"Həkim səhlənkarlığının qurbanlarına qanun nə mənəvi, nə
maddi təzminat nəzərdə tutur".
Müalicəsi üçün gənclərin vəsait toplayıb Türkiyəyə göndərdiyi 17
yaşlı Nərmin Hüseynlinin ölüm xəbəri Azərbaycan səhiyyəsinin bərbad
vəziyyətini sübut etməyə kifayət etdi. Səhv diaqnoz nəticəsində
qalxanvari vəzidən əməliyyat olunan Nərminin xərçəng xəstəliyinə
tutulmasını ancaq İran həkimləri müəyyən edə bildi. Həkim
səhlənkarlığının nə ilk, nə də sonuncu qurbanı olan N. Hüseynli bu
gün dəfn edilsə də, onun ölümündə əli olanlardan kiminsə
məsuliyyətə cəlb ediləcəyi inandırıcı görünmür. Həkim
səhlənkarlığının qurbanı olan 17 yaşlı gənc qıza və ailəsinə qanun
heç bir maddi, mənəvi təzminat nəzərdə tutmur.
"Axar.az"a
danışan hüquqşünas Müzəffər Baxışov Azərbaycanda ümumiyyətlə belə
bir təcrübənin olmadığını deyir: "Konstitusiyada da həkim
səhlənkarlığının qurbanı olan insanlara hansısa təzminat, mənəvi və
ya maddi yardım nəzərdə tutacaq maddə yoxdur. Belə hallarda dövlət
ancaq ölən şəxsin dəfn xərclərini qarşılayır. Ancaq bu da bəzi
hallarda mümkündür. Əgər ailə sübut etsə ki, həqiqətən də ölən və
ya şikəst qalan şəxs həkim səhlənkarlığının qurbanıdır, bu halda
həkimi məhkəməyə verə, təzminat tələb edə bilər. Ancaq digər
hallarda qanunla zərərçəkən ailəyə heç bir maddi və ya mənəvi
təzminat nəzərdə tutulmur. Yalnız konstitusiyanın 142-ci maddəsinə
görə, həkim xəstəyə yardım etməkdən imtina etdiyi təqdirdə
cəzalandırıla bilər".
Beynəlxalq təcrübədən danışan hüquqşünas deyir ki, Avropada
dövlət zərərçəkən ailənin istənilən halda bütün hüquqlarını
qorumağı öhdəsinə götürür: "Pasiyent həkimin müalicə, müayinəsindən
narazı olduğu halda belə, onu məhkəməyə verə bilər. Hətta
beynəlxalq təcrübəyə görə, həkim cinayət məsuliyyətinə də cəlb
edilə bilər. Bizdə hələ ki, belə bir praktika yoxdur. Vətəndaş
həkim məsuliyyətsizliyinin qurbanı olduğunu sübut edə bilmir. Subut
etsə belə, çox az həkim cəzalandırılır. Halbuki bu tip faktlar
çoxdur".
Cərimə artırmaq yox, peşə fəaliyyətinə son
qoyulmalıdır
Tibb
elmləri doktoru Adil Qeybulla deyir ki, bu tip ölüm hallarında
tibbi-ekspertiza ən doğru yoldur. O, hesab edir ki,
təqsirləndirilən həkimin peşə fəaliyyətinə son qoyulmalıdır:
"Nərminin acı taleyi ilə mən də bir həkim kimi maraqlandım. Xanımın
vəziyyətinin pis olduğu ortada idi. Belə hallarda xəstənin yaşama
şansı çox azdır. Əlbəttə, əgər Nərminin bu vəziyyətə düşməsində
həkim səhlənkarlığı sübut edilərsə, mən də həkimlərin
cəzalandırılmasının tərəfdarıyam. Belə hallarda tibbi-ekspertiza
təmin edilməlidir. Araşadırma aparılmalıdır. Peşəkar ekspertlər bu
işlə məşğul olmalıdır. Ancaq bizdə tibbi-ekspertizadan öncə hüquq
mühafizə orqanlarına müraciət edirlər. Ekspertiza o qənaətə gəlsə
ki, şəxs həqiqətən də həkim səhlənkarlığının qurbanı olub, bu halda
həmin həkim cəzalanmalıdır. Belə həkimlərə cinayət işi açmaqla
məsələ həll olunmur. Ümumiyyətlə, həkimin peşə fəaliyytinə son
qoyulmalıdır. Həkim kimi fəaliyyəti qadağan edilməlidir".
