Bu gün Nəsimi Rayon Məhkəməsində BSU-nun dekanı,
tənqidçi Elnarə Tofiqqızının (Niftəliyevanın) ölüm işi ilə bağlı
növbəti proses keçirilib.
Bu barədə Axar.az-a zərərçəkən Anar Niftəliyevin hüquqi
nümayəndəsi Səməd Vəkilov məlumat verib. Məhkəmə prosesindən
danışan S.Vəkilov qeyd edib ki, proses mart ayının 3-nə təxirə
salınıb:
"Ötən məhkəmə iclasında şahid Fərəculla İdrisovun dindirilməsi
zamanı açıqlamaları proses iştirakçılarının hamısının diqqətini
cəlb etmişdi. O, ifadəsi zamanı özünü təkzib edən, bir-birini
tutmayan şahid ifadələri vermişdi. Məlum oldu ki, o, ibtidai
istintaq zamanı məsuliyyətdən necə yayınıbsa, şahid ifadələri verən
zaman da bu formada məsuliyyətdən yayınmağa çalışır. Məhkəmə
iştirakçıları və hakim o qərara gəldi ki, Fərəculla İdrisovun
ittiham aktında verdiyin ifadələrlə məhkəmə istintaqı zamanı
verdiyi ifadələr eyniyyət təşkil etmədiyi üçün zərərçəkən Anar
Niftəliyev Fərəculla İdrisovla məhkəmədə üzləşsinlər. Ancaq
Fərəculla İdrisov heç bir səbəb olmadan bugünkü prosesə
gəlmədi".
S.Vəkilov qeyd edib ki, məhkəmənin qərarı ilə Fərəculla İdrisov
növbəti prosesə məcburi şəkildə gətiriləcək:
"Qeyd edim ki, bundan öncə də Fərəculla İdrisov iki məhkəmə
iclasına gəlməyib və bircə dəfə qatıldığı prosesdə də məhkəməyə
hörmətsizlik edib. Mən zərərçəkən tərəfin nümayəndəsi kimi vəsatət
qaldırdım ki, Fərəculla İdrisovun məhkəmə prosesinə hörmətsizliyini
nəzərə alaraq, onun məhkəmə prosesinə məcburi gətirilməsi haqqında
qərar qəbul edilsin. Bütün proses iştirakçıları da bunu yekdilliklə
dəstəklədi. Məhkəmə prosesinə qarşı bu cür hörmətsizlik
qəbuledilməzdir. Bu səbəbdən hakim də bizim vəsatətimizi təmin etdi
və Fərəculla İdrisovun məhkəməyə məcburi gətirilməsi haqqında qərar
verdi".
Növbəti məhkəmə prosesi martın 3-də keçiriləcək.
Xatırladaq ki, mərhum E.Tofiqqızı 2013-cü il sentyabrın 20-də
"Medi Sina" klinikasında süd vəzi kanalının popilloması əməliyyatı
zamanı həkim səhlənkarlığından dünyasını dəyişib. Sentyabrın 25-də
Nəsimi Rayon Prokurorluğunda fakt üzrə cinayət işi başlanılıb.
Aprelin 10-da isə iş Nəsimi Prokurorluğundan alınaraq, Bakı Şəhər
Prokurorluğuna, müstəntiq Vaqif Süleymanovun icraatına verilib.
Hazırda iş Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın
icraatındadır. Nəsimi Rayon Məhkəməsində yalnız həkimlərdən biri -
anestezioloq Firuz İbrahimov CM-in 124.1 (ehtiyatsızlıqdan adam
öldürmə) və 320.1 (hüquqi sənədləri bilə-bilə saxtalaşdırma)
maddələri ilə ittiham olunur. Prokurorluq onkoloq Mahir Məmmədov və
assistent Fərəcullah İdrisovun əməllərində vergidən yayınma və
dələduzluğa cəhd faktları aşkarladığından, araşdırılması üçün
materiallar müvafiq olaraq Vergilər Nazirliyinin İstintaq İdarəsinə
və Nəsimi Rayon Polis İdarəsinə göndərilib.
Nəsimi Rayon Polis İdarəsi dələduzluğa cəhd maddəsi ilə cinayət
işi açmaqdan imtina etdiyi üçün hazırda zərərçəkən tərəf Nəsimi
Rayon Prokurorluğuna şikayət verib.