"Qeysəriyyə əməliyyatı ən
çox 30 dəqiqə, doğuş isə 10-12 saat davam edən prosesdir. Həkimlər
də işini tez bitirmək üçün xəstəyə qeysəriyyə əməliyyatını məsləhət
görür".
Bu sözləri Axar.az-a mama-ginekoloq Rena Həsənəliyeva son günlər
qeysəriyyə əməliyyatı nəticəsində ana ölümlərinin daha da
kütləviləşməsinin səbəblərindən danışarkən bildirib.
Mama-ginekoloq qeysəriyyə əməliyyatı zamanı daha çox ölüm
faktının baş verməsini bir neçə səbəblə izah edib. Həkim vurğulayıb
ki, bu cür ölüm halları daha çox bölgə xəstəxanalarında baş
verir:
"Qeysəriyyə əməliyyatları zamanı ölüm hallarına əsas səbəb
düzgün anesteziya verilməməsidir. Şəhər xəstəxanalarında adətən
beldən verilən narkozla əməliyyatlar edilir ki, bu zaman ana oyaq
olur. Sadəcə, əməliyyat aparılan hissə narkoz altında olur. Bu,
təhlükəli bir şey deyil. Rayon xəstəxanalarında isə əsasən ümumi
narkozdan istifadə edilir. Belə olduğu halda düzgün anesteziya
getmədiyi üçün xəstə narkozdan ayılmır".
Həkim qeyd edib ki, əməliyyat zamanı güclü qanaxma da yaranır və
bu da ölümlə nəticələnir:
"Əməliyyatdan sonra uşaqlıq yığılmaya və ya qan laxtalanmaya
bilər. Burada günah həkimdədir ki, əvvəlcədən xəstəni yoxlamayıb.
Həkim əməliyyatdan öncə bütün bu kimi hallara hazır olmalıdır. Son
vaxtlar isə ölümlər əsasən daxili qanaxmalar nəticəsində baş verir.
Həkim düzgün tikişlər qoymayanda daxili qansızma gedir və ölüm halı
baş verir. Əməliyyatdan bir neçə gün sonra ölüm halları da yaşanır
ki, buna səbəb qarın boşluğuna yığılan qan və ya qarın boşluğuna
düşən infeksiyadır. İstənilən halda həkim hər duruma hazır və
ehtiyatlı olmalıdır".
Həkimin sözlərinə görə, ölüm halları heç də həmişə həkimlərin
səhlənkarlığı üzündən baş vermir:
"Trombo-emboliya , yəni əməliyyatdan bir neçə saat sonra baş
verən qanaxma olur ki, bu, təkcə qeysəriyyə əməliyyatında deyil,
bütün əməliyyatlarda baş verə bilər. Bunu həkim səhlənkarlığı
adlandırmaq olmaz. Ümumiyyətlə, hamiləlik dövründə ananın müayinəsi
düzgün getməli, onun bütün problemləri araşdırılmalıdır ki, doğuş
və ya qeysəriyyə əməliyyatı zamanı bu cür hallar baş verməsin. Belə
olduğu halda təkcə əməliyyatı aparan həkim deyil, hamiləlik
dövründə ananın müayinəsini aparan ginekoloq da günahkardır".
Mama-ginekoloq R.Həsənəliyevanın sözlərinə görə, həkimlərin
qeysəriyyə əməliyyatını daha çox məsləhət görməsi pul ilə əlaqədar
deyil:
"Özəl klinikalarda konkret məbləğ var. Əksinə, özəl klinikada
təbii doğuş həkimə daha sərfəlidir, nəinki əməliyyat. Dövlət
xəstəxanalarında isə əksinədir. Ancaq bir başqa məsələ də var.
Qeysəriyyə əməliyyatı ən çox 30 dəqiqə davam edir. Doğuş isə 10-12
saat çəkən prosesdir. Həkimlər də işini tez bitirmək üçün xəstəyə
qeysəriyyə əməliyyatını məsləhət görür. Əlbəttə, həkimin insafından
da asılıdır. Heç bir normal ginekoloq xəstəni qeysəriyyə
əməliyyatına salmaz. O əməliyyatın öz göstəriciləri var. Hər hamilə
qadını qeysəriyyə əməliyyatına götürmək doğru deyil".
Həkim bildirib ki, təbii doğuşun azalmasına səbəb həm də gənc
anaların özləridir:
"Bu gün gənc anaların əksəriyyəti özü əməliyyata girmək istəyir.
Ağrıdan, uzunmüddətli sancılardan qorxduqları üçün əməliyyata can
atırlar. Düzdür, yaxşı həkim ona bunun sonrakı fəsadlarını, qadın
sağlamlığı üçün təbii doğuşun daha yaxşı olduğunu, qorxu ilə
əməliyyata girmənin də riskliliyini başa salmalıdır. Ancaq
istənilən halda həkim həm təbii doğuş prosesini, həm də qeysəriyyə
əməliyyatını bilməlidir ki, çətin anda problem baş verməsin".
Qeyd edək ki, son 3 ildə 70 ana ölümü qeydə alınıb. Rəsmi
statistikaya görə, ötən il (12 ay ərzində) respublikada 22 ana
ölümü baş verib.