A.Qeybulla deyir ki, Avropa ölkələrində dövlət savadına,
qabiliyyətinə etibar etdiyi həkimlərə tibb diplomu verir:
"Almaniyada tibb təhsili olan birinə diplom verilirsə, həmin həkim
10-15 il müddətində dövlət tərəfindən ona verilən diplom sayəsində
fəaliyyət göstərə bilər. Bu diplom dövlətin həkimə verdiyi
etibarnamədir. Almaniyada istənilən xəstənin müalicəsi kliniki
protokollarla həyata keçirilir. Əgər müayinə zamanı əlavə xəstəlik,
narahatçılıq ortaya çıxırsa həkim xəstəni lazımi yerə yönləndirir.
Səhv diaqnoz qoyan həkim buna məhkəmə qarşısında cavab verməli
olur. Azərbaycanda baş verən bu tip problemlərin qarşısını
həkimlərə sərt cəzalar verməklə həll etməyə çalışırlar. Milli
Məclis hər dəfə cəzaları sərtləşdirir, cərimə artırır. Bu, həll
yolu deyil. Tibbi təhsili çox aşağı olan, bəzən hətta bu haqda
anlayışı olmayan insanlara tibb işçisi işləməyə imkan vermək olmaz.
Buna nəzarət etmək lazımdır".
Mənə Bakıda diaqnoz qoya bilmədilər
Bir neçə
il öncə xərçəng xəstəliyindən əməliyyat olunan əməkdar artist Kübra
Əliyeva onun taleyini yaşayan Nərminin ölümündə həkimləri
günahlandıra bilmədiyini deyir: "Mən indi həkimlərin sayəsində ayaq
üstəyəm. Heç vaxt ağlıma gəlməzdi ki, Onkoloji mərkəzə müayinəyə
gedim. Mənim də xəstəliyimi 2 ildən sonra müəyyən etdilər. Həkimə
uzun müddətli boğaz ağrısı, öskürək şikayətilə getmişdim.
Bakıda diaqnoz qoya bilmədilər mənə, problemimin nədən
ibarət olduğunu tapa bilmədilər. Türkiyəyə getdim. Orada
öyrəndim ki, sol süd vəzimdə xərçəng var. Ancaq müalicəmi,
əməliyyatımı öz ölkəmizdə keçirdim. Türkiyədə olduqca güclü və
peşəkar həkimlər var, ancaq bizdəki kimi müasir tələblərə uyğun
aparatları yoxdur. Mən demirəm bizim həkimlərdə günah yoxdur. O
qədər bisavad həkimlər var ki. Ancaq Nərminin ailəsinə demək
istəyirəm ki, bu taleh alın yazısıdır. Bunu silmək mümkün deyil.
Onlar da ilk dəfədən düzgün həkimin yanına getməyiblər. Ona görə
düzgün diaqnoz qoyulmayıb, əməliyyatlar da nəticə verməyib.
Qeyd edək ki, N. Hüseynli ötən ilin aprelində boğazının şişməsi
səbəbilə Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində müraciət edib.
Müayinə zamanı ona zob diaqnozu qoyulub və dərhal əməliyyat olunub.
Əməliyyatdan sonra N. Hüseynlinin vəziyyəti ağırlaşıb. Növbəti
müalicə üçün Təbrizə yollanan Nərminə diaqnozun əvvəlcədən səhv
qoyulduğu və onun xəçəng xəstəliyindən əziyyət çəkdiyi məlum olub.
N.Hüseynlinin həyatını xilas etmək üçün gənclər Bakı şəhərində
geniş xeyriyyə kampaniyası keçirmişdi. Və onun müalicəsi üçün tələb
olunan 150 min manatın böyük bir hissəsi toplanmışdı. Əldə edilən
məbləığlə Türkiyəyə yola salınan 17 yaşlı gəncin ölümündən iki gün
əvvəl beyin qanaması keçirdiyini və bunun qarşısının alındığını
bildirmişdilər. Bütün cəhdlərə baxmayaraq, dünən İstanbul Memorial
Klinikasından N. Hüseynlinin ölüm xəbəri gəldi.
Allah rəhmət eləsin!