Xüsusi olaraq 2-ci əldən
maşın alanlar üçün
Şəhərimizdə minik maşınlarının sayı sürətlə artır.
Yollar, prospektlər bir yana, səkilər, həyətlər də maşınla dolur,
tıxaclar adi gündəlik hadisəyə çevrilir. Hətta son zamanlarda
Avro-4 standartlarının tətbiqi və yanacağın qiymətlərinin
yüksəlməsi də buna təsir etmir.
Təbiidir, minik maşınlarının sayının artması iqtisadi-sosial
inkişafla bağlı olan məsələdir. Günün reallığı isə belədir: maşını
olmayan babat maşın almaq, babat maşını olan isə satıb daha
yaxşısını almaq istəyir. Və dədə-baba "Jiquli"sinini artıq heç kim
bəyənmir.
Mən hələ şanlı "Qaz-24"ləri demirəm, rayonlarda bunların
arxasını kəsib "Pikap" düzəldir, ot, odun daşıyırlar. Hazırda babat
maşın deyəndə, hamı "Mersedes", yaxşı maşın deyəndə "Cip" başa
düşür. Bunların isə, məlum olduğu kimi, təzəsi çox bahadır. Bu da
çoxunun imkanlarına uyğun gəlmir.
Odur ki, bu çoxluq 2-ci ələ üz tutmalı, yəni işlənmiş maşın
almalı olur.
Burda əfsanələşmiş bir əhvalatı xatırlayaq: Amerikanın "Ford"
şirkəti 1903-cü ildə Henri Ford tərəfindən yaradılıb və ilk
avtomobilini də həmin ildə istehsal edib. Yeri gəlmişkən, indi
babat və yaxşı maşın istehsal edən bu şirkətin ilk avtomobilləri
bizim indiki faytonlara bənzəyirdi. Deməli, 1953-cü ildə "Ford"
şirkəti özünün 50 illiyini qeyd edir. Bu münasibətlə xeyriyyə
tədbiri keçirmək, "Ford"un ilk avtomobillərini hər yerdən yığıb
muzeyə qoymaq, sahiblərinə isə son modelləri hədiyyə etmək
istəyirlər. Eşidirlər ki, Türkiyənin hansısa ucqar şəhərində (kənd
desəm, inanmazlar) "Ford"un ilklərindən biri var. Şirkətin
nümayəndələri son modellərdən birini də götürüb Türkiyəyə gəlir.
Axtarıb türkü də, "Ford"u da tapırlar, amma bir problemlə
üzləşirlər. Türkün 50 yaşlı "Ford"unda yük maşınından tutmuş tikiş
maşınına, əl arabasına kimi, hər maşından bir ehtiyat hissəsi,
detal olur. Nümayəndə heyəti məsləhətləşir, geri aparmaq bahadır
deyə, təzə "Fordu" türkə bağışlayır, onun köhnə maşınını da
aparmır, özünə saxlayır. Qərəz, sözümün canı odur ki, hamının bəxti
bu türkünkü kimi gətirmir, köhnə maşın həmişə xeyir vermir. Həm də
atalarımızın kəlamı var ki, hər şeyin təzəsi, dostun köhnəsi.
Bir az da müasir desək, təzə "Jiquli" köhnə "Mersedes"dən
yaxşıdır.
Yeri gəlmişkən, maşın alanda, özüm də 2-ci ələ üz tutmalı, yəni
işlənmiş maşın almalı oluram.
