Yuxarı

Prezident və xanımı Cəbrayılda - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident və xanımı Cəbrayılda - Video

14:25

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak ediblər.

Axar.az xəbər verir ki, dövlət başçısı və birinci xanım 360 şagird yerlik məktəb binasında və kənddə inşa edilmiş fərdi evlərdə yaradılmış şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər.

Prezident İlham Əliyev sakinlərə evlərin açarlarını təqdim edib.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar.

Daha sonra dövlətimizin başçısı Cəbrayıl rayonunun Soltanlı kəndində "AzərEnerji" ASC-nin 330 kV-luq "Şəfəq" yarımstansiyasının açılışında iştirak edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak ediblər.

Dövlətimizin başçısı əvvəlcə kənddə inşa edilmiş 360 şagird yerlik məktəb binasının açılışını edib.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Şükürbəyli kəndində görülmüş işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdilər.

Bildirildi ki, Şükürbəyli Cəbrayıl rayonunun eyniadlı inzibati ərazi dairəsində, rayon mərkəzindən 18 kilometr cənub-şərqdə, düzənlik ərazidə yerləşir.

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğaldan əvvəl kənddə məktəb, klub, kitabxana və xəstəxana fəaliyyət göstərib, əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq və baramaçılıqla məşğul olub. Kənd 2020-ci ildə Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Prezident İlham Əliyev 2023-cü ildə kəndin təməlini qoyub.

Sonra elm və təhsil naziri Emin Əmrullayev məktəbdə yaradılmış şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Diqqətə çatdırıldı ki, işğaldan azad edilmiş digər ərazilərimizdə istifadəyə verilən yeni məktəblərdə olduğu kimi, bu təhsil müəssisəsində də müəllim və şagirdlər üçün hərtərəfli şərait yaradılıb. Məktəbdə tədrisin yüksək səviyyədə aparılması üçün zəruri fənn kabinetləri, həmçinin fizika, kimya, biologiya laboratoriyaları, informatika, texnologiya, ibtidai hərbi hazırlıq sinifləri var. Bundan başqa, məktəbdə kitabxana, akt və idman zalları, yeməkxana müəllim və şagirdlərin ixtiyarına verilib. Ərazidə, eyni zamanda, futbol və basketbol meydançaları da yaradılıb.

Qeyd edək ki, müasir təhsil ocaqlarının qurulması işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin mühüm tərkib hissəsidir. Ən yüksək standartlara cavab verən təhsil müəssisələri yeni texnologiyalarla, zəruri maddi-texniki baza ilə təchiz olunur.

***

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şükürbəyli kəndində inşa edilmiş fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar.

Dövlətimizin başçısına və birinci xanıma kənddə görülmüş işlər barədə məlumat verildi.

Bildirildi ki, Şükürbəyliyə rayonun Şıxalıağalı, Dəjəl kəndlərinin və Mahmudlu qəsəbəsinin sakinləri də daxil olmaqla, ümumilikdə 2522 nəfərin (615 ailə) köçürülməsi nəzərdə tutulur. İlkin mərhələdə 635 fərdi ev istifadəyə verilib. Onlardan 615-i sakinlər, 20-si isə xidməti istifadə üçündür. Evlər 2, 3, 4 və 5 otaqlıdır.

Kənddə sakinlərin rahat yaşaması və sosial məsələlərin həlli üçün bir sıra işlər görülüb. Burada hər biri 80 yerlik olmaqla 2 körpələr evi-uşaq bağçası, həkim məntəqəsi, musiqi məktəbi, klub-icma mərkəzi və yerli icra strukturları üçün inzibati bina tikilib.

Şükürbəyli kəndində 35/10 kV-luq elektrik yarımstansiyası inşa edilib, elektrik enerjisi, təbii qaz, içməli su, rabitə, həmçinin internet və “İP TV” şəbəkələri yaradılıb, yollar asfaltlanıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar.

Səhiyyə naziri Teymur Musayev dövlətimizin başçısına və birinci xanıma görülmüş və nəzərdə tutulan işlər barədə məlumat verdi.

Qeyd edək ki, bu xəstəxana binasının təməli Prezident İlham Əliyev tərəfindən 2021-ci ildə qoyulub. Ərazisi 5 hektara yaxındır. Xəstəxanada terapiya, cərrahiyyə, pediatriya, doğum, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək. Bundan başqa, poliklinika, şüa-diaqnostika, funksional-diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, klinik diaqnostika laboratoriyası yaradılacaq. Hazırda əsas bina ilə yanaşı, yoluxucu xəstəliklər, hemodializ və poliklinika korpusları, təcili tibbi yardım stansiyası, həmçinin Cəbrayıl Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin və digər binaların inşası davam etdirilir.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da Cəbrayıl rayonunun Soltanlı kəndində “AzərEnerji” ASC-nin 330 kV-luq “Şəfəq” yarımstansiyasının açılışında iştirak edib.

“AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayev dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verdi.

