Yuxarı

Ermənilərin radikal alman partiyası ilə işbirliyi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illərdə Almaniyadan işğal altında olan torpaqlarımıza qanunsuz səfərlərin sayının artmasına töhfə verən əsas faktorlardan biri Ermənistanın bu ölkənin radikal sağçı Almaniya üçün Alternativ (AfD) partiyası ilə fəal əməkdaşlıq etməsidir.

Axar.az xəbər verir ki, 2017-ci ildən etibarən Almaniyanın Baden-Vürttemberq, Türinqen, Meklenburq-Forpommern və Brandenburq federal torpaqlarının landtaqları, eləcə də Bundestaqın və Avropa Parlamentinin AfD-çi deputatlarının sırasından işğal altında olan torpaqlarımıza bir neçə qanunsuz səfər qeydə alınıb. Bundan əlavə, Bundestaqın AfD fraksiyasının nümayəndələri 2018-ci ildə Almaniyaya səfər etmiş işğal altında olan ərazilərimizdə yaradılmış qanunsuz rejimin “parlament deputatlarını” Bundestaqda qəbul etmiş eləcə də onları Brandenburq federal torpağının Landtaqına 01.09.2019 tarixində keçirilmiş seçkilərə dəvət edib və erməni mətbuatı bunu “Artsax” nümayəndələrinin həmin seçkilərdə müşahidəçi qismində iştirakı kimi təqdim edib. (bu cür seçkilərə bir qayda olaraq xarici müşahidəçilər dəvət olunmurlar).

Qeyd olunmalıdır ki, AfD Almaniyada olduqca mənfi imicə sahibdir. Partiyanın əsas mövzuları o cümlədən Almaniyanı “islamlaşmaqdan xilas etmək”, inteqrasiya olunmayan miqrantları sıxışdırmaq, Avropa İttifaqının səlahiyyətlərini azaltmaqdan ibarətdir. AfD-ni islamafob, anti-semitist, irqçi, anti-demokratik və “BREXİT partiyası” adlandırırlar və Almaniyanın konstitusion quruluşuna zidd siyasət yürütməkdə ittiham edirlər.

Almaniyada həm federal hökumət, həm də federal torpaqların hökumətlərinin qurulması prosesində AfD ilə koalisiya qurulması və ümumiyyətlə bu partiya ilə hər hansı formada əməkdaşlıq edilməsi digər bütün siyasi qüvvələr tərəfindən birmənalı olaraq istisna edilir. Bundestaqda hər fraksiya üçün bir vitse-prezident vəzifəsi nəzərdə tutulsa da, 2017-ci ildə seçilmiş Bundestaqın cari çağırışında AfD fraksiyası bu vəzifəyə 4 müxtəlif namizədini plenar iclasda indiyədək keçirilmiş 10 səsvermədə seçdirə bilməmişdir. Almaniyanın əks-kəşfiyyat qurumu olan Federal Konstitusiyanı Müdafiə İdarəsi sağçı ekstremist mövqeyinə görə AfD-ni müşahidəyə götürmüşdür. Həmçinin Federal Konstitusiyanın Mühafizəsi İdarəsinin keçmiş direktoru Hans-Qeorq Maassen AfD rəhbərliyi ilə keçirdiyi xidməti görüşlərinə görə ictimai qınaqlara davam gətirməyərək (tabe olduğu federal daxili işlər nazirinin ciddi müqavimətinə baxmayaraq) istefa verməli olmuşdur. Avstriyada video qalmaqalı ilə hökumət böhranı yaratmış FPÖ partiyası ilə AfD-nin sıx tərəfdaşlıq etməsi və sözügedən qalmaqaldan sonra belə FPÖ-yə dəstəyini ifadə etməsi də AfD-nin mənfi imicini şərtləndirən faktlardan biridir.

AfD-çilərin sağçı populist, irqçi, anti-semitist və islamafob qüvvə olmasına dəlalət edən çoxlu sayda fakt məlumdur.

Bundestaqın hazırki çağırışında 3 komitənin (büdcə, turizm, hüquq) rəhbərliyinə AfD-çi deputatlar gəlsələr də, yaxınlarda Hüquq komitəsinin sədri Ştefan Brandner (Stephan Brandner) özünün anti-semitist və sağçı ekstremist çıxışlarına görə komitə üzvləri tərəfindən vəzifədən uzaqlaşdırılmışdır.

Bundestaqın Sosial-Demokratlar (SPD) fraksiyasının nüfuzlu deputatı Yohannes Karsın (Eyni zamanda Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədridir) Bundestaqdakı son çıxışlarından birində AfD-çiləri sərt tənqid etməsi AfD fraksiyasının üzvü Bitriks fon Ştorx (Beatrix von Storch) tərəfindən əllə başını kəsmək işarəsi ilə qarşılanmışdır (Video üçün Bax)

2019-cu ildə işğal altında olan torpaqlarımıza qanunsuz səfər etmiş Bundestaqın deputatı Ştefan Koyter (Stefan Keuter) Almaniya ictimaiyyətində nasist və anti-semitist şüarlardan həvəslə istifadə etdiyinə görə ad qazanıb (Bax).

