Axar.az
Yuxarı

Azərbaycan nümayəndə heyəti Nikolun bəyanatını rədd etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının BMT-dəki Daimi Nümayəndəliyinin müşaviri Tofiq Musayev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi siyasi debatlarında bəyanatla çıxış edərək Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan münaqişəsi və Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionu barədə bəyanatına cavab verib.

Axar.az xəbər verir ki, T.Musayev əvvəlcə bəzi məlum faktları xatırladıb. Hamıya yaxşı məlum olduğu kimi, 1990-cı illərin əvvəlində Ermənistan Azərbaycan ərazilərini işğal etmək məqsədilə çoxdan hazırlanmış planını həyata keçirmək üçün Azərbaycana qarşı hərbi qüvvə tətbiq edib. Erməni təcavüzü nəticəsində Azərbaycan ərazisinin xeyli hissəsi, o cümlədən Dağlıq Qarabağ, ona bitişik 7 rayon və bəzi eksklavlar Ermənistan tərəfindən işğal edilib və hələ də işğal altındadır. Müharibə on minlərlə insanın həyatına son qoyub, Azərbaycanda mülki infrastrukturun və əmlakın ciddi dağıntılarına səbəb olub. İşğal edilmiş ərazilərdə bütün azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb, bir milyondan çox azərbaycanlı həmin ərazilərdəki doğma yurdlarını tərk etməyə məcbur olub.

Ermənistanın öz qeyri-qanuni iddialarını və əməllərini təyini-müqəddərat barədə spekulyasiyalarla maskalamaq cəhdləri tamamilə əsassızdır və bu iddialarla Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində və ATƏM-in 1975-ci il Helsinki Yekun Aktında və digər müvafiq beynəlxalq sənədlərdə təsbit olunmuş prinsiplər arasında heç bir ümumi cəhət yoxdur.

Beynəlxalq vasitəçilər münaqişənin nizamlanması prosesi barədə bəyanatlarında konkret olaraq Helsinki Yekun Aktına istinad edirlər. Bu sənədə əsasən iştirakçı dövlətlər, o cümlədən Ermənistan “bütün hallarda Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərinə, beynəlxalq hüququn müvafiq normalarına, o cümlədən dövlətlərin ərazi bütövlüyünə dair normalara uyğun olaraq xalqların bərabər hüquqlarına və öz müqəddəratını təyin etmək hüququna hörmət etməlidirlər”.

Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin müşaviri sözünə davam edərək bildirib ki, təyini-müqəddərat barədə iddialar beynəlxalq hüququn, o cümlədən dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşı güc tətbiq etməklə hədələməni və ya güc tətbiq olunmasını qadağan edən imperativ normaların (jus cogens) pozulması ilə müşayiət olunursa, bu iddialar qəbuledilməzdir.

Ermənistan iddia edir ki, Dağlıq Qarabağın belə adlandırılan “hakimiyyət orqanları” danışıqlarda iştirak etməlidirlər. Bu iddianın heç bir əsası yoxdur. Ermənistan bütün azərbaycanlıları Dağlıq Qarabağ regionundan qovandan sonra orada regionun hakimiyyət orqanları kimi yaratdığı oyuncaq etnik rejimin tətbiq olunması üçün səylərini əsirgəmir. Lakin, ATƏT özünün müvafiq sənədlərində və qərarlarında etiraf edir ki, Azərbaycanın bu regionunun əhalisi iki bərabərhüquqlu icmadan, konkret olaraq azərbaycanlı və erməni icmalarından ibarətdir. Bu və ya hər hansı digər sənədlərin və qərarların heç birində erməni icması “seçilmiş hakimiyyət” adlanmır.

Son iki ildə biz Ermənistan rəhbərliyinin sülh prosesini pozmaq, o cümlədən danışıqların formatını dəyişmək cəhdlərinin şahidləri olmuşuq. Bu səbəbdən ATƏT-in Minsk qrupunun həmsədrləri 2019-cu il martın 9-da bəyanatla çıxış edərək, danışıqların formatının birtərəfli qaydada dəyişdirilməsi tələblərindən çəkinməyə çağırıblar.

Azərbaycanlı diplomat daha sonra vurğulayıb ki, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində qurulmuş oyuncaq rejimin qanunsuz olması beynəlxalq səviyyədə dəfələrlə bəyan edilib; Ermənistanın rəhbərliyi və nəzarəti altında olan bu rejim nəticə etibarilə azərbaycanlılara qarşı irqi, etnik və dini motivlər əsasında törədilmiş təcavüz, etnik təmizləmə və digər cinayətlərin nəticəsindən başqa bir şey deyil.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə yekdilliklə qəbul edilmiş 822, 853, 874 və 884 nömrəli qətnamələrində nəinki uydurma “Dağlıq Qarabağ xalqı” və onun “təyini-müqəddərat hüququ”nun adı çəkilməyib, həm də Azərbaycana qarşı güc tətbiq edilməsi və onun ərazilərinin işğal olunması pislənilib, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, onun beynəlxalq sərhədlərin toxunulmazlığına hörmət etməyin vacibliyi, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması təsdiqlənib, işğalçı qüvvələrin Azərbaycanın işğal altında olan bütün ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edilib. Digər beynəlxalq təşkilatların qəbul etdiyi, dünya birliyinin vahid mövqeyini ifadə edən çoxsaylı sənədlər də bu ruhda tərtib olunub.