Mən Sovet döründə Moskvada təhsil almışam. Moskva o zamanlarda
da bu qədər varlı olmasa da, elə bu qədər "böyük bazar" idi. Və o
bazarın "qızıl qaydası" vardı: xaricilərdən - polyaklardan,
özümüzünkülərdən isə gürcülərdən heç vaxt, heç nə almamaq! Yəni
bunlardan nə alsan, neçəyə alsan, uduzacaqsan. Ən yaxşı halda,
türkün köhnə "Ford"unu təzə adına sənə sırıyacaqlar, ən pis halda
isə…
Nə isə, mən bazarın "qızıl qaydası"nı bilsəm də, gürcülərdən 3
dəfə maşın almışam. Aldanmışam deməyə dilim gəlmir, amma olsun ki,
başım həm də buna görə ağarıb… Odur ki, atalar demiş, al kəndində,
sat kəndində, heç olmasa, şikayət eləməyə yerin və üzün olar…
2-ci əldən, yəni işlənmiş maşın almaq niyyətində olanlar birinci
növbədə avtomobilin kilometrajı ilə maraqlanır. Amma bu gün, demək
olar ki, bütün satıcılar kilometrajı asanlıqla geri çəkə bilir və
çəkir. Odur ki, sizə xüsusi vasitələr və ya hər hansı kömək olmadan
avtomobilin həqiqi yaşını müəyyən etməyin yolları barədə danışmaq
istəyirəm.
Söz yox ki, bazarda alıcı üçün öz xidmətlərini təklif edən,
hətta avtomobilə zəmanət talonu təşkil edən (adətən 6 aylıq)
kifayət qədər vasitəçilər var. Amma qeyd etmək lazımdır ki, 6 aylıq
zəmanət kifayət qədər az müddətdir. Ən "ölü" maşını belə çox cüzi
məsrəflə nəzərdə tutulan zəmanət müddətinə heç bir nasazlığını
göstərməyəcək bir vəziyyətə gətirmək olar. Daha sonrakı bir neçə
ayda isə avtomobil tökülür, istifadəyə yararsız hala düşür. Bu isə
xərclər, həm də böyük xərclər deməkdir.
Qeyd etmək lazımdır ki, alıcının bazarda aldadılması həmişə olub
və indi də var. Odur ki, bazara gedərkən sizi maşından yaxşı başı
çıxan dostunuzun, ya tanışınızın müşayət etməsi vacibdir. Əslində
bu, bazardan avtomobil almağın qaydasıdır. Amma avtomobil seçərkən
alıcının özünün də müəyyən qədər bilgisinin olması zəruridir. Bu
sahədə olan bilgi və təcrübə sayəsində nasaz maşınların 70 faizini
yerindəcə müəyyən etmək olur. Sadəcə hara və nəyə baxmaq lazım
olduğunu bilmək lazımdır.
Təcrübə göstərir ki, avtomobilə ilkin baxışda, elə bazardaca
onun yaşını və halını dəqiq olmasa da, təxminən təyin etmək olar.
Məsələn, avtomobilin faraları, qapılarının yerinə normal oturması
onun vurulub-vurulmadığını vizual təyin etməyə imkan verir və bu,
elə bir təcrübə tələb etmir. Amma maşını işə salıb mühərrikin
səsinə görə ona qiymət vermək üçün təcrübə gərəkdir. Avtomobilin
sürət və əyləc pedalları isə onun yaşını ələ verən
əsas amillərdəndir. Pedalın köhnəlmiş rezin üzlükləri və ya
cilalanmış metal pedal avtomobilin köhnəliyinin əlamətidir. İddia
olunun kilometrajla pedalın vəziyyəti arasında fərq varsa,
şübhələnməyə dəyər ki, avtomobilin yaşı iddia edilən rəqəmdən
çoxdur.
Diqqət yetirilməli ikinci yer avtomobildə salonunun
örtüyüdür. Təbii haldır ki, gündəlik təmizlənmə zamanı
yuyucular salon örtüyünün təmizliyinə tam diqqət yetirmirlər.
Üstəlik, uzunmüddətli istifadə nəticəsində döşəmənin örtüyünün
korlanması da qaçılmazıdır. Örtüyü dəyişmək isə satıcıya sərf
etmir, çünki bunun üçün bütün salonu dəyişmək lazım gəlir ki, bu da
çox bahadır. Belə ki, 50-100 min kilometr aralığıında salon
ortüyünün keyfiyyətini itirməsi və ya sökülməsi real deyil, amma
150-200 min kilometrdə artıq mümkündür. Deməli, maşının interyeri
aşağı səviyyədədirsə, bu, avtomobilin uzun müddətli istismarından
xəbər verir.
