Tanınmış ayətullahın qızının İranda təqib edilən
təriqətin qadın başçısının evinə getməsi ölkədə bütpərəst sayılan
dini azlıqlarla pis rəftar olunması məsələsini yenidən gündəmə
gətirib.
İran mediasının ötən həftə verdiyi xəbərlərdə deyilir ki, keçmiş
prezident Əli Əkbər Haşimi Rəfsəncaninin qızı, 54 yaşlı Faizə
Haşimi bəhayi lideri Fariba Kamalabadi ilə çay süfrəsində
görüşüb.
Xanım Kamalabadiyə hazırda 20 illik həbs cəzasından "tətil"
verildiyi bildirilir. O, 6 başqa bəhayi lideri ilə birlikdə İsrailə
casusluq etməkdə ittiham olunaraq məhkum edilib.
Amerika Birləşmiş Ştatları bu həbsi pisləmiş, bəhayi
liderlərinin və İranda dini baxışlarına görə həbs edilmiş
başqalarının azad edilməsinə çağırıb.
Atasını hirsləndirib
Mühafizəkar İran ədliyyəsinin nümayəndəsi Qulamhüseyin
Möhsün-Ejeyi bu görüşü abırsızlıq və rəzillik adlandırıb. O,
müxbirlərə deyib ki, xanım Haşimini məhkəməyə verməyə
hazırlaşır.
Xanım Haşimi və Kamalabadi 2013-cü ildə həbsxana kamerasında
tanış olublar. O zaman xanım Haşimi sistem əleyhinə təbliğat
aparmaqda ittiham edilərək 6 aylıq həbs cəzasına məhkum
olunmuşdu.
Faizə Haşimi həmin vaxtdan əvvəl bəhailər haqqında heç bir
məlumata malik olmadığını deyib:
"İslam Respublikasının məni həbsxanaya salması onları tanımağıma
imkan verdi və mənim həyatımda yeni bir pəncərə açdı".
"Nyu York Tayms" qəzeti yazır ki, xanım Haşimi İranın tanınmış
fəallarındandır və çox vaxt qüdrətli ailəsi onu himayə edir. Bir
vaxtlar millət vəkili olan xanım Haşimi 2000-ci ildə İranda
qadınlar üçün ilk qəzetin nəşrinə başlayıb.
O, həmçinin "qeyri-islami" hərəkət edərək İranfa ilk dəfə açıq
şəkildə velosiped sürən qadın olub.
Lakin bəhayilərlə görüş elə bir fırtına yaradıb ki, hətta cənab
Rəfsəncaninin özü də qızını sərt tənqid edib. O, Fars xəbər
agentliyinə bəhayilərin kafir olduqlarını deyib.
"O, səhv addım atıb və öz hərəkətindən xəcalət çəkməlidir", –
ata deyib.
Həbsxana tanışlığı
Lakin başqa ruhanilər bundan da sərt bəyanatlar verirlər. Onlar
deyirlər ki, psixoloq Kamalabadi ilə görüşü cinayət əməli saymaq
lazımdır. Dini etika sahəsində alim Mahdi Təbatabayi, xanım
Haşimidən xalqdan üzr istəməsini tələb edib.
İran Ədliyyəsinin rəhbəri ayətullah Sadiq Laricani isə deyib ki,
xanım Haşimiyə qarşı milli təhlükəsizliyə hədə maddəsi ilə cinayət
işi qaldırılmalıdır.
Lakin xanım Haşimi "Avronyus"a müsahibəsində deyib ki, qətiyyən
peşman deyil və nə isə yanlış bir addım atdığını düşünmür.
O, deyib ki, İranda təkcə bəhayilərə yox, bir çoxlarına qarşı
pis rəftar edilir. "Biz rəftarımıza kənardan baxmalıyıq", – xanım
Haşimi deyib.
Lakin hətta ruhanilərin arasından da bəziləri xanım Haşiminin
müdafiəsinə qalxıblar.
Qum şəhərindən islahatçı din xadimi Fazil Meybodi deyib ki,
onlar həbsxanada tanış olublar və əlbəttə ki, dost da ola bilərlər.
O, əlavə edib ki, heç də bütün islam alimləri bəhayiləri napak
saymırlar.
"Bu, sadəcə iki insanın görüşüdür. Nə baş verib ki?" – sual edib
ruhani.
Məhəmməddən sonra
İranda dözümlülük göstərilən və hətta parlamentdə nümayəndələri
olan yəhudilər, xristianlar və zərdüştilərdən fərqli olaraq
bəhayilər 1979-cu il inqilabından bəri təqib olunublar. Onların
Məhəmməddən sonra başqa bir peyğəmbərin gələcəyinə inamı şiə
ruhanilərə görə böyük küfrdür.
"Nyu York Tayms" yazır ki, bütün dünyada 300 min bəhayi var.
Onların baş qərargahının İsrailin Hayfa şəhərində olması İran
hakimiyyətini daha da qəzəbli edib.
Yarımhərbi Bəsic hərəkatının başçısı briqada generalı Məhəmməd
Rza Nağdi deyib ki, bəhayiləri dəstəkləmək sionistləri dəstəkləməyə
bərabərdir.
Məqalədə deyilir ki, bəhayilər napak sayıldığından onların ali
təhsil almalarına və ya dövlət qulluğunda çalışmalarına icazə
verilmir.
Lakin indi İranda bir çox mütərəqqi insanlar bəhayilərə qarşı
təqibləri pisləyirlər.
Tehran Universitetinin professoru Sadiq Zibakəlam deyib ki,
bəhayiləri qeyri-müsəlman olduqlarına görə həbsxanaya atmaq
qanunsuzdur:
"Məgər Məhəmməd peyğəmbər deyib ki, müsəlman olmayanların hamısı
həbs edilməlidir?".
Azadlıq radiosu