Təəccüblü deyil ki, Ermənistanın hakimiyyət orqanları münaqişənin nizamlanmasının hüquqi və siyasi əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və digər müvafiq beynəlxalq sənədlərin adını çəkməkdən çəkinirlər. Aşkardır ki, Ermənistanın hakimiyyət orqanlarının münaqişəni yalnız sülh yolu ilə nizamlanmasına sadiq olması barədə bəyanatları Yerevanın dəqiq müəyyən edilmiş ilhaqçı məqsədlərini maskalamaq üçün boş ritorikadan, gözdən pərdə asmaqdan başqa bir şey deyil. Ermənistan Azərbaycan ərazilərinin işğal edilməsi üçün hərbi qüvvə tətbiq etməklə əslində sülhün alternativinin mövcud olmasına özünün qəti inamını nümayiş etdirib.

2020-ci ilin iyulunda Ermənistan silahlı qüvvələri beynəlxalq hüququ kobud şəkildə pozaraq artilleriya və minomyotlardan istifadə etməklə, Azərbaycanın əhalisi sıx olan rayonlarını bilavasitə hədəfə alaraq hücuma başlayıblar. Nəticədə Azərbaycanın 76 yaşlı dinc sakini, Azərbaycan Silahlı Qüvvələrinin 12 zabiti və əsgəri həlak olub, çoxsaylı insanlar yaralanıb, bu rayondakı mülki obyektlərə ciddi ziyan vurulub.

Ermənistanın Azərbaycana qarşı silahlı təxribat həyata keçirməsinə hətta COVID-19 pandemiyasının dağıdıcı təsiri də mane olmayıb. Tamamilə aşkardır ki, Ermənistanın BMT Baş katibinin qlobal atəşkəs barədə çağırışını dəstəkləməsi və bu çağırışa sadiq olması barədə bəyanatları ağ yalandır. Şübhə yoxdur ki, Ermənistanın məqsədi insanların həyatını xilas etmək və onların iztirablarını yüngülləşdirmək deyil, özünün təcavüz və ilhaq siyasətini genişləndirmək və möhkəmlətməkdir.

T.Musayev qeyd edib ki, Ermənistanın Azərbaycanda mülki şəxslərə hücumlarının və yaşayış məntəqələrini bombardman etməsinin siyahısına nəzər salsaq, onun Azərbaycanda mülki infrastruktura qarşı güc tətbiq etmək barədə daimi hədələrini nəzərə alsaq, onun ehtimal edilən “nüvə terrorizmi” barədə təhdidləri xüsusilə təəccüb doğurur. Azərbaycan öz silahlı qüvvələrinin heç vaxt mülki obyektlərə hücum etməyi planlaşdırmadığını və beynəlxalq humanitar hüququ normalarına ciddi riayət etdiyini müvafiq səviyyədə dəqiq bəyan edib. Ermənistandan fərqli olaraq Azərbaycan yalnız Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq adət hüququna müvafiq olaraq özünümüdafiə hüququ çərçivəsində hərəkət edir.

İnsan haqları və demokratiya məsələsinə gəldikdə isə, Ermənistanın hakimiyyət orqanları başqa ölkələri ittiham etməkdən əvvəl özünə diqqətlə baxmalıdır. Həqiqətən, Ermənistanda bir-birini əvəz etmiş hökumətlər, o cümlədən indiki hökumət də zorakı yolla hakimiyyətə gəlib və öz siyasi opponentlərinə qarşı mübarizənin ən qəddar metodlarından istifadə edib. Müxalifətin boğulması, siyasi motivlər əsasında qətllər, KİV azadlığının məhdudlaşdırılması, məhkəmə sisteminə müdaxilə, Azərbaycana və digər qonşu ölkələrə nifrət və etnik uyuşmazlıq barədə odioz ideyaların açıq təbliği – bugünkü Ermənistandakı acı reallıq belədir.

Ermənistan əvvəlki kimi, yenə də regional və beynəlxalq sülhə, təhlükəsizliyə və sabitliyə ciddi təhdid mənbəyidir. Buna görə, beynəlxalq birlik tərəfindən təxirəsalınmaz tədbirlər görülməlidir.

T.Musayev çıxışının sonunda qeyd edib ki, möhkəm sülhün təməli və məqsədi işğalçı erməni qüvvələrinin Dağlıq Qarabağ regionundan və Azərbaycanın işğal altında olan digər ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasının təmin edilməsi, Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpa olunması, məcburi köçkünlərin öz yurdlarına qayıtmasıdır. Bu hədəfə çatmaq kompromis deyil, zərurətdir.

Tarix
2020.09.26 / 15:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazirlərin həmsədrlərlə Cenevrədə görüşü... - Zaxarova

Mnatsakanyan Cenevrəyə gedir: Bayramovla görüş...

Ceyhun Bayramov Çavuşoğlunu təbrik etdi

Azərbaycan Ordusu dağıdır, ümid etməyin... - Nakalyan

İrəvan qorxuda: Ordumuzun Ermənistana girməməsi üçün... - Video

Bunun üçün Bakının razılığı olmalıdır - Bayramov

İlham Əliyev 2 sərəncam, 3 fərman imzaladı

Prezident azad edilmiş ərazilərlə bağlı fərman imzaladı

Sahibə Qafarova türkiyəli həmkarını təbrik etdi

Putindən Qarabağ açıqlaması: Türkiyə...

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla