11:50
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura bərpa və iqtisadi inkişaf layihələri ilə tanışlıq məqsədilə növbəti səfəri başlayıb.
Axar.az xəbər verir ki, bu gün Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Şərqi Zəngəzur və Qarabağa səfəri başlayıb.
Səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatı təmsil edən 150-dən artıq səfir, diplomat, hərbi attaşe və digər nümayəndə iştirak edir.
Səfər Xankəndi şəhərini, Xocalı, Şuşa və Laçın rayonlarını əhatə etməklə iki gün davam edəcək.
İştirakçılar səfər müddətində bölgədə aparılan yenidənqurma və bərpa işlərini yerində izləyəcək, həmçinin sosial və iqtisadi əhəmiyyətli obyektlərlə tanış olacaqlar.
***
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri mayın 1-də Xocalıya səfər ediblər. Nümayəndə heyətinə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəhbərlik edir. Qonaqları Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov qarşılayıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qonaqlar əvvəlcə Xocalı şəhərində yerləşən Xocalı Soyqırımı Memorial kompleksini ziyarət ediblər.
E. Yusubov qonaqlara Memorial kompleksin tikintisi, aparılan abadlıq və quruculuq işləri haqqında informasiyaları təqdim edib, eyni zamanda xarici diplomatlara 1992-ci ildə ermənilər tərəfindən həyata keçirilmiş işğalçılıq siyasəti və Xocalı qətliamı barədə də ətraflı məlumat verilib. Sonra qonaqlara azad edilmiş ərazilərdə infrastrukturun bərpası, yaşayış məntəqələrinin yenidən qurulması və əhalinin doğma torpaqlarına qayıdışını təmin edən Böyük Qayıdış proqramının icrası barədə geniş məlumat verilib.
***
Qarabağda səfərdə olan diplomatik korpusun nümayəndələri Xankəndi şəhərində salınmış Zəfər Parkında olublar.
Bildirilib ki, nümayəndə heyətinə Xankəndi şəhərində 9 hektarlıq ərazidə salınan və Azərbaycanın tarixi qələbəsini əks etdirən Zəfər Parkı, 44 günlük müharibəni simvolizə edən 44 metr hündürlükdə Zəfər Tağı haqqında məlumat verilib.
Nümayəndə heyəti parkda quraşdırılmış lövhələr üzərində müharibənin gedişi barədə məlumatlar, o cümlədən azad olunmuş yaşayış məntəqələrinin adları, eyni zamanda, 2023-cü ildə keçirilmiş antiterror əməliyyatının nəticələrini əks etdirən məlumatlarla tanış olublar.
Qeyd edək ki, səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatı təmsil edən 150-dən artıq səfir, diplomat, hərbi attaşe və digər nümayəndə iştirak edir. İki gün davam edəcək səfər zamanı qonaqlar Xankəndi şəhərində, Xocalı, Şuşa və Laçın rayonlarında olacaq, bölgədə aparılan yenidənqurma və bərpa işlərini yerində izləyəcək, həmçinin sosial və iqtisadi əhəmiyyətli obyektlərlə tanış olacaqlar.