Ana səhifə Planet |
"Bu, daha çox qarşıdan gələn parlament seçkiləri ilə bağlı HDP-nin mövcud durumla manipulyasiyası kimi qiymətləndirilə bilər".
Bu barədə Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu kürdlərin Papaya dəstək verməsinin arxasında dayanan səbəblərdən danışarkən bildirib. Onun sözlərinə görə, əslində, kürdlərin də belə bir addım atacağını əvvəlcədən bilmək olardı:
"Xatırlayırsınızsa, bu partiyanın həmsədri olan Səlahəddin Dəmirtaş 24 aprel 2013-cü il tarixli bəyənatında türklərin erməniləri tarixin ən böyük soyqırımına məruz qoyduqlarını və bu səbəbdən də üzr istəyib təzminat ödənməsi lazım olduğunu vurğulamışdı. Bu bəyanatdan təqribən yarım il sonra ABŞ-dakı daşnakların liderləri ilə görüşən Dəmirtaş Türkiyənin gələcəyində kürdlərlə ermənilərin əməkdaşlıq yollarını müzakirə etmişdi. Dəmirtaş keçən il namizəd olarkən də seçiləcəyi təqdirdə, saxta erməni soyqırımını tanayacağına söz vermişdi. Yenə 2014-cü ilin payızında isə həmin partiyadan digər millət vəkili Səbahət Tuncel soyqırımın tanınması üçün Türkiyə Böyük Millət Məclisinə qanun layihəsi təqdim etmişdi. Təəssüf ki, iqtidar partiyası olan AKP bütün bu olanlara bir dəfə də olsun adekvat reaksiya verməmişdi. Bəlkə də iqtidar partiyası olaraq məsələyə siyasi nöqteyi-nəzərdən daha ciddi yanaşılsaydı, bu gün qondarma 100 illik ərəfəsində, Türkiyənin öz içindən - Böyük Millət Məclisindən belə bir "çatlaq" səs çıxmazdı".
Onun sözlərinə görə, HDP-nin məqsədlərinə gəldikdə isə bunlar konkret hədəflərə köklənib:
"Bu, seçkiqabağı erməni seçicisinin və eləcə də kosmopolit radikal sol kütlənin səsini qazanmağa yönəlib. HDP eyni zamanda vaxtdan istifadə edərək, Qərbdə özü haqqında bir "demokratik və beynəlmiləlçi" imic formalaşdırmağa çalışır. Amma bütün bunlar heç bir halda onların PKK terror təşkilatının siyasi qanadı olmaları həqiqətinin üzərindən xətt çəkməyəcək. HDP eyni zamanda bu addımı ilə Cənub ŞərqiAnadoludakı kürd seçicilərində haqlı narazılığa səbəb olub. Anadoluda 19-cu əsrin sonu, 20-ci əsrin ilk illərindəki erməni üsyanları zamanı silahsız və müdafiəsiz kürd əşirətlərinin necə qatliamlara məruz qaldıqlarını, bu xalqın adi nümayəndələri Məclisdəki təmsilçilərindən fərqli olaraq yaxşı ki, unutmayıblar".
Tarix
2015.04.21 / 08:45
|
Müəllif
Aygün Yusibova
|