Ana səhifə Siyasət |
Biz Ermənistanın yeni rəhbərliyinin sağlam məntiqinə müəyyən ümidlər bəsləyirik.
Axar.az xəbər verir ki, bunu “Kommersant” qəzetinə müsahibəsində Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.
“Əlbəttə, biz Azərbaycanda qonşu ölkənin yeni rəhbərliyinin sağlam məntiqinə, onların Azərbaycanla münasibətləri həll etmədən, genişmiqyaslı regional əməkdaşlığa inteqrasiya etmədən Ermənistanı aqressiya və işğal siyasəti ilə öz-özünü saldığı dalandan çıxarmağın mümkünsüzlüyünü anlamasına müəyyən ümidlər bəsləyirik. Öz tərəfimizdən biz müəyyən fasilə vermişdik ki, Ermənistanın yeni siyasi rəhbərliyi danışıqlar prosesinin detalları ilə tanış olsun. Bu keçid mərhələsi bitib, danışıqlar iki ölkənin liderləri, eləcə də xarici işlər nazirləri səviyyəsində yenilənib. Belə ki, bu il ərzində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə mən artıq iki dəfə erməni həmkarımla – yanvarda Parisdə və apreldə Rusiya Xarici İşlər naziri Sergey Lavrovun iştirakı ilə üçtərəfli formatda Moskvada görüşmüşəm. Dialoq mövcud formatda gedir ki, bu da müəyyən optimizmə ilhamlandırır”, – deyə o bildirib.
Məmmədyarov danışıqlar prosesi çərçivəsində Ermənistan tərəfindən görüşlərə paralel olaraq tez-tez bütün siyasi həll konstruksiyasını kölgəyə atan bəyanatların səsləndirildiyini və bunun narahatlıq yaratdığını deyib.
Nazir məcburi köçkünləri geri dönməsi, eləcə də torpaqların Azərbaycana qaytarılması təmin edilmədən iki ölkə arasında qarşılıqlı inamın bərpasının qeyri-mümkün olduğunu qeyd edib. Danışıqlar prosesində etibarın bərpa edilməsinə yönələn istənilən cəhdin real addımlarla möhkəmləndirilməyəcəyi halda uğursuzluğa düçar olacağını söyləyib.
Məmmədyarov həmçinin İrəvanın Qarabağın adından heç bir qərar vermək səlahiyyətinin olmamasıyla bağlı Ermənistan tərəfinin tez-tez səsləndirdiyi fikirə də münasibətini bildirib:
“Siz İrəvandan Ermənistan Respublikasının ali siyasi rəhbərliyinin bəzi nümayəndələrinin oğullarının harada hərbi xidmət keçdiklərini soruşmusunuzmu? Bu ölkənin baş naziri və indiki prezidenti tez-tez hara gedirlər? Hansı vergi ödəyicilərinin hesabına sizin qeyd etdiyiniz marionetik qurumun büdcəsinin əsas hissəsi formalaşdırılır?”
O, hazırkı formatın 1992-ci il martın 24-də ATƏT Nazirlər Şurasının qərarı ilə təsdiq edildiyini qeyd edib:
“Reallıq budur. Yerdə qalanlar ya fərziyyə, ya da həll prosesini düşünülmüş bəhanələrlə uzatmaq cəhdləridir”.
Elmar Məmmədyarov Paşinyanın danışıqlar prosesini uzatmaq və ya sonlandırmaq fikrin olmadığını deməsinə də aydınlıq gətirib. O, bu cür yanaşmanın Azərbaycan tərəfindən dəstəkləndiyini deyib:
“Azərbaycan konfliktin tezliklə həllində maraqlı olan tərəfdir. İndiyə qədər biz onun həllinin məhz danışıqlar yoluyla olacağına ümid bəsləməyə davam edirik. Düşünürəm ki, erməni tərəfi də bunda maraqlı olmalıdır”.
Tarix
2019.05.27 / 12:34
|
Müəllif
İlkin Həsənov
|