Bu düşüncədən xilas ola bilməyən insan sonra intihar
edir.
Bu sözləri psixoloq Elnur Rüstəmov son zamanlarda intihar
hallarının artması ilə bağlı Axar.az-a danışarkən deyib.
Psixoloqun sözlərinə görə,
intihar hadisələrinin əvvəlki zamanlara nisbətən indi daha fərqli
səbəbləri var:
"Son zamanlar görürük ki, intihar hadisələri fərqli səbəblərdən
baş verir. Yəni əvvəl oxşar problemlər ucbatından, zərərli
vərdişlərə görə intihar edənlər çox idi. Ancaq indi görürük ki,
intihar yeniyetmələr arasında da baş verir. Bəzən uşaq intiharı,
yaxud problemi olmayan insanın intiharı ilə rastlaşırıq. Əslində,
problemin olmaması üzdə olan bir şeydir.
İntihardan sonra adətən belə danışıqlar gedir: yeniyetmə
vəfatından öncə necə insan idi: sakit təbiətliydi, dərslərini yaxşı
oxuyurdu və sairə. Məsələ burasındadır ki, insan birdən-birə
intihar etmir. İnsanda intihar fikirləri olur. Bu düşüncədən xilas
ola bilməyən insan sonra intihar edir.
İnsanın qapalı olmasını, ünsiyyətdən qaçmasını, narahatlığını
ətraf görür. Zamanında tədbir görmək lazımdır. Bizim insanlar bu
prosesə biganə yanaşırlar. Fiziki bir narahatlıq yoxdursa, heç yeri
ağrımırsa, qərara gəlirlər ki, deməli, bu adam "xəstə" deyil.
Psixoloji narahatlıq arxa planda qalır. Ancaq dünyanın inkişaf etdiyi bir vaxtda
psixoloji narahatlıq fiziki narahatlıqdan daha öndədir. Adamlar,
dolayısıyla, psixoloji sağlamlığının qeydinə fiziki sağlamlıqdan
daha çox qalmalıdırlar. Çünki bir çox fiziki problemlərin –
onkoloji, ürək-damar, diabet və s.– yaranmasında təkanverici faktor
stress, psixoloji gərginlikdir.
Ona görə də hər bir insan öz psixoloji sağlamlığının qeydinə
qalmalıdır. Ətrafdakı insanlar
birinin özünə qapalı, halsız, ünsiyyətdən qaçan olduğunu görəndə bu
zaman tədbir görməlidir, bir mütəxəssisə müraciət
olunmalıdır. Xüsusən
yeniyetmələrin valideynləri diqqətli olmalı, uşaqlarının psixoloji
vəziyyəti ilə maraqlanmalıdır.
Bu gün biz informasiya əsrində yaşayırıq. İnsanlar ifrat
informasiya ilə yüklənir. Bu da dolayısıyla narahatlıq, gərginlik
və s. psixoloji gərginliklərə yol açır. Təsəvvür edin ki, səhər
yuxudan oyanan kimi telefona baxırıq, nələrin baş verdiyi ilə
maraqlanırıq. Gecə yatanda belə dünyada nə baş verdiyi haqda
informasiyalarla yüklənib sonra yatırıq. Az qala bütün sutkanı,
yuxu vaxtını çıxmaq şərti ilə, informasiya alırıq. Aldığımız
informasiyanın isə əksəriyyəti lazımsız informasiyadır. Bu da
insanın ruh halına, psixoloji durumuna çox böyük təsir
göstərir.
Ümumiyyətlə, hər bir insan psixoloji sağlamlığının qeydinə
qalmalıdır. Bu, heç də fiziki sağlamlıqdan az əhəmiyyət kəsb
etmir".
Qeyd edək ki, son zamanlar baş verən müəmmalı, səbəbsiz
intiharlar cəmiyyətdə böyük narahatlıq doğurur.