Ana səhifə Sağlıq |
Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələblər 2015-ci il iyunun 1-dən qüvvəyə minir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə
görə, səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə keçirilən
geniş kollegiya iclasında nazirliyin Tibbi Yardımın Təşkili
şöbəsinin müdiri Gülmirzə Poladov bildirib ki, Nazirlər Kabinetinin
qərarına uyğun olaraq sağlam ailənin formalaşması üçün şəraitin
yaradılması, irsi xəstəliklə, xüsusən diyar xəstəliyi olan
tallasemiya və anadangəlmə inkişaf qüsuru ilə uşaqların
doğulmasının qarşısının alınması məqsədi ilə Azərbaycan
Respublikasının Ailə Məcəlləsinin 13-cü maddəsinə əsasən, nazirlik
tərəfindən hazırlanmış "Nikaha daxil olmaq istəyən şəxslərin tibbi
müayinədən keçməli olduğu xəstəliklərin Siyahısı", "Nikaha daxil
olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası" və "Nikaha
daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq
edən arayışın forması" təsdiq edilib. Qaydaya uyğun olaraq tibbi
müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya
onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən
müəyyən edilmiş dövlət tibb müəssisəsində həyata keçiriləcək. Belə
ki, nikaha daxil olmaq istəyən şəxslərin hər biri Talassemiya, QİÇS
və sifilisə görə tibbi müayinədən keçməlidirlər.
Şöbə müdiri vurğulayıb ki, nikaha daxil olmaq istəyən şəxslərin
tibbi müayinəsinin nəticələri həkim sirridir. Ona görə də tibbi
müayinədən sonra nikaha daxil olmaq istəyən şəxslərə müayinənin
nəticəsi barədə ayrı-ayrılıqda məlumat verilir və onlara
tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması üzrə
məsləhətlər verilir. G.Poladov qeyd edib ki, qaydalara əsasən,
nikaha daxil olmaq istəyən tərəf tibbi müayinənin nəticəsi barədə
digər tərəfi məlumatlandırır və yalnız yazılı razılıqlarına əsasən
cütlüyə birlikdə həkim məsləhəti verilə bilər. Tibbi müayinənin
nəticələri nikaha daxil olmaq istəyən şəxslərə yazılı formada
təqdim edilməklə rəsmiləşdirilir. Tibbi müayinənin keçirilməsinə,
habelə məsləhətlərin verilməsinə və qeydiyyatın aparılmasına
nəzarət tibb müəssisəsinin bilavasitə rəhbəri tərəfindən həyata
keçirilməlidir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin
verilməsi pulsuz aparılır. Nikaha daxil olmaq istəyən şəxslərə
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinə təqdim
edilməsi üçün tibbi müayinədən keçdiklərini təsdiq edən arayış
verilir. Arayışda müayinənin nəticələri əks olunmur.
Qeyd olunub ki, arayış tibb müəssisəsinin rəhbəri və tibbi müayinənin aparılmasına məsul həkim tərəfindən imzalanır və müəssisənin möhürü ilə təsdiq edilir. Tibbi arayış nikaha daxil olmaq istəyən şəxslərin tibb müəssisəsinə müraciət etdiyi gündən sonra iki həftədən gec olmayaraq verilməlidir və veriləcək tibbi arayışın etibarlılıq müddəti bir aydır.
G.Poladov əlavə edib ki, qarşıda qoyulan bu mühüm və dövlət əhəmiyyətli vəzifənin yerinə yetirilməsi üçün Səhiyyə Nazirliyi tərəfindən ciddi hazırlıq işləri aparılıb. Belə ki, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin həyata keçirilməsinə cəlb edilən səhiyyə müəssisələri və onların vəzifələri müəyyən edilib. Bu tədbirləri Azərbaycan Respublikasının regionlarında Mərkəzi Rayon Xəstəxanaların və ya Şəhər Xəstəxanalarının, Şəhər Səhiyyə Şöbələrinin əvvəlcədən müəyyən edilmiş tibb müəssisələri, Bakı şəhərində hər inzibati rayonda təyin olunmuş poliklinikalar, Hematologiya və Transfuziologiya İnstitutu, Mərkəzi Qan Bankı və onun şəhər (rayon) bölmələri, Respublika Perinatal Mərkəzi həyata keçirəcəklər. Proqrama cəlb olunan bütün rayon və şəhər səhiyyə müəssisələri yerlərdə skrininq aparılması üçün hematoloji analizator, reaktivlər və müvafiq ləvazimatlarla təmin olunublar. Götürülmüş qan nümunələrinin Bakı şəhərinə çatdırılması üçün Xüsusi Qan Xidməti avtomobilləri ayrılıb və marşrutları müəyyən edilib. Eyni zamanda Hematologiya İnstitutunda talassemiyanın profilaktikası şöbəsi yaradılıb. Şöbə talassemiyanın təsdiqedici müayinələrin keçirilməsi üçün müasir standartlara uyqun bütün lazımı laborator avadanlıq və kadrlarla təmin olunub. Səhiyyə Nazırliyinin 77 nömrəli əmrinə uyğun olaraq Rayon Mərkəzi Xəstəxanaları və şəhər səhiyyə idarələrinin müəyyən olunmuş tibb müəssisələrində hematoloji kabinetlər yaradılıb.
Tarix
2015.05.29 / 19:33
|
Müəllif
Axar.az
|