Ana səhifə Planet |
Əvvəlcə, Rusiya və Ukraynanın çəkdiyi bir filmdən
danışım, sonra cəbhə xəttindəki vəziyyətə keçəcəm.
"Sevastopol uğrunda döyüş" adlanan bu filmin əvvəlində top
mərmisinə bənzəyən kök bir qadının içəri girib "Başladı!" deməsi,
əslində, hər şeyin bitməsi idi. İnsanlığın ikinci plana düşdüyü
İkinci Dünya müharibəsi başlamışdı.
Qadın snayper döyüşdə qələbənin yarısı deməkdir. Buna görə də Sovet
ordusu peşəkar snayperlər hazırlamaq üçün fəaliyyətə keçir.
Yüzlərlə qadın orduya cəlb olunur. Əyilib evinin döşəməsini
silməyən ərköyün qızları birdən-birə gətirib palçığın içində
süründürürlər. Zabitlərdən biri onların şkafını axtararkən kukla və
qadın ləvazimatları tapır. Sonra əmr verir ki, əşyalar yandırılsın.
Elə həmin ocaqda da o qadınların xanımlığı yanır. Onların qadınlıq
dövrü başa çatır.
Sonralar Lyudmila Pavliçenkonun da qadınlığı çıxıb gedir və o,
müharibə ərzində 309 faşist öldürür.
Film real hadisə əsasında çəkilib. Ancaq qadın snayperlərlə bağlı
çoxlu əfsanələr dolaşır. Elə bizdə də əsgərlər arasında belə
nağıllar yayılıb. Guya erməni qadın snayperə tapşırıblar ki,
Azərbaycanın filan postundakı filan zabiti vursun. Bu vəhşi qadın
da hazırlaşıb qurbanını gözləyirmiş. Atəş açmaq istəyəndə
zabitimizin gül camalına aşiq olub, tətiyi sıxa bilməyib. Hələ gecə
ikən gəlib zabitimizin üstünə bir qızılgül, bir də güllə qoyub.
Hələ görüşüblər də, o erməni qadın zabitimizdən uşaq da doğub.
Uşağın da adını Bilqeyis qoyublar. Bax, belə bir Braziliya
serialı.
Təəssüf ki, bizim toplum hər şeyin bayağı olanına meyil edir.
Məsələn, Braziliya futbolunu örnək götürə bilərdi, ancaq gəlib
Braziliya seriallarını götürüb.
Tarixən də belə olub. Biz Gürcüstanı çaxırına, Rusiyanı qızlarına
görə tanımışıq.
Ümumiyyətlə, Battal Qazi və hind filmləri ilə böyüyən bir toplumun
belə əfsanələr uydurması təbiidir. Amma bunun ağır fəsadları olur.
Məsələn, bizim ağ atlı igidimiz belə şeylərə uyub qız tutmaq üçün
gecə vaxtı səngərdə telefonla danışır. Telefonun işığı düşmən
snayperinin hədəfinə gəlir... və PAART! Telefonun və hansısa
rayonda bir evin işığı sönür... Xəttin o biri başında qadın
qışqırığı... bu biri başında sönük xırıltı.
Əsgər məsuliyyətsizliyinə görə belə bədbəxt hadisələr baş verir.
Postlardan birində bir əsgər tərxis olunmasına bir gün qalmış
snayperlə vuruldu. Səbəb isə ağlasığmazdır. Demək, bu qardaş çıxıb
səngərin üstünə və ermənilərə tərəf qışqırıb ki, şərəfsizlər, mənə
heç nə eləyə bilmədiniz, sabah gedirəm evimə, qalın çürüyün
burda... Təəssüf, indi özü çürüyür torpağın altında. Əsgər
yoldaşları danışır ki, elə sözü ağzında qaldı, snayperlə düz
alnından vurdular. İndi qonşular anasının naləsindən yata
bilmir.
Bax, bu tip "bomba oğlan" davranışları mülki həyatdakı dağarlığın
nəticəsidir. Bunlar dünya elm nəhəngi Yaponiyanı mafiya lideri
Yaponçikin adına görə tanıyan gənclərdir.
Belələri xəstə anasına dərman almır, ancaq bir qadını soyub "içəri"
düşən dostuna "qrev" göndərir.
Bütün bunlar kütləvi savadsızlığın nəticəsidir. Məktəblərdə,
universitetlərdə məzmunsuz fənlərin əvəzinə hərbi sahədə
maarifləndirmə işləri aparılmalıdır. Əsgərə başa salmaq lazımdır
ki, hərbidən baş çıxarmaq üçün əvvəlcə başını səngərdən
çıxarmamalısan.
Bu gün dərsliklərdə işğal altında olan rayonlar haqda "Qan yaddaşı"
yazılıb. İndi belə pafos xarakterli mətnlər lüzumsuzdur. Çünki
romantika dövrü başa çatıb. Artıq Azərbaycan gənci bilməlidir ki,
Xocavəndin, Şuşanın işğal tarixini əzbərləmək vətənpərvərlik deyil.
Vətənpərvərlik sağ qalmaqdır.
Təsəvvür elə: adam gedib Qarabağda ayağının birini itirib, sən də
durub ondan Şuşanın işğal tarixini soruşursan, bilməyəndə də
torpağını sevməməkdə ittiham edirsən.
Kitablardakı o siyahının əvəzinə hərbi xidmətdə davranış
qaydaları ilə bağlı maarifləndirmə xarakterli yazılar
yerləşdirilsə, daha faydalı olar. Döyüş yeganə sahədir ki, orda
ağıldan çox insana təcrübə lazım olur. Gənclər hərbi xidmətə
gedənlərə heç vaxt düşməndən deyil, öz əsgərimizdən qorunmaq haqda
məlumat verirlər. Çünki bizim gənclik özü özünə düşmən kəsilib.
Nəsə... Bir də təəssüf ki, hər gün səhəri eyni xəbərlə
açırıq...
Tarix
2015.07.29 / 08:45
|
Müəllif
Aqşin Evrən
|