Ana səhifə Siyasət |
Qüdsdə Rusiya, ABŞ və İsrail təhlükəsizlik şuralarının rəhbərlərinin görüşü başlayıb. Nikolay Patruşev, Con Bolton və Meir Ben-Şabbat İran qüvvələrinin Suriyadan çıxarılması və ABŞ-la İran arasında Oman körfəzində tankerlərə görə müharibənin qarşısının alınması ilə bağlı razılığa gələ biləcəklərmi?
Məsələ ilə bağlı Axar.az-a danışan “Çarqrad” telekanalının siyasi şərhçisi Kamran Həsənov bildirib ki, hələ bir ay əvvəl İsrail KİV-də üçtərəfli görüş barədə məlumatlar yayılanda ekspertlər bunu İrana qarşı yönəlmiş “feyk” adlandırdılar:
“Belə ki, danışıqlar Rusiyanın İsrail və ABŞ-la “razılaşması” kimi təqdim olunurdu – İran qüvvələri Suriyadan çıxarılır, əvəzində isə Qərb Bəşər Əsədi tanıyır. Belə bir seçim mübadiləsinin müzakirə olunacağı dəqiq məlum deyil. Lakin görüşün baş tutması faktı müəyyən fərziyyələrin yaranmasına əsas verir.
Bütün tərəflərin təsdiqlədiyi rəsmi məlumata görə, hər üç ölkə Yaxın Şərqdə təhlükəsizliklə bağlı vəziyyətdən narahatdır.
Lakin hər bir iştirakçının regionda sabitliyin pozulmasında günahkar kimin olması barədə müxtəlif izahı var. ABŞ və İsraildə problemin kökünü İranda, onun genişlənən təsiri və ballistik raket hazırlamasında görürlər”.
Ekspert qeyd edib ki, Ağ Evdəki mənbə Qərb mətbuatına açıqlamasında İranı zərərsizləşdirməklə bağlı plandan bəhs edib:
“Mənbə deyir ki, danışıqların məqsədi bir yerdə işləyərək, Yaxın Şərqdəki əsas qıcıqlandırıcıdan – İran İslam Respublikasından necə qurtulmağı müəyyən etməkdir.
Bolton və Ben-Şabbatı ilk növbədə İran hərbçilərinin Suriyada olmaları maraqlandırır. Bir il əvvəl Moskvanın iştirakı ilə İran qoşunlarını İsraildən təhlükəsiz məsafəyə - Qolan təpələrindən 80 km aralıya uzaqlaşdırmaq mümkün oldu. İndi Vaşinqton və Təl-Əviv iranlıların Suriyadan tamamilə çıxarılmasını tələb edirlər.
Bütün oyunçular üçün ikinci ən vacib məqam Fars körfəzindəki vəziyyətdir. May və iyunun ortalarında BƏƏ və İran sularında dörd tanker hücuma məruz qalıb. Hər bir hücumda ərəblər Tehranı günahlandırdılar. Ötən həftə isə iranlılar öz ərazilərində ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurdular və bu da aranı qarışdırdı. Donald Tramp əvvəlcə İranı zərbə ilə hədələdi, lakin sonradan bəyan etdi ki, vurulan PUA hərbi əməliyyat üçün əsas deyil.
Gərginliyin azalmasına baxmayaraq, müharibə təhlükəsi yüksək olaraq qalır. ABŞ Yaxın Şərqə 1500 hərbi qulluqçu və başda “Avraam Linkoln” və “Petriot” hava hücumundan müdafiə sistemləri olmaqla aviasiya qrupu göndərdi”.
Ekspert vurğulayıb ki, Bolton və bir müddət əvvəl Yaxın Şərq səfərindən qayıdan Dövlət katibi Mayk Pompeo İranda rejimin devrilməsinin və hərbi cavabın əsas tərəfdarlarıdır:
“Oman körfəzində baş verən insidentlərlə əlaqədar ABŞ-la İran arasında baş verəcək müharibə təhlükəsindən Vladimir Putin də danışıb. O deyib ki, münaqişə zorakılığın və regionda qaçqınların sayının artmasına səbəb ola bilər. Həmçinin savaşın ABŞ üçün pis nəticələnəcəyini də əlavə edib.
Yeri gəlmişkən, amerikalı konspiroloq Cey MakKenzi hesab edir ki, Tramp Putinin bu çıxışından sonra İranı bombardman etməkdən imtina edib.
Danışıqlardan əvvəl Nikolay Patruşev izah etdi ki, Rusiya, ABŞ və İsrailin maraqları “müxtəlif istiqamətdədir” və Moskvanın məqsədi İran maraqlarını İsrail və ABŞ tərəfinə çatdırmaqdır.
Belə vəziyyətdə çətin ki, Patruşev və Bolton İranın Suriyadakı iştirakı ilə bağlı məsələdə razılığa gəlsinlər. ABŞ-a İranın Suriyanı tərk etməsi lazım olduğu kimi, Rusiyaya da onların qalması vacibdir. İslam İnqilabı Keşikçiləri Korpusunun dəstəyi olmadan Rusiya Hava-Kosmik Qüvvələri və Bəşər Əsədə İdlibin Dəməşqin nəzarətinə qaytarılması və ABŞ-ın Suriyanın şimal-şərqini işğal etməsinin dayandırılması çox çətin olacaq.
Buna görə də Bolton İranın Suriyadan çıxması məsələsini qaldıranda Patruşev “şaybanı qaytarıb” soruşa bilər: Bəs siz nə vaxt getməyə hazırlaşırsınız?
Moskva üçün Oman və Fars körfəzlərində gərginliyin azaldılması daha prioritet məsələdir. Rusiya Yaxın Şərqdə İran, İsrail, Səudiyyə Ərəbistanı və digər dövlətlərin iştirakı ilə kollektiv təhlükəsizlik sisteminin yaradılmasına təşəbbüs göstərə bilər. Əgər amerikalılar bu təklifi rədd etsələr, rəsmi olaraq regionda müharibəni dəstəkləmələrinə imza atacaqlar”.
Tarix
2019.06.25 / 15:51
|
Müəllif
Əli, Seymur
|