Növbəti baxacağınız yer sükandır. Sükanın təbii
dəridən olması alıcıya sərfəlidir. Çünki baha başa gəldiyi üçün
satıcıya onu dəyişmək sərf etmir. Amma bəzi dələduz satıcılar
bundan çəkinmir, köhnə maşını təzə qiymətlə satmaq xatirinə hətta
bahalı sükanı dəyişirlər. Bu halda isə oturacaqlar
alıcının köməyinə gəlir. Oturacaqların üzlükləri daha bir
indikatordur. Əgər, oturacaq dəri deyilsə belə, sükanın səthi ilə
eynilik təşkil etməlidir. Əgər fərq varsa, artıq sual yaranması
üçün real səbəbdir. Əgər parça üzlükdən istifadə olunubsa, material
50-100 min kilometr arasında rəngini çətin ki, dəyişsin. Bu zaman
edilməsi vacib olan şey oturacağı mümkün qədər qaldırıb rəngləri və
tikişin vəziyyətini tutuşdurmaqdır.
Qapılarda və ön paneldəki plastika növbəti
önəmli amillərdəndir. Daha dəqiq desək, onların üzərində düymə,
dəstək və digər xırda detallara diqqət yetirmək lazımdır. Hər zaman
istafadə olunan bu detalların vəziyyəti avtomobilin yaşından xəbər
verir. Belə ki, bu hissələrin orijinalını tapmaq həmişə mümkün
olmur və ucuz başa gəlmir.
Sürət qutusunun dəstəyi və onun ətəyi (əgər
varsa) də avtomobilin yaşını təyin edən vacib amillərdən biridir.
Çünki dəstəyin özü yaxşı qalsa belə, onun ətəyi köhnəlir və maşının
yaşından xəbər verir. Bir az təcrübəli alıcı maşını işə salıb
(sürət qutusu mexaniki olanda), dəstəyi sürət hədlərinə keçirməklə
də maşının vəziyyətini təyin edə bilər. Yeri gəlmişkən,
maşının açarının yerində laxlaması, mühərriki
dərhal işə salmaması, əl əyləcinin yaxşı
saxlamaması da maşının yaşından xəbər verir. İstənilən halda, yadda
saxlamaq lazımdır ki, satıcı maşının kilometrajını asanlıqla geri
çəkə bilsə də, bütünlüklə salonu və digər detalları dəyişə bilmir.
Çünki bu, maşının real qiymətindən baha başa gəlir. Əgər salon
tamamilə yenidirsə, şübhə doğurmalıdır və çox güman ki, bir neçə
avtomobilin hissələrindən yığılmışdır. Əgər kilometrajın
göstəricisilə salonun vəziyyəti eynilik təşkil edirsə, yuxarıda
göstərilən amillərə baxmağa dəyər.
Ən yaxşısı isə işlənmiş avtomobil alarkən rəsmi dilerə müraciət
etmək, yəni maşını salondan almaqdır. Salona hətta tək də getmək
olar. Orada kilometraj və sizi maraqlandıran digər məsələr barədə
düzgün məlumat verəcəklər. Eyni zamanda, avtomobilin diaqnostikası
gerçəkləşdirilir. Həm də müəyyən məbləğ qarşılığında menecer
maşının reputasiyası haqqında Avropadakı ofisə sorğu göndərə bilir.
ABŞ-dan idxal edilən avtomobillərin real kilometrajını "Carfax" və
"Autochek" (müvafiq olaraq 20 və 30 dollar qarşılığında) milli
məlumat bazaları əsasından müəyyən etmək olar.
Sonda isə (pulu ödəməzdən əvvəl) avtomobilin axtarışda
olub-olmadığını müəyyənləşdirmək üçün müvafiq DYPŞ-yə mütləq
müraciət etmək lazımdır.