Diqqətə çatdırılıb ki, işğaldan azad edilmiş ərazilərdə ilk sənaye miqyaslı Günəş elektrik stansiyası və ən böyük, birbaşa xarici investisiya layihəsi olaraq bp şirkəti tərəfindən Cəbrayılda tikilən 240 meqavatlıq “Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə inteqrasiyası üçün Azərbaycan dövləti tərəfindən irihəcmli işlər həyata keçirilib.

Bu çərçivədə “AzərEnerji” tərəfindən Cəbrayılda 330 kV-luq rəqəmsal yarımstansiya tikilib və bu yarımstansiyanı ölkənin enerji şəbəkəsinə qoşmaq üçün “Cəbrayıl” Enerji Qovşağına 7,5 kilometr uzunluğunda 330 kV-luq ikidövrəli yüksəkgərginlikli ötürmə xətti çəkilib. Bu infrastruktur yaşıl enerjinin ölkə üzrə hərəkətini təmin edən strateji bir körpüdür.

Yarımstansiya müasir rəqəmsal sistemlər, açıq və qapalı, həmçinin idarəetmə qurğuları, Rəqəmsal İdarəetmə Mərkəzi ilə təchiz edilib. Mərkəzdə məsafədən idarəetməni təmin edən mikro-SCADA dispetçer sistemi qurulub, mərkəzi SCADA sisteminə inteqrasiya olunub.

Yarımstansiyada çalışan işçi heyət əsasən yeni məskunlaşmış yerli əhali arasından seçilib və onlar müvafiq təlimlərdən sonra işə cəlb ediliblər.

Qeyd edək ki, Azərbaycan Prezidentinin “Böyük Qayıdış” strategiyasına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə “AzərEnerji” tərəfindən tikilən bütün enerji obyektlərində yerli kadrların işlə təmin olunmasına xüsusi önəm verilir.

“Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə inteqrasiyası üçün həyata keçirilən layihənin əsas məqsədi dövlət və özəl sektor əməkdaşlığını gücləndirmək, karbon emissiyalarını azaltmaq, təbii qaza qənaət etmək, yaşıl enerjinin payını artırmaq və enerji təhlükəsizliyini daha da möhkəmləndirməkdir.

Bu irihəcmli yaşıl enerjinin ötürülməsi layihəsi paralel şəkildə davam etdirilib. Belə ki, Səngəçal Terminalının yaşıl enerji ilə təchizatı məqsədilə yeni 220 kilovoltluq yarımstansiya tikilib və işlər artıq yekunlaşıb. Bu yenilik nəticəsində terminalda qazla işləyən elektrik stansiyası dayandırılacaq və Cəbrayılda Günəşdən əldə olunan enerji ümumi enerjisistemə, oradan isə balanslaşdırılmış şəkildə həm də Səngəçal terminalına yönləndiriləcək. Səngəçal terminalında təbii qazla işləyən 140 MVt gücündə modul tipli elektrik stansiyasının fəaliyyəti dayandırılmaqla, terminalın illik tələbatının 500 milyon kVts-nın bərpaolunan enerji hesabına qarşılanması ilə illik 120-150 milyon kubmetrdən artıq təbii qaza qənaət ediləcək. Bu da bp şirkətinin Xəzər regionunda əməliyyat tullantılarının CO2 emissiyasının illik 260-330 min ton azaldılmasına töhfə verəcək.

Dövlətimizin başçısına son dövrlərdə yaşıl enerji ilə ənənəvi enerjinin paralel inkişafı barədə də məlumat verildi.

Bildirildi ki, enerji sisteminin rəqəmsal əsasda modernləşdirilməsi konkret nəticələr verməyə başlayıb. Bu dinamika xüsusilə bolsulu, günəşli və küləkli günlərin səmərəli olduğu aprel və may aylarında daha aydın hiss edilib. Belə ki, müxtəlif günlərin müəyyən saatlarında ölkə üzrə elektrik enerjisi istehlakının 36-41 faizi məhz yaşıl enerji hesabına təmin olunub.

Məsələn, aprelin 20-də ümumilikdə 64,4 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bunun da 36,5 faizi bərpaolunan mənbələrin payına düşüb. Həmin enerjinin 15,9 milyon kilovat-saatı isə işğaldan azad edilmiş ərazilər də daxil olmaqla, su elektrik stansiyalarında, 7,6 milyon kilovat-saatı isə Günəş və külək stansiyalarında istehsal olunub. İcra edilmiş tədbirlər hesabına enerjisistemdə bəzi saatlarda yaşıl enerjinin payı 41 faizə çatır.

Tarix
2026.05.09 / 17:43
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Zoran Milanoviçi təbrik etdi

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

Azərbaycanın inkişaf tempi məni heyran edib... - Babiş

Pezeşkian iclas keçirdi: Azərbaycanla bağlı tapşırıq...

Bu halda İcəvanın yarısını itirəcəkdik

Azərbaycana qarşı hər hansı təxribatlar olarsa... - Deputat

Azərbaycandan Ermənistana buğda və gübrə göndərildi

İrakli Kobaxidze İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla