pul, siyasət
və güc girəndə, hər şey dəyişir. Qısqanclıq və həsəd ailə birliyini
pozur. Atama hörmətim böyükdür. Uşaqlıda az yorulduğu üçün mənimlə
daha çox vaxt keçirirdi. Mənə yanlışı doğrudan ayırmağı
öyrədib.
- Ətir təqdimatınıza Halit Ergenci ("Möhtəşəm yüz il"
serialının baş qəhrəmanı Sultan Suleyman Qanuni), onun filmini
izləyirsiniz?
- "Möhtəşəm yüz il"i təsadüfən izləməyə başladım. Adətən belə
serialları izləməyi sevmirəm. Amma bu serialı çox bəyəndim. Siyasət
hər zaman dünyadakı ən çirkin şeydir. Hər şeyi məhv edir, zərər
verir (Anspress).