O cümlədən onunla səfər yoldaşı olmuş Brandenburq Landtaqının deputatı Andreas Kalbits (Andreas Kalbitz) AfD-nin sağçı ekstremist qanadını təmsil edir və onun müxtəlif sağçı ekstremist və neonasist təşkilatlarla əməkdaşlıq etdiyi məlumdur (Bax).

Sağçı milliyyətçi AfD-çilər öz proqramlarını o cümlədən islamafob çalarlar üzərində qururlar. Onlar müsəlman miqrantları Almaniya və Avropa üçün təhlükə adlandırırlar və bu baxımdan norveçli terrorist Anders Breyviklə eyni fəlsəfəni bölüşürlər. AfD-çilər işğal altındakı torpaqlarımıza qanunsuz səfərlərini, eləcə də işğalçı rejimlə əlaqələrini Dağlıq Qarabağın guya xristian mədəniyyətinin tərkib hissəsi olması ilə əsaslandırmağa çalışırlar. Məsələn, Baden-Vürttemberq Landtaqının üzvü kimi hələ 2017-ci ildə Dağlıq Qarabağa qanunsuz səfər etmiş və hazırda Avropa Parlamentinin deputatı olan Lars Patrik Berq (Lars Patrick Berg) yaxınlarda Ermənistan səfəri zamanı armenpress.am saytına verdiyi müsahibəsində Dağlıq Qarabağı “xristianlığın beşiyi” və “xristian inancının qalası” adlandırır.

AfD-çilərin Azərbaycanın işğal altında olan torpaqlarına səfərləri həm də bu partiyanın təmsilçilərinin post-sovet məkanında olan digər münaqişə bölgələrinə həvəslə səfərlər etməsi kontekstində baxılmalıdır.

Maraqlı məqam həm də budur ki, ölkəmizə qarşı qərəzli mövqedə dayanan alman KİV-ləri belə Ermənistan-AfD əməkdaşlığına tənqidi mövqedən yanaşmış, o cümlədən AfD-çilərin qanunsuz səfərləri barədə Azərbaycanın maraqlarına xidmət edən xəbərlər yaymışlar. Halbuki digər hallarda alman mətbuatı işğal altında olan torpaqlarımıza qanunsuz səfərləri xüsusi şərh etmir və əksinə belə səfərlərin iştirakçılarının AR-in “arzuolunmaz şəxslər” siyahısına salınmasını “tənqidi əcnəbi səslərin” guya Azərbaycana buraxılmaması cəhdi kimi təqdim etməyə meyl göstərir. Amma AfD-çilərin beynəlxalq hüquqa hörmətsizlik etməsi, başqa ölkələrin qanunlarını pozması və onların ərazi bütövlüyünü şübhə altına alması alman mətbuatı tərəfindən həvəslə qabardılır və tənqid olunur.

AfD-nin yuxarıda qeyd edilən imicini və onun fəaliyyətinin bir qayda olaraq ictimai qınaqla qarşılaşmasını nəzərə alaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin AfD-Ermənistan əməkdaşlığı və AfD-çilərin Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz səfərləri kontekstində gündəmə gətirilməsi Azərbaycanın maraqlarına xidmət edən məqam hesab oluna bilər.

Bu baxımdan, AfD-nin sözügedən mənfi imici, xarici qüvvələrlə əməkdaşlığı və münaqişə bölgələrinə qanunsuz səfərlərdə həvəslə iştirakına dair tezislərdən istifadə etməklə, Ermənistanın bu partiya ilə yaxından əməkdaşlığının mətbuatda həm də bu ölkənin Nijde nümunəsində faşizmi qəhrəmanlaşdırması mövzusu ilə əlaqəli şəkildə geniş formada işıqlandırılmasını məqsədəuyğun hesab edirik.

Tarix
2019.12.19 / 22:52
Müəllif
Axar.az
Digər xəbərlər

Füzulidə bunun üçün ərazi müəyyən edildi - Qərar

COP29 çərçivəsində Parlament Görüşü keçirilir

Məhmədtohir Zokirzoda Azərbaycanda səfərdədir

Tənzilə Narbayeva Azərbaycana gəldi

Abxaziyada baş verənləri Tiflis təşkil edir? – Şok ssenari

Görün, Azərbaycana kimlər “petrostate” deyir…

Bayramov NATO Baş katibinin köməkçisi ilə görüşdü

Maldivlə sənəd imzalandı: Bu şəxslər vizadan azad edildi

İsrail prezidentinin Azərbaycana gələcəyi tarix açıqlandı

Tulia Ekson Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla